Bakıda 3-cü Britaniya Bahar Film Festivalının açılışı olub

British Council Azərbaycan, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə 3-cü Britaniya Bahar Film Festivalının açılışı baş tutub.

“Report” xəbər verir ki, festivalın açılışında ilk olaraq “Yeni nəfəs” müsabiqəsinin qalibi Natiq Rəsulovun “İkinci güllə” filmi göstərilib.

Aprelin 28-dən mayın 4-dək davam edəcək festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş Reyçel Tunnardın mükafata layiq görülən “Yetkinlik Həyatının Bacarıqları” (Adult Life Skills) komediyası, həmçinin “Mən, Deniel Bleyk” (I, Daniel Blake), “Yan, Yan, Yan” (Burn, Burn, Burn), “Daşqın” (The Levelling), “Möhtəşəm Həyat” (This Beautiful Fantastic) və “Etel və Ernest” (Ethel and Ernest) 6 fərqli filmlər tamaşaçılara Azərbaycan dilində subtitrlərlə təqdim olunacaq.

Azərbaycanda 3-cü Britaniya Bahar Film Festivalının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru xanım Elizabet Uayt bildirib: “Bu ilin Bahar Britaniya Filmləri Festivalında həqiqətən maraqlı olan yeni filmlər təqdim ediləcək. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar”.

Böyük Britaniyanın Azərbaycandakı səfiri “British Film Spring” festivalını yenidən dəstəkləməkdən çox məmnun olduğunu bildirib və müasir qadın rejissorlar və prodüserlərin yaşadığımız həyatın sevinc və çətinliklərini ekranlara necə daşıdıqlarını görməyi səbirsizliklə gözlədiyini söyləyib.

Bütün filmlər Nizami Kino Mərkəzində ingilis dilində, rus dilində alt yazılarla göstəriləcək.

“Report” festivalda göstəriləcək filmlərin seans cədvəlini təqdim edir:

Yetkinlik Həyatının Bacarıqları – 28 aprel – 19:00 / 30 aprel- 14:30

Etel və Ernest- 29 aprel – 14:30 / 1 aprel – 14:30

Mən, Deniel Bleyk – 30 aprel – 18:30 / 4 may – 18:30

Möhtəşəm Həyat – 1 may – 18:30 / 2 may – 14:30

Yan Yan Yan – 2 may – 18:30 / 3 may – 14:30

Daşqın – 3 may – 18:30 / 4 may – 14:30

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR