“Yeni Bakı”da mənzil satışı notarial təsdiq olmadan aparılıb?

Fevralın 24-də LEGİON-da ““Yeni Bakı”da mənzillər qanunsuz satılıb?” başlıqlı yazı dərc olunub. Məqalədə fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində başlayan prosesdən söz açılırdı. Bakı Apellyasiya Məhkəməsində jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC ilə bağlı Nərimanov RM-in 8 noyabr tarixli qətnaməsindən “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətinə baxılıb. Bundan əvvəlki iclas fevralın 7-də baş tutub.

Məhkəmədə jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-nin hüquqlarını tanınmış hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov təmsil edib. “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi isə məhkəmədə Mehman Muradlı çıxış edib. Qarşı tərəfin iddiasına görə, məqalənin dərci zamanı Abşeronun baş memarı Akif Əliyevin “Yeni Bakı”dakı binalarla bağlı fikirləri təhrif olunub, nəticədə isə yaşayış kompleksinin inşaatçısı və satış işlərini həyata keçirən “İlin Dörd Fəsli” MMC-nin işgüzar nüfuzuna zərər dəyib.

“İlin Dörd Fəsli” MMC öz iddiasında jurnalistdən və “Legion İnformasiya Agentliyi” MMC-dən “işgüzar nüfuza dəyən zərərə görə”, 243 min 367 manat təzminat tələb edir. İlqar Abbasov Qafqaznews.az-a bildirib ki, iş materiallarını araşdıran zaman, “İlin Dörd Fəsli” MMC-nin 1-ci instansiya olan Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində bəzi ziddiyyətli məqamlar da aşkar olunub.

“İddia ərizəsində yazılıb ki, guya “Yeni Bakı”da mənzil almaq barədə “İlin Dörd Fəsli” MMC ilə müqavilə bağlayan 4 vətəndaş 15 iyul 2016-cı il tarixli məqalənin dərcindən sonra, mənzil müqavilələrinə xitam verməyi tələb ediblər. Lakin iddiada o da qeyd olunub ki, Həsənov Elçin Vəkil oğlu və Ələsgərov Vüqar Uğurlu oğlu adlı vətəndaşlarla mənzil müqavilələrinə 12 iyul 2016-cı il tarixində xitam verilib.

Göründüyü kimi, əgər Akif Əliyevin müsahibəsi 15 iyul 2016-cı ildə dərc olunubsa, ondan 3 gün əvvəl baş verən hadisədə jurnalistin günahkar kimi göstərilməsi absurddur” .

Həmçinin, məqalədə qeyd olunurdu ki, “Yeni Bakı” massivinin inşaatıında “İlin Dörd Fəsli” MMC-nin sifarişçi, yoxsa podratçı olduğu istiqamətində araşdırma apararkən, LEGİON-un redaksiyasına sabiq Abşeron RİH başçısı Zakir Fərəcovun 25 fevral 2008-ci il tarixli sərəncamının surəti daxil olub. Həmin sərəncamda “Retro” MMC adlı şirkətə Masazır bələdiyyəsinin ərazisində, ona aid 13 ha sahədə layihələndirmə və yaşayış kompleksinin tikintisinə dair icazə verildiyi deyilir (legion.az).

“İlin Dörd Fəsli” MMC-nin baş mühasibi Ağaşirin Cəlilov bildirib ki, “Retro” MMC ilə “İlin Dörd Fəsli” arasında sifariş və podrat haqqında müqavilə imzalanıb. “Bu müqavilə əsasında “Yeni Bakı” yaşayış massivi inşa olunub. Müqaviləyə xüsusi bənd daxil olunub ki, bu bəndlə “İlin Dörd Fəsli”nə tikilmiş binalarda mənzilləri satmaq hüququ verilib”, – deyə baş mühasib bildirib.

“İstənilən halda, “İlin Dörd Fəsli” şirkəti mənzilləri öz adından satmaq hüququna malik deyildi. Hətta “İlin Dörd Fəsli” şirkətinə mənzil satmaq hüququ verilibsə belə, şirkət mənzilləri öz adından yox, ilkin şirkətin, yəni, “Retro” MMC-nin adından satmalıdır. Bilirsiniz nə baş verir? Formal olaraq, inşaata icazə bir şirkətə verilir, bu şirkət isə inşaatı başqasına sifariş edir. Mənzillərin hüquqi sənədləşdirməsi başlayanda isə onların sahibləri böyük problemlər yaşayacaqlar.

“İlin Dörd Fəsli” MMC sifarişçi ilə bağladığı müqavilədən yola çıxaraq, dəymiş zərərin ödənilməsini tələb edə bilər. Lakin, bu ancaq o halda ola bilər ki, sifarişçi “Retro” MMC birinci növbədə “İlin Dörd Fəsli” MMC-yə qarşı iddia qaldırsın. Əks halda, “İlin Dörd Fəsli” MMC dəymiş zərərin ödənilməsini tələb edə bilməz”, – deyə X.Bağırov vurğuladı.

2017-ci il martın 6-da “Yeni Bakı” yaşayış massivində yaşayan Əziz Məmmədov LEGİON-a bildirdi ki, “İlin Dörd Fəsli” ilə bağladıqları alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmayıb. “Biz sadəcə müqavilə bağladıq. Müqavilədə mənim və şirkətin rəhbərinin imzası var”, – deyə Ə.Məmmədov bildirdi.

Başqa bir “Yeni Bakı” sakini İlahə Tahirova da LEGİON-a bildirdi ki, onda sadəcə mənzilin alqı-satqısına dair müqavilə var: “Bu müqavilə notarial qaydada təsdiq olunmayıb”. “Əgər alqı-satqını mənzil-inşaat kooperativi həyata keçirirsə, o zaman, protokoldan çıxarış, evin plan-sxemi və №2 formalı istismar arayışını təqdim etməlidir. İnşaat şirkəti məhdud məsuliyyətli cəmiyyətdirsə, o zaman, şirkət Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almalı və alqı-satqını notarial qaydada təsdiq etməlidir”, – deyə LEGİON-a DƏDRX nümayəndəsi Nihad Tağıbəyli bildirib.

“İlin Dörd Fəsli” nin nümayəndəsi Miri Ağayevin sözlərinə görə, onun təmsil etdiyi şirkət məhdud məsuliyyətli cəmiyyətdir, MTK deyil. Bəs “İlin Dörd Fəsli” şirkəti məhdud məsuliyyətli cəmiyyət olduğu halda, nəyə görə, mənzillərin alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etdirməyib? Biz sualımıza cavab almaq üçün, “İlin Dörd Fəsli” MMC-nin hüquqşünası Mehman Muradlıya zəng etdik. “Bizə yazılı formada müraciət edin”, – deyə Mehman Muradlı sualımızı cavablandırmaqdan imtina etdi.

“Əgər alqı-satqı müqaviləsi notarial qaydada həyata keçirilirsə, o zaman alqı-satqı haqqında sənədlər DƏDRX-yə daxil olur. Bundan sonra isə, Reyestr Xidməti yeni sahibə mülkiyyət haqqında şəhadətnamə, yəni, “kupça” təqdim edir”, – deyə vəkil Əsabəli Mustafayev LEGİON-a bildirib. Onun sözlərinə görə, əgər MMC olan inşaat şirkəti alqı-satqı aktını notarial qaydada təsdiq etdirmirsə, o zaman bu sənəd qanunsuz sayılır.

 R.Həsənoğlu

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR