“Jurnalistlərin KİV rəhbərləri tərəfindən hüquqlarının pozulması intihara yol açır”

Martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayon, Axundov küçəsində yazar Mövlud Abdullayev (Mövlud Mövlud) özünü 17 mərtəbəli binanın sonuncu mərtəbəsindən atıb.1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunun 125-ci (özünüöldürmə həddinəçatdırma) maddəsilə cinayət işi başlanılıb. Mərhumun cənazəsi doğulduğu Qazax rayonuna aparılıb. Mövlud Mövlud gənc azərbaycan yazıçısı və köşə yazarı idi (trend).

Hadisədən sonra, bir sıra KİV-lərdə məlumat yayıldı ki, gənc nasir maddi problemlərə görə intihar edib. Lakin “Gündəlik Teleqraf”ın rəhbəri Aynur Camal “Yeni Müsavat”a verdiyi müsahibədə bunu inkar edib: “Mövlud redaktor vəzifəsində yetərincə normal maaş alırdı”.

“Mən bir  daha təkrar edirəm. Əgər bunu maliyyə çətinlikləriylə əlaqələndirmək istəyirsinizsə, məntiqlə, bütün yaxşı insanlar intihar etməlidir. İndi də təkrar edirəm: maddi imkansızlığa görə olsa, məntiqlə gərək bütün yaxşı insanlar canına qəsd etsin. Bu, sırf psixoloji məsələdir. İndi maddi sıxıntı hər yerdə və hər kəsdə var. Bu, heç vaxt səbəb ola bilməz və Mövludun səbəbi də dəqiq bilirəm ki, bu deyildi”, – deyə A.Camal qeyd edib (musavat.com).

Bu gün ölkə mətbuatında qarışıqlıq yaranıb. Bir çox jurnalistlər hətta redaktor səviyyəsində belə əmək müqaviləsi olmadan çalışırlar.

Bizim ölkəmizdə isə əmək müqaviləsinin olması işini itirəcəyi ehtimalı qarşısında sığorta almasına arxayınlıq yaradır.

Biz öyrənmək istədik ki, M.Mövludla əmək müqaviləsi bağlanmışdımı? Təəssüf ki, Teleqraf.com saytında qoyulan nömrələrdən zəngimizə cavab verən olmadı.

Biz Aynur Camalla da əlaqə saxlamağa çalışdıq, lakin cəhdimiz uğursuz alındı. Əmək müqaviləsinin olmaması, jurnalistin intihar həddinə çatmasında rol oynaya bilərdimi?

Bu sualı tanınmış psixoloq Azad İsazadəyə verdik. “Bu gün hər kəs işdən qovula bilər. Lakin kişilər və qadınlar iş itkisini müxtəlif cür yaşayırlar.  İşini itirən qadın yenisini tapa bilər, nə cürsə başını qatar. Amma kişilər iş itkisi zamanı özlərini lazımsız hiss edirlər. Maddi problemlər vəziyyəti daha da dərinləşdirir ki, bu da depressiya üçün səbəbə çevrilə bilər”, – deyə A.İsazadə bildirdi.

“Əmək müqaviləsi zamanı, əməkdaş işəgötürən tərəfindən sığortalanır.  İşəgötürən Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ödənişi keçirir. Maaşın üç faizi isə işçinin özündən tutulur. Əgər işçinin əmək müqaviləsi yoxdursa, o zaman sosial müdafiə ilə təmin olunmur”, – deyə Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov bildirib.

Martın 17-də tanınmış iqtisadçı, Milli Məclisin sabiq üzvü Nazim Bəydəmirli öz “Facebook” səhifəsində belə bir status yazmışdı: “Teleqraf.com rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”.

Biz aydınlaşdıqmaq istədik, iqtisadçı alimi hiddətləndirən, bu fikrə gəlməyə səbəb olan nədir?

“Özünü “media holdinq” adlandıran təşkilatlar var ki, işçilərinə rəsmi maaş kimi cüzi məbləğ verirlər. Bununla da, vergidən yayınırlar. Maaşın aşağı səviyyəsi jurnalistə sosial ödənişlər etməyə imkan vermir, nəticədə, işini itirəcəyi halda zəmanətdən məhrum olur”, – deyə N.Bəydəmirli bildirdi.

Onun fikrincə, bunun səbəbi bəzi media holdinqlərdə maliyyə şəffaflığının olmaması və onların reklam bazarına çıxa bilməməsindədir.

“Mən həmişə gənc jurnalistlərə tövsiyə etmişəm ki, işə girərkən, əmək müqaviləsi bağlasınlar. Amma işsizliyin yüksək səviyyədə olması, onları məcbur edir ki, işəgötürənin şərtlərini qəbul etsinlər. Bu isə onların sosial həyatına mənfi təsir edir. Bir çox jurnalist özünə adi müalicəni təmin edə bilmir. KİVDF tərəfindən jurnalistikanın inkişafı üçün ayrılan pullar isə özünü “media kapitanı” adlandıran şəxslər tərəfindən mənimsənilir, yardımlar məhz onların varlanmasına kömək edir. Düşünürəm ki, jurnalistlərin hüquqlarının rəhbərlik tərəfindən pozulması və onların işəgötürən tərəfindən alətə çevrilməsi intihar üçün səbəb olur”, – deyə N.Bəydəmirli əlavə edib.

 Rəşad Rüstəmov

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR