Sələmçilər ölkə iqtisadiyyatına zərbə vurur, hüquq mühafizə orqanları isə… – TƏHLİL

Vətəndaşları müflisləşdirməklə, dövlətin dayaqlarını sarsıdan bu şəxslər barəsinə ölçü götürüləcəkmi?

Xəbər verdiyimiz kimi, fevralın 16-da saat 15:00-da Qafqaz Xəbər Media Mərkəzində sələmçi Fatma Yolçiyeva tərəfindən əmlakı mənimsənilən Sudef Məcidovun mətbuat konfransı olacaq.
S.Məcidov bu barədə bildirib:”Belə ki, 200 min manat sələm üçün “girov müqaviləsi” adı ilə məni aldadaraq, 1,5 milyon manat dəyərində əmlakımı ələ keçirən Fatma Yolçiyeva mənim bundan əvvəl mətbuata etdiyim müraciətlərə görə də, müəyyən hüquq mühafizə orqanlarına pul verdiyini, özümü isə tezliklə “tutduracağını” deyir.
Mən yaxın illərə qədər Hüseynbala Əliyev 15 ünvanında qanuni sahibkarlıqla məşğul olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma Məhəmməd qızı girov adı ilə aldadaraq ələ keçirdi”.
S.Məcidov Fatma Yolçiyevanın əməlləri barədə mətbuat nümayəndələrinə geniş açıqlama vermək, KİV vasitəsilə ölkə rəhbərliyinin məsələyə diqqətini çəkmək istədiyini qeyd edib (qafqazxeber.az).
Həmçinin, qeyd edək ki, fevralın 3-də Qafqaznews.az-da “Sələmçilər Azərbaycan cəmiyyətinin viruslarıdır” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda bildirilirdi ki, Sədadət Məmmədova adlı Ağcabədi sakini 2013-cü ildə Ağcabədi rayonunun Avşar kəndində Sahibə Cəfərova adlı qadından qızıllarımı girov qoyaraq 6 min manat məbləğində sələm götürüb, bundan sonra isə həm 100 min manata yaxın ziyana düşüb, həm də sələmçinin adamları onun qızını girov götürüblər :”Mən ödədikcə onlar daha artıq pul tələb etdilər. Daha sonra məni telefonda hədələməyə başladılar. Dedilər ki, pulu ödəməsəm, mənim başıma pis oyunlar gətirəcəklər.
“102”yə zəng etdim. Lakin bir xeyiri olmadı. Ağcabədidə polis əməkdaşları sələmçilərin sözünü deyirdi. Qızıllarımı geri almağa gedəndə 9 yaşlı qız övladımı tutub saxladılar ki, pulun qalanını ödəyim. Uşağı bir gün mənə vermədilər. Sabahısı günü qonşudan 2 min manat alıb aparıb ödədim ki, qızı götürüm”.
Xatırladaq ki , Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadov və hakimi Etibar Quliyevin sələmçilərin sifarişiylə bir çox vətəndaşa qarşı qərəzli qərar qəbul etməsi də bir sıra saytlarda qeyd olunur (femida.az).

Sözügedən məsələylə bağlı Qafqaznews.az -a danışan hüquqşünas-ekspert, ehtiyatda olan polis mayoru Aqil Qəhrəmanov bildirdi ki, sələmçilik özündə bir neçə cinayət xarakterini birləşdirir: “Ölkədə ancaq kredit təşkilatlarının vətəndaşlara kredit vermək hüququ var. Sələm isə kreditdən daha dəhşətlidir. Hər ay faiz ödəyirsən, amma “ana məbləğ” yerində qalır. Bu da, vətəndaşların malını-mülkünü itirməsinə, müflisləşməsinə səbəb olur. Ölkəmizin belə çətin vaxtlarında sələmçilərin əl-qol açması, vətəndaşları daha da ağır vəziyyətə salması yol verilməzdir”.

A.Qəhrəmanov vurğulayıb ki, Milli Məclisdə də təcili tədbirlər görülməli, bu əmələ dair konkret qanunvericiliyə əlavə və düzəlişlər edilməli, sələmçiliyin cəzası sərtləşdirilməlidir. “Sələmçilik cəmiyyəti içindən yeyib çürüdən virusdur. Bu gün təcili tədbirlər görülməsə, sabah çox gec olacaq. Ağcabədidə baş verən hadisə bizim üçün həyəcan siqnalıdır”, – deyə hüquqşünas əlavə etdi.
Bu günlərdə ölkə mediasında sələmçilərlə bağlı daha bir məlumat yayıldı. Mətbuata şikayət edən Elçin Sofiyev adlı şəxs bildirib ki, 2011-ci ildə qayınanası Sofiyeva Simuzər Aslan qızına məxsus olan Şəmsi Bədəlbəyli 106, mənzil 74 ünvanında yerləşən mənzili Rəşidov Rövşən Baba oğlundan faizlə götürdüyü 60 min manatın müqabilində onun adına keçirib. Müqavilə bağlanıb və şərt kəsilib ki, borc ödənildikdən sonra mənzil Simuzər Sofiyevanın adına geri qaytarılacaq.

Elçin Sofiyev deyir ki, iş adamı olduğu üçün həmişə evi girov qoyub bankdan pul götürüb, vaxtında ödəməsini edib evi girovdan çıxarırmış. Növbəti dəfə banka gedəndə kredit götürmə işi alınmadığından bank vasitəsi ilə faizlə pul götürməsi üçün Rövşən Rəşidova yönləndirilib.

Tərəflər razılaşıb və Elçin Sofiyev 60 min manat borc alaraq qayınanasına məxsus evi notariusda formal bir alqı-satqı ilə Rövşən Rəşidovun adına keçirdib: “Sənəddə göstərilir ki, şəhərin mərkəzində yerləşən 110 kvadratmetrlik arxitektur binadakı ev 60 minə satılıb. O evin real qiyməti isə 300-350 min manat idi. Biz 2013-cü ilin noyabr ayına qədər Rövşən Rəşidova hər ay 3500 manat faiz ödədik. Gecikmə olduqda belə əlavə faiz ödəyirdik. Nəhayət, 2013-cü ilin noyabrında qayınanam evi satmaq qərarına gəldi, ev təcili satılmalı idi. O zaman mən Rövşənə dedim ki, sənə 60 min manatın müqabilində 90 min manat faiz vermişəm. Evi Simuzər Sofiyevanın adına keçirt. Rövşən isə razı olmadı, dedi ki, 60 min manatı tam şəkildə gətir, ondan sonra evi qaytarım. Bizim isə o vəsaiti ödəməyə imkanımız yox idi.

Evimizdəki əşyalara qədər satmışıq, Rövşənin faizini vermişik. Məcbur qalıb hazırda yaşadığımız evi, Nərimanov 51/53, mənzil 22 -ni onun adına keçirib, qayınanamın evini girovdan azad etməyə qərar verdik. 2013-cü ilin noyabrında evimizi notarial qaydada alqı-satqı müqaviləsi ilə Rövşən Rəşidovun adına keçirdik. Heç bir pul əməliyyatı aparılmadı. Rövşən bizi inandırdı ki, 3 gün sonra qayınanamın evini öz adından çıxaracaq. Əsas gətirdi ki, eyni gündə iki əməliyyatın keçirilməsi diqqət çəkə bilər. Lakin həmin 3 gün uzanıb bir həftə oldu, həftə aya döndü, Rövşən evi qayınanamın adına keçirmədi. Bu günə qədər də hər iki mənzil Rövşənin adındadır”.

Şikayətçinin sözlərinə görə, daha sonra o, Rövşən Rəşidovu çağırıb söhbət edib ki, artıq faizi verə bilmirik: “Dedik faizi dayandır, bizə aid olan mənzili sataq, sənin 60 min manatını qaytaraq, özümüzə başqa bir ev alaq. Həmin dövrdə bizim mənzilin real qiyməti 200-220 min manat idi. Artıq 2014-cü ilin aprel-may ayları idi.

Biz alqı-satqı işi ilə məşğul ikən bizim başımızın qarışmasından istifadə edən Rövşən Rəşidov xəbərsiz şəkildə işi məhkəməyə verib. Mayın 29-da Yasamal Rayon Məhkəməsindən bizə çağırış gəldi. İddia da belə idi ki, guya o bizdən mənzili alıb, lakin biz mənzili boşaltmırıq. Ona zəng vurduq ki, bu nə məsələdir? Rövşən isə bizi əmin etdi ki, narahat olmayın, bu formal xarakterli bir məhkəmədir, sizi heç vaxt evinizdən çıxartmaram. Biz növbəti dəfə ona inandıq. Heç bir iştirakımız olmadan həmin məhkəmələrdə uduzduq. Sonradan biz özümüzü sığortalamaq üçün alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etdik. Məhkəmə uzandı. İş Ali Məhkəməyə gedən mərhələdə yenidən Rövşən Rəşidovla danışıq apardıq.

O mənə dedi ki, 20 min manat gətir , bu söhbəti bağlayaq. Evlərin ikisini də sənin adına keçirim. 2014-cü ilin dekabrında 18 min manat düzəldib Rövşənə verdik ki, səhəri gün notariusa gedib evləri adımıza keçirək. Pulu alandan sonra Rövşən yenə itdi. Sonra bizi tanış edən adamın vasitəsilə Rövşən Rəşidovu tapdıq. O dedi ki, bizdən istədiyi 20 min manatın müqabilində ona 18 min manat ödədiyimiz üçün mənzilləri qaytarmaqdan imtina edir. Bu ərəfədə məhkəməni də uddu, Ali Məhkəmə mənzilin boşaldılması ilə bağlı qərar verdi”.

Elçin Sofiyev deyir ki, Apellyasiya Məhkəməsinə müraciət etsələr də qərarı dəyişdirməyə nail ola bilməyiblər: “Hazırda bununla bağlı icra işinin dayandırılması üçün yuxarı instansiya məhkəməsində şikayətimiz araşdırılır. Ancaq yanvarın 24-də icra məmurları gəldi. Heç bir xəbərdarlıq etmədən gəlib söhbət etmək adı ilə bir dəstə adamla içəri girdilər. Biz icranı çətinliklə saxladıq. Bizə köçməyimiz üçün 2 gün vaxt verdilər. Həmin iki gün isə artıq bitib. Ədliyyə Nazirliyinin qaynar xəttinə də müraciət etdik. Oradan da bildirdilər ki, iş məhkəmədə ola-ola icra hərəkətinin olması mümkün deyil”.

Vətəndaşın sözlərinə görə məsələ ilə bağlı Respublika Prokurorluğuna etdikləri müraciət də bir fayda verməyib: “Notariuslarda araşdırma apardıq. Bəlli oldu ki, Rövşən Rəşidovun adına 2011-ci ildən bu günə kimi bizim kimi 17 alqı-satqı müqaviləsi aparılıb. Hamısı da eyni fırıldaqçılıqla aparılıb. Dövlətdən xahiş edirik, bizi üzləşdiyimiz dələduzluqdan xilas etsinlər” (xalqxeber.az).
Maraqlıdır ki, son vaxtlar sələmçilərlə bağlı şikayətlər getdikcə artmaqdadır.
Məhkəmə instansiyaları və hüquq mühafizə orqanlarından isə bəziləri nəinki bu cür əməl sahiblərini cəzalandırır, əksinə, çox zaman, onların qələbəsini müşahidə edirik.
Dövlətə vergi verməyən, vətəndaşları müflisləşdirərək, ölkə iqtisadiyyatına sarsıdıcı zərbələr endirən bu sələmçi şəbəkələri barəsində bir tədbir görüləcəkmi?
Ümid edirik, səlahiyyətli şəxslər bu sualımızın cavabını öz təcili tədbirləri ilə verəcəklər…

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR