Azərbaycanlı kriminal avtoritetin qardaşının qətlinin sifarişçisi saxlanıldı: VİDEO

Sankt-Peterburqun Oktyabr rayon məhkəməsi Azərbaycan vətəndaşı Vüsal Əskərovu iki aylıq həbs edib

Yayıminfo.com  Rusiya mediasına istinadən bildirir ki, o, ötən il Sofiya tərəvəz bazasındakı sifarişli qətldə iştirak etməkdə şübhəli bilinir.

Əskərov özü eyni zamanda Novruz Məmmədovun başçılıq etdiyi etnik qruplaşmanın işi üzrə zərərçəkmiş sayılır.

Dəstə 7 il müddətində ticarətçiləri oğurlamaq, hədə-qorxu gəlmək və quldurluq etməklə qorxu içərisində saxlayıb. Vüsal Əskərovun özünü 2012-ci ilin iyul ayında bir sutka şəhər kənarındakı evdə saxlayaraq qohumlarından buraxılması müqabilində 1 milyon rubl tələb ediblər.

2015-ci ildə qruplaşmanın başçısı və əsas üzvləri saxlanılıb. 2017-ci il aprelin 10-da Əskərov onların əleyhinə ifadə verib, ancaq özü ayın 11-də sifarişli qətldə əli olması şübhəsi ilə saxlanılıb.

Xatırladaq ki, ötən il iyunun 20-də Sofiya tərəvəz bazasında biznesmen və kriminal avtoritet Elçin Piterski ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Maarif İsmayılov güllələnib. Qatil elə həmin baza ərazisində yaxalanıb. O, Daxili İşlər Nazirliyinin məzunu, 27 yaşlı Emil Hüsynov olub. Onun sözlərinə görə, qətlin sifarişini məhz Vüsal Əskərovdan alıb. Bu işdə adı keçən daha bir nəfər Əfqan Əliyev ona İsmayılovun harada olduğunu və görkəmi barədə informasiya verib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, sorğu-sual zamanı Əskərov sifarişli qətldə vasitəçi olduğunu boynuna alıb. O özü sifarişi kriminal avtoritetlərdən birindən alıb və icrası üçün Əliyevi tutub.

İlk vaxtlar belə məlumat yayılmışdı ki, Hüseynovu tutan kütlə ondan sifarişçinin kim olduğunu soruşub, o da “Vaqif” qışqırıb. O zaman belə ehtimal irəli sürülüb ki, bu, Elçin Piterskinin münaqişədə olduğu milyarder Vaqif Məmişov ola bilər.

Digər versiyaya görə, İsmayılovu başqa bir qohumuna – əvvəllər bazarda pul axınlarının bölüşdürülməsində nüfuzlu oyunçu olan hansısa Novruza görə  öldürüblər.

Bundan əlavə, ehtimal olunan versiyalar arasında şəxsi borc və qisas da olub. Ehtimal olunub ki, Hüseynov İsmayılov vasitəsilə Azərbaycana 200 min rubl göndərməyə cəhd edib, ancaq pul lazım olan ünvana çatdırılmayıb. Nəhayət, bəzi məlumatlara görə, Hüseynovun atası bir müddət əvvəl İsmayılovun yaxınları tərəfindən oğurlanıb ə oğlu tərəvəz bazasına ehtimal olunan incidənlərdən qisas almağa gedib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR