Manatın kəskin bahalaşması bizə nə verdi?

Nazim Bəydəmirli: “Manatın məzənnəsi stabilləşməlidir ki, ərzaqların qiymətləri də sabitləşsin”

Rəsmi məzənnəyə görə bir həftəyə manat dollara nisbətdə 1,92 AZN-dən 1,73 AZN-ə enib. Banklarda isə dolların məzənnəsi 1,68-1,70 AZN civarındadır. Bu gün ərzində də dolların ucuzlaşacağı gözlənilir. Ancaq maraqlısı ondadır ki, dolların bir neçə gün ərzində qəfil ucuzlaşması ərzaq məhsullarının qiymətinə təsir etməyib. Əldə etdiyimiz məlumata görə, mağazalarda heç bir ərzaq məhsulunun qiyməti ucuzlaşmayıb. Əksinə, bəzi məhsulların qiymətində cüzi bahalaşma müşahidə olunur. Mağazalara mal tədarük edən şirkətlər qiymətlərin dəyişməməsini dolların əvvəlki məzənnəsi ilə əlaqələndirirlər. Yəni, bir müddət öncə xarici ölkələrdən baha dollarla alınan məhsulları aşağı qiymətə satmaq firmalara maddi ziyan vurur. Məhz buna görə qiymətlərdə azalma müşahidə edilimir.

Dollar bahalaşanda qiymətləri kəllə-çarxa qaldıran firmalar dollar ucuzlaşanda müxtəlif arqumentlər gətirərək özlərini təmizə çıxarır. Müşahidələrimizə görə, ərzaq məhsullarının qiyməti dollar bahalaşmayacağı təqdirdə yaxın ən tez 10 gündə endirilə bilər (baku.ws).
Sosial şəbəkə istifadəçiləri də bu ziddiyyətdən təəccüb və narazılıqlarını ifadə edirlər. Belə ki, ətin, yağın və digər ərzaq məhsullarının hər gün əz 10 qəpik, 20 qəpik bahalaşması sıravi vətəndaşların ailə büdcəsinə ciddi təsir göstərir. Bu barədə LEGİON-a danışan iqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli hesab edir ki, manatın məzənnəsindəki dəyişiklik qəfildən olduğuna görə, yerli bazar buna hazır deyildi.

“Sahibkarların çoxu ərzağı xaricdən köhnə kursla dollar ödəyib alıblar. Bəzi müqavilələr hətta qabaqcadan bağlanıb. Ona görə də, manatın məzənnəsində sabitləşməni gözləmək lazımdır. Digər tərəfdən, bu dəyişikliyin təbii olduğunu da düşünmürəm. Manatın məzənnəsi stabilləşməlidir. Mərkəzi Bank yeni məzənnə elan edib, lakin ölkə iqtisadiyyatında ümumi mənzərə ziddiyyətli olaraq qalır. Bəzi dövlət qurumları, xüsusən də Dövlət Gömrük Komitəsi öz fəaliyyətini qabartmaq üçün bəzi rəqəmləri şişirdir. Lakin hər kəs bilir ki, bir çox malların gömrük bəyannaməsində qeyd olunan “invoice” rəqəmləri real rəqəmlər deyil. Digər tərəfdən, idxalda monopoliya da qalmaqdadır və bu, iqtisadiyyatın dirçəlməsinə imkan vermir”, – deyə N.Bəydəmirli qeyd edib.
Onun sözlərinə görə, bəzi sahibkarlar bahalaşmadan sui-istifadə edərək, yerli məhsulların da qiymətini qaldırır. “Bu isə yolverilməzdir. Əgər bir məhsulu xaricdən dollar verib gətirmirlərsə, hər gün daha çox bahalaşdırmağa nə ehtiyac var? Əhalinin sosial vəziyyətini də nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, bəzi məmurlar və işbazlar bu məqamlara diqqət yetirmirlər”, – deyə iqtisadçı alim vurğuladı.

O, əlavə edib ki, manatın məzənnəsinə dair proqnoz verməkdə çətinlik çəkir: “Manat hansı şərtlərə əsasən bahalaşır, hansı şərtlərlə ucuzlaşır, müəyyən etmək olmur. Hazırda ölkəyə valyuta daxil olmasında da elə bir ciddi kəsir nəzərə çarpmır. Lakin onu deyə bilərəm ki, manatın məzənnəsi stabilləşməlidir. Yalnız bundan sonra, ərzaq qiymətlərində də stabilləşməni müşahidə edə bilərik”.

Rüfət Əhmədzadə

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR