Suraxanı Rayon İcra Şöbəsindən məhkəməyə şikayət olunub – FOTOLAR

İlqar Abbasov: “Həmin məcburi köçkün ailəsinin mənzil probleminə İradə Zeynalova, onun üç övladı və üç nəvəsi  də cəlb olunmamalıdır”

Bu günlərdə Qafqaznews.az-da Legion.az-a istinadla ““Qaçqınkom” zəbt olunan mənzillərin boşaldılmasında maraqlı deyil?” başlıqlı yazı dərc olunmuşdu.

Sözügedən məqalədə müəllif, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin səhlənkarlığı ucbatından bəzi məcburi köçkünlərin zəbt etdikləri mənzillərlə alver etməsini, nəticədə isə qanuni mənzil sahiblərinin əziyyət çəkdiyini vurğulamışdı.

Məqalədə Suraxanı Rayon İcra Şöbəsi və Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin də hərəkətsizliyi tənqid hədəfi olmuşdu.

Həmin yazıda bildirilirdi: “Bəzən, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindəki bir sıra məmurların səhlənkarlığı təkcə məcburi köçkünlərin yox, digər vətəndaşların da hüquqlarının pozulmasına gətirib çıxarır. Qeyd edək ki, yanvarın 27-də mənzili məcburi köçkünlər tərəfindən zəbt olunmuş Bakı sakini İradə Zeynalovanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciətinin mətnini oxuculara təqdim etmişdik.

Müraciətdə deyilir:

Hörmətli Mehriban xanım! Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünü olan ölkədir, bu gün Dağlıq Qarabağ probleminin həlli hər bir azərbaycanlının arzusudur. Əlbəttə, həmvətənlərimizin öz yurdundan-yuvasından didərgün düşməsi bizi də narahat edir. Lakin təəssüflər olsun ki, bəzi şəxslər özünün “məcburi köçkün” statusundan sui-istifadə edərək, başqalarının haqqını tapdalayır, səhlənkar məmurlar isə buna göz yumurlar. Ona görə də, bir ana və nənə olaraq, Sizə üz tutub, üzləşdiyim problemin həllində kömək etməyinizi xahiş edirəm. Qeyd edim ki, bir müddət əvvəl mən Cənab Prezidentimizə də məktubla müraciət etmişdim, lakin çox güman, bu müraciət aidiyyatı qurumlara yönəldiləndən sonra, hansısa məmurlar müəyyən maraqlar naminə şikayətimi bir kənara atıblar və heç araşdırmayıblar.

Əzizim Mehriban xanım Əliyeva! Suraxanı Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli Qətnaməsinə əsasən məcburi köçkünlər: Rüstəmov Məmməd Aslan oğlu, ailə üzvləri: Rüstəmova Şövkət Mustafa qızı və Rüstəmov Ərşad Məmməd oğlunun mənim şəxsi mülkiyyətimdə olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 2 saylı evin, 1-ci mənzilindən çıxmalı və mənzilimi mənə qaytarmalıdırlar. Qətnamə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilsə də, 2011-ci ildən bu günə qədər icra edilmir, nə icra şöbəsinin məmurları, nə də mənzili zəbt etmiş şəxslər heç kimlə, heç nə ilə hesablaşmırlar və Məhkəmə Qətnaməsini icra etmək fikirləri də yoxdur. Onların özbaşınalığı nəticəsində öz mənzilimiz olduğu halda orda-burda kirayələrdə yaşayırıq.

Həyat yoldaşım Mürsəlov Mürsəl Ramazan oğlu vəfat etmişdir. Mənim şəxsi mülkiyyətimdə olan mənzilimdə bu illər müddətində “qaçqın və köçkün” statusundan sui-istifadə edən ayrı-ayrı şəxslər bir-birlərinə sataraq yaşayırlar. Hal-hazırda orada yaşayan Rüstəmovlar qonşu blokda böyük oğlu ilə yaşayıblar və mənim mənzilimi zəbt etmiş Sevildən pul ilə alıb öz şəraitlərini yaxşılaşdırmışlar. Mən onlar ilə mənzilimi boşaltmaq barədə danışmağa cəhd etsəm də, məni qapıdan qovublar ki, “Nə vaxt ermənilər bizim evi qaytararlar, biz də sənin mənzilini boşaldarıq!”.

Belə çıxır ki, mənim mənzilimi zəbt etmiş “kişi”lərin evsiz qalmasında mən, 3 qız övladım, 3 azyaşlı nəvəm günahkarıq? Onların evini mənfur ermənilər zəbt etdiyinə görə, onların da Bakı şəhərində mənim mənzilimi zəbt edib “7 baş külfət”i küçələrə salmaları qanunauyğundur? Mən müxtəlif qurumlara, o cümlədən Ombudsman Aparatına ərizə ilə müraciət etmişəm. Aparat sədri Aydın Səfixanlı mənim məktubumu Ədliyyə Nazirliyinə yönəltmiş, bundan sonra isə nə kimi addımlar atıldığından xəbərim olmamışdır. Ədliyyə Nazirliyinin Baş İcra İdarəsində isə formal xarakterli cavablarla illərdir mənə qarşı törədilən haqsızlığın davam etməsinə səbəb olurlar” (legion.az).

Fevralın 7-də Qafqaznews.az əməkdaşı bu məsələnin həlli istiqamətində hər hansı irəliləyiş olub-olmadığını öyrənmək məqsədilə, İ.Zeynalovanın nümayəndəsi, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasovla əlaqə saxladı.

“Hələ heç bir irəliləyiş yoxdur. Ədliyyə Nazirliyinin icraçıları öz laqeydliyinə və hərəkətsizliyinə davam edirlər. Qanunvericilikdə də aydın şəkildə göstərilir ki, məcburi köçkünlərin başqasının mülkiyyət hüququnu pozmaq hesabına məskunlaşması yolverilməzdir. İradə Abuzər qızı Zeynalova bu yaxınlarda Suraxanı Rayon İcra Şöbəsindən Suraxanı Rayon Məhkəməsinin sədri İlham Mahmudova yazılı şikayət ərizəsi ünvanlamışdı. Bu günlərdə isə Hakim Elçin Ağayevin adından Suraxanı Rayon İcra Şöbəsinin rəisi Faiq Şabanova məktub göndərilib. Həmin məktubun surəti hüquqlarını müdafiə etdiyim İradə Zeynalovaya da göndərilib və həmin məktubda hakim E.Ağayev icra şöbəsinin rəhbərliyindən 25 aprel 2011-ci il tarixli qətnamənin icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə məlumat verməyi xahiş edib.

Hələ ki, Suraxanı Rayon İcra Şöbəsindən məhkəməyə nə kimi məlumat verilməsindən xəbərsizik, amma veriləcək cavabı təxmin edirik”, – deyə hüquqşünas qeyd edib.

Onun sözlərinə görə, Suraxanı Rayon İcra Şöbəsinin rəhbərliyi bu hərəkətsizliyi İradə Zeynalovanın mənzilini zəbt edənlərin hələ mənzillə təmin olunmaması ilə izah edir.

“Lakin İradə Zeynalovanın mənzilini zəbt edən ailə çoxdan o mənzildən köçüb. Və hazırda mənzildə yaşayan məcburi köçkün ailəsi hansısa şəkildə həmin mənzili zəbt ediblər. Belə çıxır ki, İradə Zeynalova illərlə kirayələrdə yaşamalı, mənzilini zəbt edənlərin öz xoşuyla ordan getməsini gözləməlidir… Halbuki, həmin məcburi köçkün ailəsinin mənzil probleminə İradə Zeynalova, onun üç övladı və üç nəvəsi də cəlb olunmamalıdır”, – deyə İ.Abbasov vurğulayıb.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

 

 

 

 

 

 

 

Mövzu ilə bağlı linklər:

“Qaçqınkom” zəbt olunan mənzillərin boşaldılmasında maraqlı deyil? – ARAŞDIRMA

Məcburi köçkünlərin haqqını yeyənlər: Hüseyn Əliyevdən Pənah Əliyevə qədər… –  FOTOLAR

“Qaçqınkom Pənah Əliyev”in aqibəti… FOTO,VİDEO

Xanlar Zeynalov indi də icra sistemini nəzarətdə saxlayır?

Evi zəbt olunan xanım Mehriban Əliyevadan kömək istədi – MÜRACİƏT

Ədliyyə Nazirliyinin Suraxanıdakı icraçıları “başqa qanunlar”la işləyir? – ARAŞDIRMA

Evi zəbt olunan xanım Prezidentdən kömək gözləyir – MÜRACİƏT

Ədliyyə Nazirliyinin icraçıları amansızca uşaq sürüyər, amma evi zəbt olunan qadına kömək etməz? – ABSURD(FOTO,VİDEO)

Ədliyyə Nazirliyinin icraçısı öz hərəkətsizliyinin günahını “Qaçqınkom”da görür?(FOTOLAR)

Hüquq müdafiəçisi icraçının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR