Akif Çovdarov tərəfindən döyülən şəxsin 360 min manat borcu var imiş

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qədim Ədilovun epizodu üzrə şahidlər ifadə verib.

Qədim Ədilov ifadəsində A.Çovdarovdan maddi zərər çəkməklə yanaşı, general tərəfindən döyüldüyünü də deyib. Məhkəmə prosesində ifadə verən şahid Natiq Hümbətov bildirib ki, Qədim Ədilovu tanıyır və Q.Ədilovun ona və digər bir neçə şəxsə borcu olub.

Şahid deyib ki, Q.Ədilov borclarını verməmək üçün hər kəsi aldadıb. N.Hümbətov əlavə edib ki, Q.Ədilovun dələduzluq əməlləri barəsində hüquq-mühafizə orqanlarına şikayət də ediblər. Şahidin sözlərinə görə, Q.Ədilovun ona 360 min manat borcu olub. İclasda həmin epizod üzrə digər şahidlər də ifadə verib.

Növbəti məhkəmə prosesi aprelin 26-da davam edəcək.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR