Ombudsman Aparatı jurnalistlərin müraciətinə reaksiya vermir

Hüquq müdafiəçiləri Legion İnformasiya Agentliyinə dəstək olmağı öz üzərinə götürdü

Fevralın 11-də LEGİON-da “Hakim Fuad Talışinskinin audioyazını dinləməkdən imtina etməyə haqqı yoxdur” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi: “2017-ci il fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC ilə bağlı Nərimanov RM-in 8 noyabr tarixli qətnaməsindən “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətinə baxılıb. Məhkəmədə jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-nin hüquqlarını hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov təmsil edib.

“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi isə məhkəmədə Mehman Muradlı çıxış edib. Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov Kavkaznews.az-a bildirib ki, “İlin Dörd Fəsli” MMC-nin iddiasına görə, 15 iyul 2016-cı il tarixdə legion.az-da dərc olunan məqalədə Abşeronun baş memarı Akif Əliyevin “Yeni Bakı”dakı bəzi binaların divarlarında çatlarla bağlı səsləndirdiyi fikirlər təhrif olunub.

“Məhkəmə iclası zamanı mən Rüfət Əhmədzadənin Abşeronun baş memarı Akif Əliyevlə müsahibəsinin səs yazısının dinlənilməsi barədə vəsatətlə çıxış etdim. Lakin hakim Fuad Talışinski bu vəsatətə əhəmiyyət vermədi, və bunun “şəxsi həyata müdaxilə olduğunu” dedi”, – deyə İlqar Abbasov bildirdi (LEGION).

Fevralın 18-də isə LEGİON İnformasiya Agentliyinin rəhbərliyi və jurnalist Rüfət Əhmədzadə Azərbaycan Respublikasının insan haqları müvəkkili Elmira Süleymanovaya məktubla müraciət edib.

“Mövcud qanunlara görə, Sizin fəaliyyət dairənizə informasiya və ifadə azadlığının qorunması, ölkədə sivil cəmiyyət quruculuğunda təməl azadlıqların müdafiəsinin təminatı da daxildir. Bu səbəbdən, jurnalistika fəaliyyətimizdə üzləşdiyimiz problemlərə biganə qalmayacağınzı, müstəqil mətbuata qarşı qisas kampaniyasına yol verilməməsində Sizin də mühüm addımlar atacağınıza ümid edirik. Fikrimizcə, “Legion İnformasiya Agentliyi” MMC və jurnalist Rüfət Əhmədzadəyə qarşı planlaşdırılmış qisas kampaniyasına son verilməzsə, bu, cəmiyyətdə pis “nümunə”yə çevrilər və məmurların öz açıqlamalarını danması, jurnalistlərin də heç bir nöqsana yol vermədiyi halda, haqsız cəzalandırılması adət halını alar”, – deyə məktubda bildirilir.

Məktubda Fuad Talışinskinin Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı qərəzli mövqe tutması və açıq-aşkar “İlin Dörd Fəsli” nümayəndəsi Mehman Muradlıya tərəfkeşlik etməsi vurğulanır. Təəssüf ki, Ombudsman Elmira Süleymanova hələ də agentlik rəhbərliyi və jurnalist Rüfət Əhmədzadəyə cavab verməyib və sadəcə məktubu Bakı Apellyasiya Məhkəməsinə yönəltməklə kifayətlənib.

Bu günlərdə LEGİON-a məktub daxil olub və məktubda işin baxışının aprelin 24-nə təyin olunduğu bildirilir. Kavkaznews.az aydınlaşdıqmaq istədi, nəyə görə, Ombudsman Aparatı agentliyin və jurnalistin müraciətinə cavab vermək istəməyib? Biz bu sualı Ombudsman Aparatının nümayəndəsi Rəşad Rumzadəyə verdik. Rəşad Rumzadə bizə məsləhət gördü ki, Ombudsman Aparatının Ümumi Şöbəsinə müraciət edib öyrənək ki, Ombudsman Aparatına  müraciət daxil olub. yoxsa yox. “Ombudsman Aparatının səssiz qalması məni təəccübləndirmir. Ombudsman Elmira Süleymanova həmişə jurnalistlərin fəaliyyətlərinə və KİV nümayəndələrinin şikayətlərinə qərəzli yanaşıb. Ombudsman Aparatının müraciətlərə baxması və cavablandırması həmişə formal xarakter daşıyıb”, – deyə “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev qeyd edib.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə bildirir: “Siz hüquq müdafiəçilərinin işçi qrupuna müraciət edin (işçi qrupa QHT fəalları, hüquq müdafiəçiləri, jurnalist və hüquqşünaslar daxildir – red.) və mən sizə zəmanət verirəm ki, Ombudsman Aparatından cavab almağa nail olacağıq”.

Sözardı: Yeri gəlmişkən, ictimaiyyətin qınağına tap gətirməyən Fuad Talışinski özü-özünə etiraz edərək, işə baxmaqdan imtina edib.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR