“BNEZ-in emal gücü Azərbaycan üçün yetərli deyil”

“Azərbaycan öz daxili bazarını yerli yanacaqla təmin etməkdə çətinlik çəkir”

Martın 25-dən etibarən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq. Ölkə mətbuatının yazdığına görə bununla bağlı Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına edilən dəyişiklik martın 25-də qüvvəyə minir.

Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Qərar 1 yanvar 2018-ci il tarixinədək (9 ay) qüvvədə olacaq .

Məlum olduğu kimi, Azərbaycan özü neft hasilatı və ixracatıyla məşğuldur. Habelə, Azərbaycanda neft emalı sənayesinin də formalaşdığını nəzərə alsaq, sual yaranır: Ölkəmizə mazut idxalını zəruri edən səbəblər nədir?

Mazutun neft tullantısı olduğunu deyən ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban LEGİON-a bildirdi ki, emal zamanı daha çox neft məhsulu almaq məqsədi qoyulursa, yanacaq mazutu almaq imkanı çox cüzü, 5 faizə qədər olur. Onun sözlərinə görə, ölkədə yanacağa tələbat çox yüksəkdir.

“2014-cü ildən başlayraq benzin də idxal edirik. Bizə hazırda yanacaq lazımdır. Buna görə də, biz mazut rejimini artıra bilmərik”, – deyə İ.Şaban qeyd etdi. O əlavə etdi ki, rəsmi statistik məlumatlarda da Azərbaycanın mazutu əsasən idxal etdiyi qeyd olunur. “Azərbaycan öz daxili bazarını yerli yanacaqla təmin etməkdə çətinlik çəkir. Bakı Neft Emalı zavodunda modernizasiya işləri gedir, BNEZ-in emal gücü ildə 6 milyon tondur, bunu 2020-ci ildə 7,5 milyon tona qaldırmaq nəzərdə tutulur. Lakin bu zavodun gücü ölkədaxili ehtiyacları ödəmək üçün yetərli olmur. Bu, bizə neft məhsullarının idxalını azaltmaq, Avro 5 standartında yanacaq emalı üçün müəyyən qədər imkanlar verəcək”, – deyə ekspert bildirdi.

Rüfət Əhmədzadə

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR