Sabiq nazirin sabiq yaltaqları haqqında – SÖZARDI

Oğlunun adını Ziya qoyub, bununla da öyünən bəzi məşhurların üzündəki mimikanı görmək istərdim..

Təzə nazirlik Vətənə və millətə xeyirli olsun! Ümid edirəm ki, hörmətli nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısının etimadını doğruldacaq. Amma ona da ümid edirəm ki, artıq yeni nazirliyin alt strukturu (Dövlət Avtomobil Nəqliyyat Xidməti) tərəfindən idarə olunacaq nəqliyyat sistemi əhalidə başqa bir alt struktur olan “Aztelekom”un təəssüflərini yaşatmayacaq. Azərbaycan vətəndaşlarının ən çox şikayətləndiyi qurumlardan biri “Aztelekom”dur. Bunu “Aztelekom”un özündə də, hətta nazirlikdə də bilirlər. Amma nədənsə, hörmətli məmurlarımız “Aztelekom”u bütün eyibləriylə birlikdə sevirlər….

Ölkədə rabitə və internet xidmətlərini yaxşılaşdırmaq üçün elə də tələsmirlər. Nəqliyyat sisteminin müasirləşməsi, yüksək texnologiyalarla zənginləşdirilməsi gözəl arzudur. Lakin özü “bir türlü” müasirləşə bilməyən, köhnə komandanın çirkabından qurtulmaqda çətinlik çəkən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə fevralın 13-də yeni bir sahə də tapşırıldı.

Bu, böyük məsuliyyətdir və çətin sınaqdır. İnanıram ki, cənab Quluzadə bu sınağın öhdəsindən intellektual kadrlarla gələcək, bəzi sabiq və hazırkı nazirlər kimi qoçularla, yaltaqlarla, intriqant və kələkbaz adamlarla yox… Ona tapşırılan bu nazirlik hər üç sahəsi ilə ölkəmizin gələcəyi üçün çox vacibdir.

Fevralın 13-dən sonra Ziya Məmmədovla bağlı bir çox xəbərlər uçuşmağa başladı. Tənqidi yazılar, statuslar da az olmadı. Hətta vaxtilə Ziya Məmədova, Anar Məmmədova və onun qohumlarına yaltaqlanan adamların da “tikanlı” tənqidlərini müşahidə elədim. Yəqin ki, bu yazımı görənlərdən bəziləri “yıxılanı baltalamazlar” deyəcək. Amma daimi oxucularım bilir: Mən Ziya Məmmədovu (daha doğrusu, keçmiş Nətliyyat Nazirliyini)vəzifədə olarkən də tənqid etmişəm.

Bundan sonra, Ziya Məmmədova başqa vəzifə verilsə, yenə də öhdəsindən gəlməsə, yenə də tənqid edəcəyəm. Şübhəsiz ki, son zamanlar sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovla bağlı yazdığım yazılarda da peşəkar normalara riayət etmişdim. Hətta özünə və oğlu Elnar Əsgərova zəng edib, onlarla bağlı səsləndirilən ittihamlara açıqlama almaq istəmişdim. Amma özləri danışmaq istəməyiblərsə, mənim günahım deyil… Bir də, yeri gəlmişkən, hər məmuru tənqid edən adam jurnalist olmadığı kimi, reket də deyil. Xahiş edirəm, gününü pres-reliz doğramaqla keçirən həmkarlarımız da haqqımızda danışarkən, diqqətli olsunlar.

Vaxtilə Ziya Məmmədovun çevrəsinə düşmək üçün dəridən-qabıqdan çıxanlar arasında jurnalistlər kimi, bir sıra ulduzlar, şoumenlər də vardı. Həmin şəxslərdən bəziləri hətta oğlunun adını Ziya qoyur, bunu da təntənə ilə bəyan edirdi. Həmin məşhurların üzündəki mimikanı indi görmək istərdim. Görəsən, VVAQ-a qaçıb, uşağın adını dəyişdirmək, ya da sonuna bir “D” hərfi artırıb “Ziyad” eləmək istəmirlər ki?

Ramin Quluzadəyə də yaltaqlananlar az deyil və hələ xeyli yaltaqlar müşahidə edəcəyik. Hətta onun şərəfinə oğlunun adını Ramin qoyan məşhurlar da tapılar… Amma yenə də, ümid etmək istərdik ki, Ramin Quluzadə ətrafını bu cür yaltaqların mühasirə etməsinə imkan verməyəcək. Yaltaqlar insanı ucaltmır, əksinə, uçuruma aparır…

“Sözardı”na sözardı: Daha hansı qurumlar birləşdiriləcək, bilmirəm, amma Dövlət Gömrük Komitəsi bir qurum kimi fiaskoya uğrayıb, onu görməmək olmur. Deyəsən, alt paltarlarında və maşın təkərlərində keçirilən malların gömrük olunması üçün də yeni bir komitənin yaradılmasına ehtiyac var. Son zamanlar marketlərdə aksizli siqaret tapa bilmirik, amma xırda “komisyonka”larda qaçaq siqaret göz deşir…

 Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR