Jurnalistə hücum çəkənlərin və “Qaçqınkom”un menyusuna – REPLİKA

Həm bu özbaşınalığa yol verənlər, həm də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindəki səhlənkar məmurlar elə biləcəklər ki, xəbər tutan yoxdur… Yenə öz əməllərinə davam edəcəklər.

“Bütün bunlarla kim məşğul olmalıdır, kim nəzarət etməlidir? Nəvələri “İnstagram” fenomeninə çevrilən “Qaçqınkom” sədri?”

Martın 1-də jurnalist həmkarımız Rüfət Əhmədzadə öz “Facebook” statusunda cəmiyyətimiz üçün heç də az əhəmiyyət daşımayan problemlərindən birinə toxundu. Lakin təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri həm statusda, həm də mesajda həmkarımıza hücumlara keçdilər, onu qaçqın və məcburi köçkünlərə qarşı “ümumi qərəzli yanaşma”da ittiham etdilər.

Halbuki, jurnalist həmkarımız statusunda illərdir vətəndaşların evini zəbt edən, hətta dövlətdən pul almasına rəğmən çıxmaq istəməyən, zəbt etdiyi mənzilləri isə ya satan, ya da kirayəyə verən insanları tənqid etmişdi. Həmçinin, bu statusda qarabağlı həmvətənlərimizə çağırış da var idi ki, bu cür əməli törədən şəxslərə maneə törətsinlər, cəmiyyətdə qaçqın və məcburi köçkünlər barədə mənfi təəssüratın yaranmasına imkan verməsinlər.

Həmin statusda deyilir: “Mən heç vaxt qaçqınlar və məcburi köçkünlər barəsində mənfi fikirləri dəstəkləməmişəm, amma bəzi hallar, üzləşdiyim bəzi acı səhnələr olub ki, özüm də hiddətlənmişəm. Nə qədər şəhid ailələri, müharibə veteranları var ki, onların mənzillərini məcburi köçkünlər zəbt edib, təzə mənzil alanda belə çıxmaq istəmirlər… Hətta həmin mənzili başqa məcburi köçkün ailəsinə satırlar. Bütün bunlarla kim məşğul olmalıdır, kim nəzarət etməlidir? Nəvələri “İnstagram” fenomeninə çevrilən “Qaçqınkom” sədri? Bəlkə, elə öz aranızda bu mənfi hallara qarşı mübarizə aparasınız? Axı belə şeylər cəmiyyətdə birliyi sarsıdır… ”

Bu statusun altında mənzili illərlə zəbt olunan vətəndaşlar da yazdı; “ev zəbt edən məcburi köçkünlərdən olmadığını” deyən, amma status sahibini təhqir etməkdən qalmayan, “birliyə zərbə vurmaqda” günahlandıran insanlar da oldu.

Belə yerdə, “soğan yeməmisən, için niyə göynəyir?” məsəli yada düşür…

Martın 2-də hücumlardan təngə gələn həmkarımız Rüfət Əhmədzadə daha bir statusda fikrini izah etməyə çalışdı: “Statusumun mövzusu başqalarının evini zəbt edib çıxmaq istəməyən, vətəni özünə borclu bilib uşaqlarını xaricə qaçırdan, kasıb-kusubun haqqına girən “borzu” qaçqın və məcburi köçkünlər idi. Amma aranızda kimsə coşub məni söyməklə, haqlı olduğumu sübut edir”.

Bu statusun da altında “qan su yerinə axdı”… Bəli, cəmiyyətdəki mənfi halları hamı etiraf edir, amma iş mənfi halların qarşısını almağa, milli həmrəyliyi zədələyən problemləri həll etməyə gələndə… Bu problemi dilə gətirən insanları günahlandırırlar: “Bəli, meşə çaqqalsız olmur, amma 1-2 nəfərə görə, hamını yıxıb-sürüməyin, milli birliyə zərər vurmayın”.

Mövzu bəlli, hədəf  bəlli, problem ondan da bəlli.. Problemləri dilə gətirməsək, sizcə, milli birlik qorunacaqmı?  Əksinə… Həm bu özbaşınalığa yol verənlər, həm də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindəki məsuliyyətsiz məmurlar elə biləcəklər ki, xəbər tutan yoxdur… Yenə öz əməllərinə davam edəcəklər.

Qeyd edək ki, mənzili məcburi köçkünlər tərəfindən zəbt olunmuş Suraxanı rayonu sakini İradə Zeynalovanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti (hazırda Azərbaycanın Birinci Vitse-Prezidenti – red.) Mehriban Əliyevaya müraciətinin mətnini yanvarın 27-də oxuculara təqdim etmişdik.

Müraciətdə deyilir:

“Hörmətli Mehriban xanım! 

Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünü olan ölkədir, bu gün “Dağlıq Qarabağ problemi”nin həlli hər bir azərbaycanlının arzusudur. Əlbəttə, həmvətənlərimizin öz yurdundan-yuvasından didərgün düşməsi bizi də narahat edir. Lakin təəssüflər olsun ki, bəzi şəxslər özünün “məcburi köçkün” statusundan sui-istifadə edərək, başqalarının haqqını tapdalayır, səhlənkar məmurlar isə buna göz yumurlar. Ona görə də, bir ana və nənə olaraq, Sizə üz tutub, üzləşdiyim problemin həllində kömək etməyinizi xahiş edirəm. Qeyd edim ki, bir müddət əvvəl mən Cənab Prezidentimizə də məktubla müraciət etmişdim, lakin çox güman, bu müraciət aidiyyatı qurumlara yönəldiləndən sonra, hansısa məmurlar müəyyən maraqlar naminə şikayətimi bir kənara atıblar və heç araşdırmayıblar.

Əzizim Mehriban xanım Əliyeva!

Suraxanı Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli Qətnaməsinə əsasən məcburi köçkünlər: Rüstəmov Məmməd Aslan oğlu, ailə üzvləri: Rüstəmova Şövkət Mustafa qızı və Rüstəmov Ərşad Məmməd oğlunun mənim şəxsi mülkiyyətimdə olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 2 saylı evin, 1-ci mənzilindən çıxmalı və mənzilimi mənə qaytarmalıdırlar. Qətnamə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilsə də, 2011-ci ildən bu günə qədər icra edilmir, nə icra şöbəsinin məmurları, nə də mənzili zəbt etmiş şəxslər heç kimlə, heç nə ilə hesablaşmırlar və Məhkəmə Qətnaməsini icra etmək fikirləri də yoxdur. Onların özbaşınalığı nəticəsində öz mənzilimiz olduğu halda orda-burda kirayələrdə yaşayırıq.

Həyat yoldaşım Mürsəlov Mürsəl Ramazan oğlu vəfat etmişdir. Mənim şəxsi mülkiyyətimdə olan mənzilimdə bu illər müddətində “qaçqın və köçkün” statusundan sui-istifadə edən ayrı-ayrı şəxslər bir-birlərinə sataraq yaşayırlar. Hal-hazırda orada yaşayan Rüstəmovlar qonşu blokda böyük oğlu ilə yaşayıblar və mənim mənzilimi zəbt etmiş Sevildən pul ilə alıb öz şəraitlərini yaxşılaşdırmışlar. Mən onlar ilə mənzilimi boşaltmaq barədə danışmağa cəhd etsəm də, məni qapıdan qovublar ki, “Nə vaxt ermənilər bizim evi qaytararlar, biz də sənin mənzilini boşaldarıq!”

Belə çıxır ki, mənim mənzilimi zəbt etmiş “kişi”lərin evsiz qalmasında mən, 3 qız övladım, 3 azyaşlı nəvəm günahkarıq? Onların evini mənfur ermənilər zəbt etdiyinə görə, onların da Bakı şəhərində mənim mənzilimi zəbt edib “7 baş külfət”i küçələrə salmaları qanunauyğundur? Mən müxtəlif qurumlara, o cümlədən Ombudsman Aparatına ərizə ilə müraciət etmişəm. Aparat sədri Aydın Səfixanlı mənim məktubumu Ədliyyə Nazirliyinə yönəltmiş, bundan sonra isə nə kimi addımlar atıldığından xəbərim olmamışdır. Ədliyyə Nazirliyinin Baş İcra İdarəsində isə formal xarakterli cavablarla illərdir mənə qarşı törədilən haqsızlığın davam etməsinə səbəb olurlar”.

Bəli, əziz oxucular…  İradə Zeynalova kirayə tutduğu 15 kvadrat metrlik otaqda 3 övladı, 3 nəvəsiylə birlikdə yaşayır… Amma onun mənzili 25 ildir ki, bir məcburi köçkün ailəsindən digərinə keçir, amma aidiyyatı olan dövlət qurumları, nə də Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi (Suraxanı İcra Şöbəsi) onun qanuni mənzilini zəbt edənlərə “gözün üstə qaşın var” demir.

Göründüyü kimi, problemlər var və onu dilə gətirənləri yox, yaradanları qınamaq lazımdır. Bir də, əlbəttə ki, problemlərin həllinə görə, məsuliyyət daşıyan məmurları… Qınamaq yox, cəzalandırmaq lazımdır!

Araz Məmmədov

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR