Müşfiqin 109 yaşında bizə deyəcəkləri

“Prezidentin tapşırıqlarını cəmiyyətə çatdıran Əli Həsənovun açıqlaması ilə qurbağa gölünə daş atıldı”

Qəribə “etalon”lar istehsal edir “anonim” həmvətənlərimiz. “Şair” dediyin ya avara-əyyaş olmalıdır, ya yaltaq və rəzil, ya da məğrur və axmaqcasına fədakar. Şeiriyyatdan-ruhdan anlamayanlar başımıza qazı kəsilib, tanımadan-bilmədən, “şairlər elə”, “şairlər belə” deyib, yeni nəsil ədəbiyyatımıza dil uzadılar.
Guya, Azərbaycan ədəbiyyatına bizdən daha çox canları yanırmış. İnsan bəzən bağırmaq istəyir: niyə qoymursunuz öz xanəmizdə öz rahatımızı yaşayaq? Kövrələndə qəmgin, içimizdən şadyanalıq keçəndə şən ruhlu şeirlər yazaq… İllah ki, kimlərinsə sifarişiylə davranmalı, bunun da adını “sosial” sifarişmi qoymalıyıq?
Söhbəti çox uzatmadan, bu günlərdə baş verən bir təxribatı (ya da məmur səhlənkarlığını) yada salmalıyam. Ölməz şairimiz Mikayıl Müşfiqin abidəsinin“Azəravtoyol” işçiləri tərəfindən ö vandalizmə məruz qalması cəmiyyətdə hiddətə səbəb oldu.

Cəbhədə gərginliyin davam etdiyi, milli birliyin su-hava kimi lazım olduğu bir zamanda bu təxribat və ya səhlənkarlıq bəzi qüvvələrin əlində bəhanəyə döndü. Fürsəti fövtə vermədilər və bəzi üzdəniraqlar bunu siyasiləşdirməyə, hətta etnik qarşıdurma səbəbi kimi göstərməyə belə çalışdı. Mikayıl Müşfiqin Xızıdan olmasını xüsusilə vurğulayan bəzi şəxslərlə üzləşdim…

Elə əslən Xızıdan olan, dövlətçilik sevgisini Müşfiq kimi şairlərimizdən miras qəbul edən bir gənc kimi, özüm onların ağız payını verdim. Cənab Prezident də vaxtında verdiyi reaksiya ilə göstərdi ki, bu dövlət heç vaxt görkəmli şəxslərin abidəsinə olan hörmətsizliyə biganə qalmayıb, qalmayacaq da. Dövlət başçısının tapşırıqlarını cəmiyyətə çatdıran Prezident köməkçisi Əli Həsənovun açıqlaması ilə sanki qurbağa gölünə daş atıldı. Amma istənilən halda.. Kim nə məqsəd güdür güdsün… Bu bəhanəni təxribatçılara verməməliyik. Daha doğrusu, məsuliyyət daşıyan şəxslər buna imkan verməməlidirlər. Biz neçə dəfə demişik, yenə də deyəcəyik: Heç bir müştəbeh məmur bizi dövlətimizdən küskün sala bilməz. İstər Bakıda, istərsə də bölgələrdə olan bəzi yarıtmaz məmurlar, irili-xırdalı vəzifə sahibləri özlərini “bolşoy svoloç” zənn edərək, insanları dövlətə və hakimiyyətə qarşı qoyurlar. Əlbəttə, “svoloç”ların dövlət idarəçiliyində yeri yoxdur və zamanla, onların hamısı bir-bir ifşa olunub təmizlənəcəklər. Az əvvəl “axmaqcasına fədakar” ifadəsini işlətmişdim.
Dövləti, xalqı üçün fədakar olmaq heç vaxt “axmaqcasına” sayıla bilməz.

Lakin cəmiyyət fədakarlığa “axmaqcasına” diaqnoz qoyacaqsa, o zaman həqiqətin nə olduğu bir əhəmiyyət daşımaz. Mikayıl Müşfiq 29 yaşında güllələndi… 80 il öncə. Yəni, hazırda Mikayıl Müşfiq 109 yaşında, həmişəcavan bir şairdir. Onun bizə üzünü tutub nə deyəcəyini isə çox düşünməyə dəyməz…

Şair bizə deyir ki, qarşıdan bahar gəlir. Müstəqil dövlətimizin, xalqımızın baharıdır… Onun qədrini bilək, muradımızca taledən kam alaq…

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da.
Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Azərbaycan ədəbiyyatı da, Azərbaycan mətbuatı da milli olduqca gözəldir. Milli olmaq isə ruh və qətiyyət məsələsidir, dostlar! Ruhumuzu Azərbaycana kökləyək, hardan gəlib hara getdiyimizi unutmayaq!

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR