“Bakı Marafonu – 2017” start götürüb

Bu gün “Bakı Marafonu – 2017” start götürüb.

“Report”un məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edir.

Dövlət Bayrağı Meydanından saat 10:00-da başlayan yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq yarışda siyasətçilər, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri, idmançılar və tələbələr də daxil olmaqla 13 min 200 nəfər iştirak edir.

Marafona 60-dan çox təşkilat və şirkətin təmsilçiləri qoşulub. Qaçışda, eləcə də, İsveçrə, Hindistan, Çexiya, Meksika, Braziliya, BƏƏ, Ukrayna və Malayziyanın səfirləri, Koreya, İraq, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın ölkəmizdəki səfirlikləri, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım Təşkilatının, “BP Azərbaycan” şirkətinin təmsilçiləri iştirak edir. Marafonda, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna və digər ölkələrdən gəlib iştirak edənlər də var. Marafonun ən yaşlı iştirakçısı 78 yaşlı Tanrıverdi Əliyevdir.

Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.

Marafonun missiyası Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır. Tədbirin əsas hədəfləri idman sənayesinin inkişafını sürətləndirmək, gəncliyi sağlam və balanslaşdırılmış həyat tərzinə həvəsləndirməkdir.

“Bakı Marafonu 2017”nin kişi və qadın kateqoriyası üzrə qaliblərinin hər biri 3 min manat məbləğində mükafat alacaq. II yerlər 2 min, III yeri tutanlar isə min manat əldə edəcək.

Bundan əlavə, finiş xəttini 4 – 6-cı keçən ümumilikdə 6 kişi və qadına Avropa daxilində istədikləri ölkəyə uçmaq üçün bir bilet təqdim olunacaq.

7 – 8-ci yerlərin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 – 10-cu yerin sahiblərinə isə 100 manatlıq hədiyyə kuponu veriləcək.

Marafon Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə “SMG” (“Sport Marketing Group”) şirkəti həyata keçirir.

Qeyd edək ki, ilk marafon yarışı – “Bakı Marafonu – 2016” ötən il mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi marafona Dövlət Bayrağı Meydanından start verilib. Yarışın başlandığını bildirən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb. Yarı marafon məsafəsinin – 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib. Yarışın finiş xətti və medal təltifetmə mərasimi Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında finişə birinci Namiq Əsədov (Azərbaycan), ikinci Georqi Dameniya (Gürcüstan) və üçüncü Tural Sadıxlı (Azərbaycan) çatıb. Qadınlar arasında Rahidə Aslanova (Azərbaycan) birinci, Nataşa Pitersen (Böyük Britaniya) ikinci, Rəqsanə Rəcəbli (Azərbaycan) isə finişi üçüncü keçib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR