Ağlı başında olan adam başqasını özünü öldürmə həddinə çatdırmaz

Aprelin 19-da Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü İsmayılova Aynurə Xalid qızının yaşadığı evdə bıçaqla qarın nahiyəsinə xəsarət yetirərək özünü öldürməyə cəhd etməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən edilib ki, A.İsmayılovanın özünü öldürməyə cəhd etməsinə səbəb əri İsmayılov Eldəniz Allahverən oğlunun onu mütəmadi olaraq ləyaqətini alçaltması və amansız rəftar edərək döyməsi olub. Müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təqdim olunan A.İsmayılovanın bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izi aşkar edilib. E.İsmayılov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. (APA )

Məsələ ilə bağlı Psixi Sağlamlıq Mərkəzinin baş həkiminin müavini Rüstəm Salayev LEGİON-a bidirib ki, özünü öldürmə həddinə çadırma faktını müəyyən etmək üçün zəruri prosedurlar həyata keçirilir: “ Təqsirləndirilən şəxsin psixi xəstəliyinin olub-olmadığını müəyyən etmək üçün zəruri psixoloji ekspertiza keçirilməlidir. Ölüm həddinə çatdırmaq üçün mütləq psixi xəstə olmaq lazım deyil. Ağlı başında olan adam da öz çirkin məqsədləri üçün kimisə ölüm həddinə çatdıra bilər. Əgər bir adam başqasını heç bir səbəb olmadan mütəmadi olaraq döyürsə, incidirsə, alçaldırsa, onun doğrudan da psixoloji problemi var. Amma xəsarətlər ailədaxili münaqişələrdən, konfliktlərdən də baş verir”.

Çingiz Rüstəmoğlu

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR