“İlin Dörd Fəsli”nin iddiasına baxan hakim özü özünə etiraz etdi

İşə baxılması qeyri-müəyyən müddətə təxirə salınıb

Bakı Apellyasiya Məhkəməsində jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı “İlin Dörd Fəsli” MMC-nin iddiası əsasında başlayan prosesdə işə baxılması qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bu barədə Qafqaznews.az-a jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-nin hüquqlarını müdafiə edən hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirib. Onun sözlərinə görə, prosesin təxirə salınmasının səbəbi martın 7-də hakim Fuad Talışinskinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə nəzərdə tutulmuş qaydada özü özünə etiraz etməsi olub.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində cavabdehlər jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC ilə bağlı Nərimanov RM-in 8 noyabr tarixli qətnaməsindən iddiaçı “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətinə baxılırdı.

Qarşı tərəfin iddiasına görə, məqalənin dərci zamanı Abşeronun baş memarı Akif Əliyevin “Yeni Bakı”dakı binalarla bağlı fikirləri təhrif olunub, nəticədə isə yaşayış kompleksinin inşaatçısı və satış işlərini həyata keçirən “İlin Dörd Fəsli” MMC-nin işgüzar nüfuzuna zərər dəyib. “İlin Dörd Fəsli” MMC öz iddiasında jurnalistdən və “Legion İnformasiya Agentliyi” MMC-dən “işgüzar nüfuza dəyən zərərə görə”, 243 min 367 manat təzminat tələb edib.

 Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR