Uşaqlarımız uşaq kimi yaşaya bilmirsə…

Sənət uşaqlıq təcrübələrinin böyüklüyə ötürülməsidir.

   Z.Freyd

İstənilən azərbaycanlı ailəsi konservativ mühitdə formalaşmış ailə modelinə əsaslanır. İstisnaları kənara qoyuram. Əgər belə konservativ mühitdə böyüyən hansısa ailə modelinin fərdləri ilə psixoloji test keçirilsə yəqin (şübhədən kənar yəqinlik) hər kəsin bu günkü uğurunun ya uğursuzluğunun arxasında uşaqlığından qaynaqlanan  hadisə və ya hadisələr dayanır.Ya da məhkumluq həyatı yaşayan əksər adamların törətdiyi hansısa  əməli araşdırarkən uşaqkən aldığı fiziki-mənəvi zərbənin izlərini görmək mümkündür. Xüsusilə ailədaxili şiddət, zorakılıq, yaxud müharibə şəraitində   münaqişəli, problemli vəziyyətdə “böyüyən “ uşaqlar ömrü boyu yaşadıqlarının əzabını çəkir, davranışlarında bunun təsirini hiss etdirirlər. O cəmiyyət xoşbəxtdir ki orda uşaqlığını yaşayan, ilk növbədə ailəsinin öyrətdiyi həqiqi ədalət anlayışı ilə  cəmiyyətin adil qanunları üst-üstə düşən və bunu bütün zəkasıyla dərk edən  nəsil yetişir.

İnsan xarakterinin böyük hissəsinin uşaqlıqda yarandığını iddia edən nəzəriyyə haqqında ilk dəfə oxuyanda yadıma bir hadisə düşdü. Orta məktəbdə ədəbiyyat fənnindən dərs deyən orta yaşlı müəlliməm vardı. Payız və ya qışda xüsusən qar, yağış yağanda çöl-bayıra çıxmaz, o qədər büzüşüb qaşları çatılardı sanki əriyib yox olmaq istəyir. Qalın  qılafından – paltodan burnunu  çölə çıxarmaz, üzündə əndişə, qorxu, əzab ifadə edən xəstə adam nümunəsi saysız qırışlar cığır açardı. Biz qartopu oynayanda o pəncərədən baxar, digər müəllimələr kimi deyildi. Üzündə qar sevinci, nəşəsindən zərrə əlamət də görməzdik. Elə ki yaz gələr, günəş çıxar, havanın dəyişər  o qırışlar da gözəgörünməz bir  əl tərəfindən silinərdi. Əvvəl elə düşünərdim bəlkə bu  mövsüm depressiyası, fəsil xəstəliyidir. İngiliscə bu rahatsızlıq belə ifadə edilir: SAD (Seasonal Affective Disorder) ,yəni payız sonlarında və qışda gün işığı azlığı səbəbindən yarandığı düşünülən emosional depressiya. Bir gün sinif yoldaşlarımdan biri dözmədi: “Müəllimə, siz qışı niyə sevmirsiz?” dedi. Qaşları bir az da çatıldı. Amma mühafizəkar direktorun müəllimlərə  şəxsi həyat mövzusu ilə bağlı sual qadağasına  inad  azacıq süküt edib  dedi: “Mənim atam oğlu olmasını arzulayıb. Anamsa beşinci qızını, yəni məni payızda doğub. Atamız da hirslənib evi tərk edib. Anam da oğul doğa bilməməsində  özünü günahkar bilib, səbəbsiz yerə bizi döyər, acıqlı davranardı.Yağış yağanda  geyməyə ayaqqabı olmadığı, evdə də isinməyə odun olmadığı üçün anam bizi evdən bayıra çıxmağa qoymur, oynayanda da mütləq cəzlanardıq. Odur ki  uşaqlıqdan ta indiyədək yağışa, qara nifrət edirəm. Mənə natamamlıq kompleksindən əziyyət çəkən adam, ya da ailə sevgisindən məhrum böyüdülən uşaq da deyə bilərsiniz.”

Ailədə uşaqların hüquqları

BMT-nin uşaq hüquqları konvensiyasına qoşulan Azərbaycan Respublikasının beynəlxalq hüquq normalarına söykənərək tərtib etdiyi Ailə məcəlləsi əslində məktəblərdə geniş tədris edilməli, hətta hər ailədə stolüstü kitab olsa yaxşıdır. Xüsusilə qadınlar, uşaqlar  hüquq və vəzifələrindən xəbərdar olar, onları gələcəkdə gözləyən hansısa xoşagəlməz hadisə zamanı  maarifsizlikdən əziyyət çəkməzlər, qərar verməkdə hüquq və vəzifələri haqda bilgiləri onlara yararlı ola bilər. Ailə məcəlləsinin  11-ci fəsli 49, 50, 51, 52, 53, 54- cü maddəsində bəhs olunduğu kimi hər bir ailədə uşaq yaşamaq, tərbiyə almaq, maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması, fikrini bildirmək, əmlak , özünü müdafiə hüquqlarına malikdir.

Təəssüf yüzlərlə, bəlkə minlərlə ailələr var, uşaqların yuxarıda qeyd edilən hüquqları dəfələrlə pozulur. Məsələn, uşaqların təhsil almaq və ya maraqlarının təmin edilməsi, ləyaqətlərinə hörmət hüquqları.Təhsildən yayındırılan uşaqlar diləndirilir və ya ağır fiziki əməyə məcbur edilir. Elə ailələr var  nəinki uşaqların maraqlarını təmin olunmasında iştirak edir,hətta oyuncaqları bir dəfəlik toplayıb gizlədirlər ki evin səliqəsi “pozulmasın”. Bütün günü türk kanallarında  cizgi filmlərinə  baxmağa yönləndirilib “sakitləşdirilən” uşaqlar aktiv həyat tərzindən məhrum edilir,valideynlə ünsiyyət mübadiləsindən qəsdən uzaq düşür.Uşaqların maraqlarının təmin edilməsi mexanizminə geniş prizmadan yanaşılsa vəziyyətin dəyişilməsinə ümid yaranar. Belə ki dövlət idarələrində, xüsusən xəstəxanalarda, bank və idarələrdə uşaqlar üçün kiçik  guşələr yaradılsa, ən azından böyüklərin növbə gözləmə müddətində  kiçik stol ətrafında uşaqların maraqlarını inkişaf etdirən puzzle, ağ kağız, rəngli karandaş , kiçik yaşlı uşaqlar üçün  oyuncaq, həmçinin valideyn uşaq münasibətlərindən bəhs edən şəkilli bukletlər qoyulsa valideyn üçün subliminal mesaj olar.

Hər bir uşaq doğulduğu andan hüquqlara malikdir. Mülki Məcəllənin 28.6-cı maddəsinə əsasən  yetkinlik yaşına (18 yaş) çatmayan uşağın  nikaha daxil olması belə onun uşaq olmasını istisna etmir. Əyalətlərdə erkən nikah qurbanları olan xeyli uşaqlar var ki, valideynləri, ərə verildikləri şəxslər tərəfindən  təhsil almaq hüququndan məhrum edilib. Mentalitet dediyimiz dəyərlərə sayğı ucbatından məktəb direktorları, məhkəmələrin bu özbaşınalığa müdaxilə etmə mexanizmi zəifdir. Qanunların aliliyinə inam yazılmayan qanunlara nisbətən zəifdir. Hətta yetkinlik yaşına çatmayan uşağın qarşılaşdığı naxoş durumla (xüsuslə öz ailəsi tərəfindən) bağlı polisə müraciəti cavabsız qalır, uşaq yenidən əziyyət gördüyü ailənin “ağıllandırma məhkəməsi” nin ixtiyarına verilir. Halbuki Ailə Məcəlləsinin 52-ci maddəsində deyildiyi kimi  uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Bu yaxınlarda sosial şəbəkələrdə yayılan 11 yaşlı Nurayın qalmaqallı videosunda göründüyü kimi məhkəmə valideynlik hüququnun bərpası  prosesində uşağın fikrini  heç də həmişə nəzərə almır.

Ailə məcəlləsinin 58.2 maddəsində qeyd edildiyi kimi  valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Mən dəfələrlə şahidi olmuşam, ictimai yerd – əyləncə mərkəzlərində, yolda, parkda uşaq valideyn tərəfindən təhqir edilib, kobud davranışa məruz qalıb və ya döyülüb. Belə vəziyyət yaranan təqdirdə müdaxilə etməyə cəhd “öz uşağımdı, özüm bilərəm” və ya hansısa mühafizə məmurunun ”Ana (və ya ata) uşağı döyər də, sevər də. Niyə qarışırsınız?”  iradı ilə nəticələnir. Üzülərək vurğulayıram. Gen yaddaşımıza oturuşmuş yazılmayan ənənəvi qanunlar uşaq üzərində patriarxal(və ya matriarxal) münasibəti müdafiə edir.Qanun keşikçiləri də əksər hallarda bunda suç motivi görmür, bu müdafiəni dəstəkləyir. Ailə məcəlləsinin 64 (64.0.5) –cü maddəsində isə qeyd olunur ki, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə ata və ya ana valideynlik hüququndan məhrum edilə bilər.

Alimenti ödəmək öhdəliyi…

Bu yaxınlarda əri və qaynanası tərəfindən evdən atılan, 3 azyaşlı uşağı olan bir ana ilə söhbət etməli oldum. Əri tərəfindən boşanma prosesi yaşayan qadın aliment miqdarının azlığından, üstəlik qarşı tərəfin onu ödəmək istəmədiyindən gileylənib ağlayırdı. Bəziləri qadın özü işləyə bilər deyə düşünə bilər. Lakin qadın – ananın ən vacib işi, məsuliyyəti azyaşlı uşaqları böyütməkdir.Tənha və ya imkansız anaların işləyib uşaqlarını rahatlıqla etibar edə biləcəyi qayğı mərkəzləri çox az, ümumiyyətlə, yox dərərcəsindədir. Televiziya məkanlarının birində bu sualla bağlı bir ekspert qismində dəvət edilmiş xanım “uşaq körpələr evi-yasli, baxçalara verilə bilər “ dedi. Heç də doğru təsbit deyil. Şəxsən  bununla bağlı araşdırma məqsədilə müraciət etdikdə bir neçə baxça 1 yaşından yuxarı, hətta 1 yaş 8 aylıq  uşaqları qəbul etdiklərini bildirdilər.

Bizim cəmiyyətdə əksər hallarda ata övladının dünyaya gəlməsində iştirak etdiyini xatırlayır, lakin onu  böyütmək məsuliyyətini qəbul etmək istəmir. Alimentin ödənilməməsinə gəldikdə isə bu ölkəmizdə sosial problem olaraq hələ də qalır. Bir çox ölkələrdə alimenti ödəməyən valideyn üçün cinayət məsuliyyəti və ya ölkədən çıxış qadağası qoyulur.Vəkil Heydər Əsgərovun sözlərinə görə alimenti ödəməkdən boyun qaçırmaq və ya miqdarına təsir göstərmək üçün qəsdən gəlirləri, əmlakı olduğu kimi təqdim etməyən valideyn-tərəf üçün cinayət məsuliyətinə cəlb edilməsi ilə bağlı dəyişiklik edilsə, uşağın hüququ pozulmamış,valideynin insafına buraxılmamış olar.

Aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda uşaqlar üçün yetkinlik yaçına çatanadək onların valideynlərindən (ər və ya arvad) məhkəmə tərəfindən hər ay aliment tutulur. Ailə məcəlləsinin 75,76 maddəsindən başlayaraq   uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı belə təyin edilir:

1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı. Eləcə də 81-ci maddədə valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur.

Aliment üçün aylıq gəlir məbləği (sabit pul məbləği) 2014- cü ildə 103 manat, 2016- cı ildə 117 manat, 2017- ci ildə 136 manat təyin edilmişdir. Əksər hallarda iddia ərizəsi veriləndən məhkəmə qətnaməsi qəbul edilənədək keçən müddətdə (2-3 ay və ya daha artıq) atanın insafına buraxılan uşaq(lar)ın tələbatının ödənilməsi barədə dəyişiklik edilməsinə ehtiyac var. Aylarla davam edən məhkəmə prosesi zamanı ən böyük maddi və mənəvi zərbəni uşaq alır. Ata uşaqlara aliment vermək istəmədikdə heç bir gəliri olmayan ana uşağı qidalandırmaq üçün qohumlara və ya valideynlərinə  müraciət etmək məcburiyyətində qalır. Atalardan qalma məsəldə deyildiyi kimi qonşudan gələn öynə qarın doyurmaz.

Bəs qadının ana-atası sağ deyilsə, işləmirsə və ya heç bir kömək edəcək qohumu yoxdursa, nə etməli, qətnamə icraçısı təyin edilənədək (bu da həftələr sürür) necə yaşamalıdır? Bu müddət ərzində  sosial durumu aşağı olan ailələr təyin edilib, uşaqlar üçün  yardım fondu yaradıla bilər.

Üstəlik (83.1) yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

 Yetkinlik yaşına çatmayan uşaqların cinayət məsuliyyəti

 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 84.1 maddəsində yazılır: Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.

Həmçinin yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.Yetkinlik yaşına çatmayan uşaqlar cərimə, islah işləri, ictimai işlər (ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz) və müəyyən müddətə azadıqdan məhrum etmə ilə cəzalandırılır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmayan uşağın yaşadığı həyat və tərbiyə şəraiti ,psixi inkişaf səviyyəsi, kənar şəxslərin ona təsiri nəzərə alınır.Yetkinlik yaşına çatmayanlara məcburi xarakterli tədbirlər  tətbiq edilir ki, buna da (88-ci maddə) xəbərdarlıq,valideynlərin,ona nəzarət edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə verilməsi, asudə vaxtının məhdudlaşıdırılması  kimi şərtlər daxildir. Lakin bu da müəyyən mənada mübahisəli boşluqlar yaradır. Məsələn, cəza almış yetkinlik yaşına çatmayanın valideyn və ya ona nəzarət edən şəxsin nəzarətinə verilməsi nə dərəcədə təhlükəsizdir? Əksər valideynlərin tərbiyə vasitəsinin şiddət olmadığını düşünmək nə dərəcədə doğrudur?

Tərbiyə etmək üçün məcburi, zorakı xarakterli hərəkətlər tətbiq etməklə hansısa nəticə əldə edilməsi sual altındadıdır. Burda ailə, psixoloq dəstəyi mühüm oynamalıdır.

Məcəllənin 89.1 maddəsində yazılır ki 87.2- ci maddədə  nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər. Məhkəmə az ağır cinayət törətməyə görə məhkum olunmuş yetkinlik yaşına çatmayan yalnız belə şəxslər üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində və ya tibbi-tərbiyə müəssisəsində yerləşdirməklə cəzanın məqsədinə nail olmağı mümkün hesab edərsə, həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik yaşına çatmayan göstərilən müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən artıq olmamaq şərti ilə saxlanılır.

Yetkinlik yaşına çatmayan islah olunduqda və bununla bağlı qeyd edilən tədbirin tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin və ya tibbi-tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən məhkəmə yetkinlik yaşına çatmayanın vaxtından əvvəl həmin müəssisədən buraxılması haqqında qərar qəbul edə bilər.

O halda islah işlərinə və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar barəsində  vaxtından əvvəl cəzadan azad edilə bilər ki onlar böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə bir hissəsini; ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkmiş olsunlar.

Övladlığa götürmə

Azərbaycanda övladlığa uşaq götürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117 və “Uşaq hüquqları haqqında” qanunun 32- ci  maddələri ilə tənzimlənir.

Əvvəlcə Azərbaycan Respublikasının vətəndaşı ilkin qeydiyyata alınmaq üçün müvafiq sənədlər toplayaraq pasport qeydiyyatında olduğu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək qeydiyyata götürülür.     Zənnimcə, süründürməçilik və vaxtın qəsdən uzadılması kimi səbəblər məhz elə bu nöqtədən başlayır. Övladlığa götürmə üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, qısa tərcümeyi-hal, tibbi arayış, yaşayış sahəsi və ailə vəziyyəti barədə məlumatlar, iş yeri, əmək haqqı, digər gəlirlər haqqında məlumat, övladlığa götürmək istədiyi uşaq haqqında informasiya yerli icra hakimiyyəti orqanına təqdim edilir. Əlbəttə, valideyn himayəsindən məhrum olmuş uşağın ailədə sevgi və qayğı ilə böyüməsi təkcə onun şəxiyyət kimi formalaşmasında  müsbət rol oynamır, həm də cəmiyyət üçün vacibdir. Bu üzdən övladlığa götürülmədə müəyyən güzəştlər edilsə və qeydiyyat mexanizmində dəyişiklik edilsə,  prosesin gedişatında irəliləyiş müşahidə olunar. Məsələn, maddi gəlir, mənzil sənədləri ilə bağlı və s.

Qeydiyyata alındıqdan sonra övladlığa 0-3 yaş arası uşaq götürmək istədiyi təqdirdə vətəndaşa məxsus sənədlər Səhiyyə Nazirliyinə, övladlığa 3-18 yaş arası uşaq götürmək istədiyi təqdirdə isə Təhsil Nazirliyinə ünvanlanır. Beynəlxalq övladlığa verilmə isə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 120-ci maddəsinə əsasən, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılan şəxslər, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilən şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər, övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəlikləri olanlar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər. Eyni zamanda aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

Nəticə olaraq görə bilərik ki, insanın xarakterinin formalaşıb şəkillənməsində ana və ata- ailənin, məktəb, şəhər, əyalət, bir sözlə  insanların  rolu böyükdür. Uşaqlığını yaşayan xoşbəxt nəsil, toplum görmək  istəyiriksə, uşaq hüquq və vəzifələrinin təyin olunması, qorunmasında  fərd, ailə olaraq da çaba göstərməliyik.

 

Pərvanə Rəhimova

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR