“Mətanət A”nın daha bir sabiq əməkdaşı depozit olduğunu təsdiqlədi – FOTOFAKT

2016-cı il sentyabrın 1-də Kavkaznews.az-da “Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir” başlıqlı yazı dərc olunmuşdu. Yazıda “Mətanət A” şirkətinin keçmiş satış üzrə menecerinin şikayətindən söz açılırdı. “Mən şirkətin mallarını müxtəlif marketlərə satırdım. Rəsmi maaşdan əlavə, bizə satış menecerlərinə satılan malın məbləğindən 3 faiz düşürdü. Şirkət rəhbərliyi işçilərin adına qeyri-rəsmi olaraq depozit açır. Bu depozitə bizim maaşımızın 10 faizi keçirilir.

Bu, kəsir ehtimalları üçün edilirdi. Depozitdə toplanılan pullar hər hansı kəsir və çatışmazlığı ödəməyə yönəldiləcəkdi. Mən 2011-ci ildə “Mətanət A” şirkətindən işdən çıxarıldım . İşdən çıxan zaman heç bir çatışmazlığım, kəsirim yox idi. Depozitimdə 15 min manatdan çox pul yığılmışdı. Mən rəhbərlikdən bu pulu tələb etdim. Amma “Mətanət A” rəhbərliyi depozitdəki pulumu qaytarmaqdan imtina etdi. Mənə dedilər ki, kimə şikayət edirsənsə et, hər yerə əlimiz çatır”, -Fəxri İsmayılov Kavkaznews.az-a bildirdi.

Biz “Mətanət A”nın insan resursları departamentinin rəhbəri Sevinc xanıma (təəssüf ki, soyadını bizə bildirmədi – red.) müraciət etdik.
“Fəxri İsmayılov şikayətində bildirir ki, “Mətanət A” şirkəti onun depozitindəki pulları mənimsəyib”, – deyə qeyd etdik. “Mən sizə şirkətimizdə depozit olub-olmadığı barədə məlumat verə bilmərəm. Xüsusilə də, telefonda sizə məlumat verməyim mümkün deyil. Bu məlumat konfidensial xarakter daşıyır”, – deyə departament rəhbəri qeyd etdi (Kavkaznews.az).

Martın 14-də isə LEGİON-da “Notarius və “DəmirBank” “Mətanət A” şirkətini təkzib edirlər” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda F.İsmayılovla şirkət arasında bağlanılmış girov müqaviləsi barədə bəzi məqamlar yer alırdı. “Məni bu şirkətə işə qəbul edərkən, “Mətanət A” nın rəhbərləri məndən hər-hansı bir mülkiyyətə sahib olub-olmadığımı soruşdular. “Bəli, mənim evim və maşınım var”,-dedim.

“Sizin mülkiyyətiniz bankda girov qoyulacaq”,-şirkətin rəhbərləri mənə bildirdilər. “Hansı əsasla?”,-deyə soruşdum. “Sizə satış üçün dəyəri 36 min AZN dən çox olan mal veriləcək. Satılan malın məbləğindən 3 faiz sizin gəlirinizi təşkil edəcək. Hansısa əskiyiniz aşkar edildiyi halda, sizin bankda girov qoyulan mülkiyyətiniz satılacaq və beləliklə şirkət öz xərclərinin əvəzini alacaq”,- “Mətanət A” şirkətinin rəhbərləri mənə dedilər.

Mən özümə güvənirdim və mənzilimi banka girov qoymağa razılaşdım. Mənim mənzilim “DəmirBank” ASC də girov qoyulmuşdu”,- Fəxri İsmayılov bizə bildirdi.

“Girovun məbləği nə qədər idi?”,-jurnalistimiz soruşdu. “Girovun məbləği 20 000 manat idi”, – Fəxri İsmayılov cavab verdi. “Bəs siz, banka faizləri necə ödəyirdiniz?”,-jurnalistimiz maraqlandı. “Satılan malların məbləğindən olan gəlirimin 10 faizi mənim şirkətdə olan depozitimə keçirilirdi. 3 faizi isə, faizlərin ödənilməsi üçün banka yönləndirilirdi”,- Fəxri İsmayılov bizə dedi.

İsmayılovun sözlərinə görə : “2010-cu ildə şirkət rəhbərliyinin özü mənə bildirdi ki, “Dəmir Bank” ASC- ə mənim mənzilim qanunsuz olaraq girov qoyulmuşdu”.

“Mətanət A” şirkətində işlədiyim dövrdə heç bir əskik aşkar olunmadığına görə mənə, şirkətin “DəmirBank”dan mənzilimin girovdan çıxarılmasını istəməsi haqda məktub verdilər. Mən bu məktubla “DəmirBank”a getdim, sonra mənim mənzilim girovdan çıxarıldı”,- Fəxri İsmayılov bildirdi.

Dediklərinin sübutu olaraq, o bizə “Mətanət A” şirkətinin iştirakıyla “DəmirBank” ASC ilə bağlanan müqaviləni təqdim etdi. Bu günlərdə LEGİON-a “Mətanət A”nın sabiq əməkdaşı Vüqar Həsənov müraciət etdi. Həsənovun sözlərinə görə, Fəxri İsmayılov kimi, o da “Mətanət A” şirkətində satış meneceri işləyib. “Mən şirkətdən 2016-cı ilin iyununda çıxdım. Fəxri kimi, məni də məcbur etmişdilər ki, mənzilimi bankda girov qoyum. Mənimlə, şirkət və bank arasında zəmanət müqaviləsi bağlandı. Bu müqaviləyə görə, mən öz mənzilimi bankda girov qoymuşdum. Bank isə “Mətanət A”ya zaminlik məktubu göndərmişdi ki, mən şirkətin məhsullarını mənimsəməyəcəm. Məndən də, Fəxri İsmayılov kimi, hər dəfə qazancımdan şirkətin depozit hesabına faiz verməyi tələb edirdilər”, deyə V.Həsənov bildirdi. O, öz sözlərinin təsdiqi olaraq, bizə “depozit” adlı qrafa da yer alan maaş cədvəlinin fotosurətini təqdim etdi.

V.Həsənovun sözlərinə görə, bu cədvəl şirkət rəhbəri Elxan Bəşirovun imzası ilə təsdiq olunub. Biz “Mətanət A”nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahanə Sarı ilə əlaqə saxlamağa çalışdıq. Biz istədik ki, Fəxri İsmayılovla şirkət arasında olan müqavilənin saxta olmadığı barədə “DəmirBank”işçisi Cavid Alıyevin sözlərini şərh etməyi xahiş edək. Həmçinin, sabiq şirkət əməkdaşı V.Həsənovun depozit və girov barədə fikirlərinə münasibət almaq niyyətindəydik.

Amma Ş.Sarı bizim sualları şərh etmək istəmədi: “Siz mənim sözlərimi təhrif edirsiniz və şou yaradırsınız. Bu məsələylə bağlı hüquq mühafizə orqanlarında araşdırma gedir. Buna görə də, bu orqanların reaksiyasını gözləməlisiniz. Mən 2012-ci ildən “Mətanət A”da işləyirəm və bizdə hər hansı depozit sənədi yoxdur”.

O, cədvəldəki imza haqda heç nə deyə bilməyəcəyini dedi. “Hər hansı sənədləri saxtalaşdırmağa çalışan insanlar ölkəmizin qanunları qarşısında cavab verməli olacaqlar”, – deyə şirkət rəsmisi xəbərdarlıq etdi. Şahanə Sarı xahiş etdi ki, onu daha bu mövzuda narahat etməyək.

Çingiz Rüstəmoğlu

 LEGION

Mövzu ilə bağlı linklər:

“Mətanət A” şirkəti jurnalistdən və sabiq işçisindən 2 milyon manat tələb edir – ABSURD

“Mətanət A” şirkəti Qafqaz Xəbər Agentliyindən nə istəyir?

“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?

Hüquqşünas “Mətanət A”nın işçisinə məhkəməyə müraciət etməyi təklif edir

“Mətanət A” şirkətinin ciddiyyət problemi-FOTOSƏNƏD

““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir”

““Mətanət A” mənim mənzilimi banka girov qoydu”

Mətanət A”nın “saxta” dediyi sənəd həqiqi çıxdı?-ARAŞDIRMA

 

Page1 (2)Page1 (4)

Page1

Page1 (3)

Page1 (5)

1 (8)

1
1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR