“120 kilo satmışam, kilosu 7 qəpiyə” – Köhnə məhkum yenə oğurluqla saxlanıldı – VİDEO

Sabunçu Rayon Polis İdarəsinə vətəndaş Dimitri Singin və Oleq Quryanov tərəfindən şikayət daxil olub.

ARB TV xəbər verir ki, onlar qohumlarının Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda olan məzarlarının üzərindən dəmir barmaqlıqlar və xaçların oğurlanması barədə məlumat veriblər.

Sabunçu RPİ və 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini əvvəllər məhkum olunmuş Hümbət Kərimov saxlanılıb. Onun Balaxanı qəsəbəsindəki fərdi yaşayış evinə baxış zamanı məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. Hümbət Kərimov ilkin izahatı zamanı dəmir parçalarını satmaq niyyəti ilə oğurladığını bildirib.

Hümbət Kərimov – Saxlanılan şəxs: “Gedib rus qəbiristanlığından dəmirləri gətirirdim, verirdim metalloma. Olan bunlardı. 120 kilo satmışam, kilosu 7 qəpiyə”.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR