Akif Çovdarovun 14 karatlıq brilyant əməliyyatının məhkəməsi

Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tofiq Rəcəbov digər zərərçəkmiş Elçin Hacıyevin epizodu üzrə ifadə verib.

O bildirib ki, MTN əməkdaşları onları Nizami küçəsində saxlayıblar: “Mən Elçinlə Həsən adlı şəxsə brilyant göstərməyə getmişdik. Bizi orada saxlayıb nazirliyə apardılar. Sonradan Elçin dedi ki, MTN əməkdaşlarına pul verib. Lakin mən onun pul verməsini görməmişdim. Bildirdiyinə görə, ondan 80 min manat alıblar. Mən onun pul verməsinə inanmadım və buna görə münasibətimiz pozuldu”.

A.Çovdarovun vəkilləri onun istintaq zamanı verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyyətlər olduğunu deyiblər. Buna aydınlıq gətirən T.Rəcəbov deyib ki, istintaq zamanı ifadəsini oxumadan imzalayıb. T.Rəcəbov nazirlikdə hər hansı təzyiqə məruz qalmadığını, brilyantı Azərbaycana Arda adlı şəxsin gətirdiyini, özünün vasitəçi olduğunu deyib.

T.Rəcəbov iclasda heç bir tələbinin olmaması barədə ərizə yazıb.

Elçin Həsənov istintaq zamanı ifadəsində bildirib ki, MTN əməkdaşları sərbəst buraxılmaları üçün ondan 14 karatlıq brilyant və 80 min manat pul alıblar.

Xatırladaq ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR