Reketlərin dramı və yaxud “Müsibətül-ambulans”

Son günlərdə bəzi saytlar Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) və ARDDA rəisi Qüdrət Qurbanov haqqında ağır ittihamlarla dolu yazılar dərc edirlər. Həmin məlumatların bəzilərində hansısa məqsədlə 365info.az saytının adı da hallanır və məlumatlara yerləşdirilmiş şəkillərdə saytımızın adı qeyd olunur. Biz bu addımın hansı məqsədlə atıldığını bilmirik, amma qeyd etmək istərdik ki, hazırda 365info.az saytı ilə Dövlət Dəniz Administrasiyası arasında hər hansı anlaşılmazlıq, gərginlik və ya intriqa yoxdur.

Yaxın aylarda “Yunıy moryak” gəmisiylə bağlı iddiaların dərci zamanı, Mətbuat Şurasının xəbərdarlığı da oldu və biz iradları nəzərə alaraq, ARDDA tərəfindən təqdim olunan sənədləri, məhkəmə qətnamələrinin surətlərini oxuculara təqdim etdik.

Hətta biz Mətbuat Şurası sədri Əflatun Amaşova da səslənərək bildiririk ki, Mətbuat Şurasının üzvü olmaq və cəmiyyətdə maarifləndirmə apararaq, jurnalistikanın adını batıranlara qarşı mübarizəyə töhfə vermək niyyətindəyik.

Təəssüf ki, son günlər bəzi sayt rəhbərləri tərəfindən tirajlanan yazılarda redaksiya mövqeyi xüsusilə nəzərə çarpır və hətta qarşı tərəfin mövqeyi öyrənilmədən, Q.Qurbanov cinayətdə və Qəmbər Səfərov adlı şəxsə aid “Yunıy Moryak” gəmisini “oğurlamaq”da ittiham olunur. Məqsədi cəmiyyətin məlumatlanması, azad sözün müdafiəsi olan heç bir jurnalist heç vaxt hər hansı məlumatı araşdırmadan, hətta şikayət edən mənbənin adı olsa belə, qarşı tərəfin mövqeyini öyrənmədən o məlumatı “partlatmağa” çalışmaz. Çünki yayılan məlumat cəmiyyətdə çaşqınlıq yarada bilər.

Dövlətin müəyyən bir sahə üzrə sütunu sayılan hansısa qurumu ittiham etməzdən əvvəl, onu araşdırmaq lazımdır. Əgər jurnalist cəmiyyəti düşünmürsə, ən azından, özünü düşünməlidir. Axı obyektivlik jurnalistin sığortasıdır! Yox, əgər jurnalist hüquq mühafizə orqanlarını, məhkəməni ciddiyə almırsa… Onda, onun “bandit”dən fərqi qalmaz.

Bəziləri xarici domenlərlə sayt açaraq, öz kimliklərini gizlətməyə çalışırlar. Düşünürlər ki, onları tapan olmayacaq və bu yolla da, məsuliyyətdən qaçacaqlar. Hətta, bəzən belə də olur ki, zəng etdiyin nömrədə özünün “jurnalist belə olmadığını” deyən şəxsə 1-2 gün sonra özü kimi jurnalistlər tərəfindən “baş redaktor” olaraq təqdim olunur. Eyni xasiyyətdə, oxşar məqsədlərdə kəsişən bir qrup reket-jurnalist yığışıb sosial şəbəkələrdə “saytlar birliyi”, “azad söz cəbhəsi” fonu yaratmağa çalışırlar.

Biri ambulans sürücüsüdür, digəri onun tibb bacısıdır, bir başqası isə hələ vakant sanitar vəzifəsi axtarır…

Hər şeyi zaman göstərəcək və hər kəs öz yerini tapacaq.

Böyük şairimiz Qabil demişkən: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz!”…

Anar Asimoğlu

365info.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR