Dəniz Administrasiyası “Yunıy Moryak”la bağlı ittihamlara cavab verdi – EKSKLÜZİV

“Biz qanuni qüvvəyə minmiş məhkəmə qərarına hörmətlə yanaşmalı və onun icrasını təmin etməliyik, lakin onu bu və ya digər formada dəyişməyə heç bir səlahiyyətimiz yoxdur”.

Bu günlərdə ölkə mətbuatında Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) və ARDDA rəisi Qüdrət Qurbanov haqqında bir sıra şər-böhtan xarakterli yazılar dərc olunmaqdadır. Həmin məlumatların bəzilərində redaksiya mövqeyi xüsusilə nəzərə çarpır və hətta qarşı tərəfin mövqeyi öyrənilmədən, Q.Qurbanov cinayətdə və Qəmbər Səfərov adlı şəxsə aid “Yunıy Moryak” gəmisini “oğurlamaq”da ittiham olunur.

Təbii ki, dəniz nəqliyyat vasitəsinin oğurlanması və ya qəsb edərək, zorla birindən alıb başqasına vermək cinayət əməlidir, bu və digər oxşar əməllərlə bağlı qanunvericilikdə yetərincə ağır cəzalar nəzərdə tutulub. Əgər söhbət müəyyən dövlət qurumu və onun rəhbərliyindən gedirsə, bu mövzuda ittihamlar da öz əhəmiyyətilə diqqəti çəkir. Buna görə də, Qafqaz Xəbər Agentliyinin Qafqaznews.az saytı məsələyə aydınlıq gətirməyə qərar verdi və bu məqsədlə də, ARDDA-nın mətbuat xidmətinə müraciət etdi.

Martın 11-də ARDDA-nın mətbuat xidmətindən Qafqaznews.az-ın şifahi sorğusuna gələn cavabda isə bildirilir ki, Q.Səfərovla “Mərdəkan Broyler” ASC arasında “Yunıy Moryak” gəmisi (hazırkı adı “Ramin”) ilə əlaqədar mübahisə 2003-cü ildən etibarən davam edir.

“Bu mübahisə adıçəkilən gəminin alqı-satqısı həyata keçirilərkən Q.Səfərovun şəxsən tanıdığı “Mərdəkan Broyler” ASC-nin keçmiş sədri Aydın Əhmədovla aralarında olan pul mübahisəsinə əsaslanır və Dövlət Dəniz Administrasiyasının bu pul barəsində olan mübahisəyə heç bir aidiyyatı yoxdur.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 6 fevral 2006-cı ildə yaradılması faktı isə 2003-cü ildə başlamış mübahisənin Dövlət Dəniz Administrasiyasına aidiyyətini birbaşa inkarının sübutudur. Məlumat üçün bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-529/2013 nömrəli mülki iş üzrə 27 noyabr 2013-cü il tarixli qətnaməsinin 2-ci bəndində “Yunıy Moryak” gəmisinin (hazırkı adı “Ramin”) cavabdeh “Mərdəkan Broyler” ASC-dən alınaraq iddiaçı Q. Səfərova verilməsi və Q.Səfərovun adına “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin və Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə”nin verilməsi, eyni zamanda 3-cü bənddə Q.Səfərovdan mübahisəli gəminin təmiri və bərpasına çəkilmiş xərclərinin əvəzinin ödənilməsi üçün 344.388 (üç yüz qırx dörd min üç yüz səksən səkkiz) manat məbləğində pulun alınaraq “Mərdəkan Broyler” ASC-yə ödənilməsi qət edilib”, – deyə ARDD mətbuat xidmətinin yazılı açıqlamasında bildirilir.

Məlumatda vurğulanır ki, həmin qətnamənin 4-cü bəndinə əsasən 2-ci və 3-cü bəndlərinin, yəni yuxarıda göstərilən icra hərəkətlərinin eyni zamanda həyata keçirilməli olduğu dəqiq olaraq qət edilib: “Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1884 nömrəli iş üzrə 03 iyun 2014-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən 2(103)-529 saylı 27 noyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Göstərilən xüsusatlar məhkəmələr tərərfindən araşdırılarkən bu işlə bağlı bütün faktlara və sübutlara artıq hüquqi qiymət vermilmiş və bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının yenidən öz mənafeyinə uyğun şərh edilməsi və məhkəmənin gəldiyi nəticənin kobud şəkildə təhrif edilməsi hər bir şəxs tərəfindən yolverilməzdir. Biz qanuni qüvvəyə minmiş məhkəmə qərarına hörmətlə yanaşmalı və onun icrasını təmin etməliyik, lakin onu bu və ya digər formada dəyişməyə heç bir səlahiyyətimiz yoxdur”.

Açıqlamada qeyd olunur ki, Q.Səfərovun hazırda niyyəti icra hərəkətlərinin məhkəmə qətnaməsinin 4-cü bəndinə zidd olaraq həyata keçirilməsinə nail olmaqdır: “Bununla əlaqədar olaraq məhkəmə qərarlarının icrasına məsul olan qurum və Dövlət Dəniz Administrasiyası tərəfindən icra hərəkətlərinin məhkəmə tərəfindən qət edilmiş qaydada eyni zamanda icra olunmalı olduğu, bununla razı olmadığı təqdirdə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüququ Administrasiyanın rəis müavinləri və Aparat rəhbəri tərəfindən dəfələrlə ona izah edilib, icra prosedurunun dəyişdirilməsinin Dövlət Dəniz Administrasiyasının səlahiyyətləri çərçivəsində olmadığı bildirilib”.

 İlqar Abbasov

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR