“Yeni Bakı”da mənzildən imtina edən müştərinin pulu hansı şərtlə qaytarılır? – ARAŞDIRMA

Jurnalistdən və informasiya agentliyindən 243 min manat tələb edən “İlin Dörd Fəsli” MMC-nin “səbəbləri” qondarmadır?

Məhkəməyə təqdim olunmuş ərizədə “Legion.az-ı oxuduğunu” yazan Fərid Qələbəyov bu məlumatı təkzib edir

Bu günlərdə Qafqaznews.az-da “Vətəndaşlar “Yeni Bakı”da mənzil almaq istəmirsə, jurnalist günahkardır?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, martın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə, jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC ilə bağlı Nərimanov RM-in 8 noyabr tarixli qətnaməsindən “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətinə baxılacaq. Bundan əvvəlki iclas fevralın 7-də baş tutub Məhkəmədə jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-nin hüquqlarını tanınmış hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov təmsil edib.

“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi isə məhkəmədə Mehman Muradlı çıxış edib. Qarşı tərəfin iddiasına görə, məqalənin dərci zamanı Abşeronun baş memarı Akif Əliyevin “Yeni Bakı”dakı binalarla bağlı fikirləri təhrif olunub, nəticədə isə yaşayış kompleksinin inşaatçısı və satış işlərini həyata keçirən “İilin Dörd Fəsli” MMC-nin işgüzar nüfuzuna zərər dəyib.

“İlin Dörd Fəsli” MMC öz iddiasında jurnalistdən və “Legion İnformasiya Agentliyi” MMC-dən “işgüzar nüfuza dəyən zərərə görə”, 243 min 367 manat təzminat tələb edir. İlqar Abbasov Qafqaznews.az-a bildirib ki, iş materiallarını araşdıran zaman, “İlin Dörd Fəsli” MMC-nin 1-ci instansiya olan Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində bəzi ziddiyyətli məqamlar da aşkar olunub.

“İddia ərizəsində yazılıb ki, guya “Yeni Bakı”da mənzil almaq barədə “İlin Dörd Fəsli” MMC ilə müqavilə bağlayan 4 vətəndaş 15 iyul 2016-cı il tarixli məqalənin dərcindən sonra, mənzil müqavilələrinə xitam verməyi tələb ediblər. Lakin iddiada o da qeyd olunub ki, Həsənov Elçin Vəkil oğlu və Ələsgərov Vüqar Uğurlu oğlu adlı vətəndaşlarla mənzil müqavilələrinə 12 iyul 2016-cı il tarixində xitam verilib. Göründüyü kimi, əgər Akif Əliyevin müsahibəsi 15 iyul 2016-cı ildə dərc olunubsa, ondan 3 gün əvvəl baş verən hadisədə jurnalistin günahkar kimi göstərilməsi absurddur” (qafqaznews.az).

Martın 6-da İlqar Abbasov məsələ ilə bağlı daha geniş informasiyanı Qafqaznews.az əməkdaşı ilə bölüşdü: “Keçən dəfə “İlin Dörd Fəsli” MMC tərəfindən iddia ərizəsinə əlavə olunan iş materiallarındakı ziddiyyətli məqamların bəzilərini qeyd etmişdim. Lakin başqa məqamlar da var ki, şirkət rəhbərliyinin iddiasının əsaslı olmasını şübhə altına salır.

Məsələn, Həsənov Elçin Vəkil oğlu müqaviləyə 12 iyul 2016-cı ildə “İlin Dörd Fəsli” rəhbərliyinə yazdığı ərizəsində qeyd edib: “Sosial şəbəkələrdə “Yeni Bakı” yaşayış kompleksi barədə problemli yazı oxudum, “İlin Dörd Fəsli” MMC-yə qarşı inamsızlıq yarandı” (səhifə 69).

“İlin Dörd Fəsli” MMC-nin baş direktoru Elnur Hüseynov elə həmin ərizəni imzası ilə təsdiqləyib, müştəri ilə şirkət arasında 12.07.2016 tarixli razılaşma protokolu imzalanıb. Elçin Həsənovun ərizəsində Legion.az saytından və Rüfət Əhmədzadənin məqaləsindən söz açılmır, çünki məhkəmə predmeti olan məqalə üç gün sonra – 15.07.2016 tarixində yayımlanıb”, – deyə İ.Abbasov bildirdi.

O qeyd etdi ki, Rəcəbov Ceyhun Cabir oğlu – 19 iyul 2016-cı ildə “İlin Dörd Fəsli” MMC rəhbərliyinə yazdığı ərizədə bildirib: “İnternet saytlarında “Yeni Bakı” yaşayış kompleksi barədə oxuduğum məlumatlar mənim fikrimi dəyişdirərək, aldığım mənzildən imtina etmək qərarına gəlmişəm (səhifə 49)”.

Beləliklə, sual yaranır: “internet saytları” deyərkən, ancaq Legion.az başa düşülür? Axı, “Yeni Bakı”dakı binalarda çat və çökmə olması barədə başqa saytlar da müxtəlif məlumatlar dərc edib. O cümlədən, “Google”da axtarış aparsanız, Olaylar.az saytında “5 iyun 2013-cü il tarixli “Masazırdakı “Yeni Bakı” massivi çökür – PROBLEM” başlıqlı məqalə ilə üzləşərsiniz.

Əgər “İlin Dörd Fəsli” MMC daha əvvəl başqa saytlarda çıxan yazılara reaksiya vermirsə, şirkətin mövqeyini də işıqlandıran Rüfət Əhmədzadə və legion.az saytına qarşı qərəzli münasibətin səbəbini anlamaq olmur”. Hüquqşünasın sözlərinə görə, Ələsgərov Vüqar Uğurlu oğlu 12 iyul 2016-cı il tarixli ərizəsində sadəcə pulunu geri tələb edib, hər hansı “saytlar” və ya “sosial şəbəkələr” səbəbini göstərməyib.: “Həmin gün də, şirkət rəhbərliyi ilə mənzil müqaviləsinə xitam verilməsi barədə razılaşma protokolu imzalayıblar.

Göründüyü kimi, Vüqar Ələsgərovun ərizəsi də, onunla “İlin Dörd Fəsli” MMC arasındakı razılaşma protokolu da Rüfət Əhmədzadənin “Abşeronun baş memarı “Yeni Bakı”dakı binaların çökməsini təsdiqlədi” başlıqlı yazısının dərcindən 3 gün əvvəl baş tutub”.

İlqar Abbasov əlavə etdi ki, yeganə olaraq, Qələbəyov Fərid Ceyhun oğlu – 16 iyul 2016-cı il tarixində yazdığı ərizəsində “mən “legion.az” saytından oxumuşam” sözlərini işlədib: “Bilmirəm, buna görə, hakim jurnalisti günahkar hesab edəcək, ya yox… Amma jurnalistin hüququ var ki, vətəndaşları narahat edən məsələlər ətrafında araşdırma aparsın və cəmiyyətə obyektiv informasiya təqdim etsin. Rüfət Əhmədzadə öz yazısında “İlin Dörd Fəsli” MMC-nin də, Abşeronun baş memarı Akif Əliyevin də, FHN-in mətbuat xidmətinin açıqlamasını da dərc edib.

Əgər Akif Əliyevin jurnalistə müsahibə verib-verməməsi mübahisə mövzusudursa, o zaman hörmətli hakim Fuad Talışinski adıkeçən Akif Əliyevi məhkəməyə dəvət edə, zərurət yarandıqda isə müsahibənin səs yazısını ekspertizaya göndərə bilər. Bu barədə vəsatət də qaldırmışıq, lakin hakim bunu “şəxsi həyata müdaxilə” kimi qiymətləndirərək, vəsatətimizi təmin etməyib”.

Qeyd edək ki, Qafqaz Xəbər Agentliyinin rusdilli Kavkaznews.az saytının əməkdaşı araşdırma apararaq, ərizəsində “Legion.az-dakı məqaləni oxuduqdan sonra mənzildən imtina etdiyini” yazan Fərid Ceyhun oğlu Qələbəyovla əlaqə saxlayıb.  “ Sizi Qafqaz Xəbər Xəbər agentliyindən narahat edirik. “Yeni Bakı”dan ev almısınız, sonra da qaytarmısınız. Siz mənzili niyə qaytarmısınız?”, – deyə əməkdaşımız soruşub. “Mən bu haqda məlumat verə bilmərəm”, – deyə F.Qələbəyov bildirdi. “Evin keyfiyyətinə görə, ya nəyə görə?” – deyə soruşduq. F.Qələbəyob yenə də “Mən bu haqda məlumat verə bilmərəm”, – deyə təkrarlasa da, sonra suallarımızı cavablandırmağa razılaşdı: “Nə istəyirsən, soruş”.

“Biz araşdırma aparırıq “Yeni Bakı” ilə bağlı. Evdən imtina edənlərindən biri sizsiniz. Biz də sorğu aparırıq. Ordan mənzil almaq istəyənlər sonradan mənzil müqavilələrinə xitam veriblər. Siz də mənzili qaytaranlardan birisiniz. Biz də sorğu aparırıq. Bizdə olan məlumata görə, bəziləri binada olan çatlara görə qaytarıblar”, – deyə əməkdaşımız qeyd etdi.

“Yox, mən ona görə qaytarmamışam. Mənim bina ilə bağlı heç bir problemim olmayıb”, – deyə F.Qələbəyov bildirdi. “Bəlkə, hansısa saytda oxumusunuz ki, orda bir problem var?” – deyə maraqlandıq. “Yox, orda elə problem yox idi. Mən sadəcə olaraq evimi qaytarıb başqa bir yerdən ev alası oldum”, – deyə Fərid Qələbəyov cavab verdi. “Deməli, hansısa bir saytda verilən məlumatla bağlı deyildi…”, – deyə dəqiqləşdirmək istədik.

“Yox ey, hansı sayt haqqında danışırsan… Mən ümumiyyətlə məlumatlı deyiləm”, – deyə F.Qələbəyov bildirdi. “Oxuduğun məqalə ilə bağlı deyil?”, – soruşduq, “Yox, yox” cavabı aldıq. Bu dəfə sualımızı daha dəqiq səsləndirdik: “Legion.az saytında oxuduğun məqalə ilə bağlı deyil?”. F.Qələbəyov yenə də “Yox, yox” – deyə cavab verdi. “Heç bilmədim o məlumat sənə niyə gəlib çatıb. Evi qaytarmışam, nə edirsən? Yox, yox, qardaş”, – deyən F.Qələbəyov bizimlə sağollaşdı. Göründüyü kimi, sual yaranır. Görəsən, “İlin Dörd Fəsli” MMC rəhbərliyi “Yeni Bakı”da mənzil almaq istəməyən Fərid Qələbəyova pullarını hansısa şərt altında qaytarıb? Yoxsa, Fərid Qələbəyov, doğrudan da, Legion.az saytında hansısa məqaləni unudub, amma 8 ay sonra oxuduqları və hətta ərizəsində yazdıqları yadından çıxıb? Araşdırmamız davam edir.

 Mahmud Rasimoğlu

Qafqaznews.az
Mövzu ilə bağlı linklər:

Vətəndaşlar “Yeni Bakı”da mənzil almaq istəmirsə, jurnalist günahkardır? – FAKTLAR

Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi – ARAŞDIRMA, FOTO, VİDEO

“Yeni Bakı”da yanğın çıxışları ayrı-ayrı sakinlərə satılır? – FOTO, VİDEO

Abşeronun baş memarı “Yeni Bakı” haqqında dediklərini niyə danır? FOTO, AUDİO

“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi məhkəmədə mötəbər şəxsin adından istifadə edir?

Araz Məmmədov və Rüfət Əhmədzadə Bakı Apellyasiya Məhkəməsinə etiraz ərizəsiylə müraciət etdilər – MƏTN

Hakim Fuad Talışinski “şəxsi həyat” deyəndə nə başa düşür?(AUDİO)

Fuad Talışinskinin audioyazını dinləməkdən imtina etməyə haqqı yoxdur”

“İlin Dörd Fəsli” şirkəti “zərərin ödənilməsi”ni tələb edə bilməz”

“İlin Dörd Fəsli” şirkəti məhkəməni aldadıb?

Bakı Apellayasiya Məhkəməsinin hakimi baxdığı işin mahiyyətindən xəbərsizdir?

 



  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR