Bakıdan oğurlanan 450 milyon dollar

Azərbaycanın “yaşıl”a olan ümidlərini puç etdilər
 
 Bakının Üçüncü mikrorayon dairəsindən bir az aşağıda, keçmiş avtovağzalın qarşısında fəaliyyətə başlamış “Yaşıl market”də müştəridən çox satıcı gözə dəyir.
İstipress-in çəkiliş qrupunun “Yaşıl market”də apardığı araşdırma qiymətlərin Bakının bazar yarmarkalarından elə də ciddi fərqlənmədiyini ortaya çıxarıb. Məsələn, Bakının digər bazarlarında Tovuz kartofunun kiloqramını 90 qəpikdən almaq mümkündürsə, bu bazarda 80 qəpikdən almaq olur. Yaxud kələm əksər meyvə dükanlarında 80 qəpiyə satılırsa, “Yaşıl market”də 80 qəpikdir və s. Pomidorun kiloqramı hər yerdə olduğu kimi 2,8 – 3 manata satılır və s. Bu bazarda yalnız alma ucuzdur, yerli almanın kiloqramını 25 qəpiyə almaq olur.
Bakıda
Bakıda “Yaşıl bazar”
“Yaşıl market”in dayanacaqlardan və nəqliyyatın gur işlədiyi yollardan bir qədər də uzaq olması da bazarın populyarlığını aşağı salır. Beləliklə, Sahibkarlığa Kömək Milli Fondunun tərəfindən 15,7 milyon manat kredit ayrılaraq tikilmiş “yaşıl market” şəbəkəsinin gözlənlənilən nəticələri vermədiyini düşünmək olar. Bir il qabaq bu layihəyə başlanandan sonra verilən açıqlamalarda burda əsasən fermerlərin öz məhsullarını satacağı bildirlirdi.
“Yaşıl marketlər”in nə olmasını izah edən rəsmi dairələr  bu qurumların  ilk dəfə 1980 – 90-cı illərdə Avropanın müxtəlif ölkələrində fəaliyyətə başladığını bildirirdilər. Rəsmi qurumlar bildirirdi, “Yaşıl market”də yalnız fermerlər öz məhsullarını satacaqlar və buna görə də məhsulları ucuz olacaq.
“Yaşıl market”i idarə edən ASC-nin nümayəndəsi Emin Mustafayev İstiPress-ə bildirib ki, bunun üçün fermerlərdən yer pulu alınmır ki, bu da məhsulların qiymətinə müəyyən qədər təsir edir: “Fermerlər burada öz məhsullarını həm satırlar, həm də reklam edirlər”.
Onun sözlərinə görə, özəl biznes layihəsi olan ASC-nin gəlirləri  ölkədən meyvə-tərəvəz ixracı hesabına təmin ediləcək. Yəni məntiq aydındır. Fermerlər özləri mallarını sovet dövrünün kolxoz bazarlarında olduğu kimi “Yaşıl market”ə gətirəcəklər, ASC də buradan ucuz qiymətə mallar alıb Rusiyaya ixrac edəcək.
Nəzəri cəhətdən doğurudur. Amma İstiPress-in araşdırmasına görə, həm Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təşkil etdiyi yarmarkalarda, həm də “Yaşıl market”də fermerlərdən çox, alverçilər yer alır. Sadəcə, yer pulu vermədiklərindən malları nisbətən ucuz satırlar. Əslində, fermerlərin əksəriyyətinin Bakı bazarlarına birbaşa məhsul gətirmək imkanı yoxdur. Ərzaq məhsullarını Bakıya alverçilər gətirir və əldən-ələ keçən mal 3-4 dəfəyə qədər bahalaşır.
Əslində, Azərbaycanda fermerlərin istehsal etdikləri məhsulları Bakıya gətirməklə məşğul olan xüsusi loqistika şəbəkəsinə ehtiyac var və “Yaşıl market”lər yaradılan zaman belə bir loqistik şəbəkənin yaradılağağına ümidlər yaranmışdı. Şimali Avropa ölkələrində belə şəbəkənin olması hesabına fermerin topdansatış qiyməti ilə pərakəndə satış qiyməti arasında maksimum 30 faiz fərq yaranır.
Əslində, Azərbaycanda da istehsalçının topdansatış qiymətləri ilə pərakəndə satış qiymətləri arasında elə bu səviyyədə fərq olmalıdır. Çünki qiyməti 3-4 dəfə bahalaşdıran möhtəkirlər təkcə Bakıya daşınan meyvə-tərəvəzə görə kəndli ailələrinə çatmalı olan 700 milyon manata, yəni təxminən 450 milyon dollara qədər vəsaiti öz ciblərinə qoyurlar. Bunu hesablamaq elə də çətin deyil. Bakı və Abşeronda təxminən 4 milyon adam yaşayır və adambaşına ayda 20 manat meyvə-tərvəzdən götürdükdə toplam dövriyyə 1 milyard manata yaxınlaşır. Amma göründüyü kimi, Bakı sakinlərinin dükan-bazarda ödədiyi bu vəsaitlərin əsas hissəsi bazarlara nəzarət edən möhtəkirlərin cibinə axır.
“Yaşıl market”lər yaradılan zaman vurğulanırdı ki, Quba və Lənkəran istiqamətinə xüsusi yük avtomobilləri hərəkət edəcək və məhsullar gətiriləcək. Yəni məhsul əldən ələ keçməyəcək və ucuz olacaq. Lakin görünüyü kimi, ASC bu işi fermerlərə  həvalə edir. Son 20 ilin təcrübəsi göstərir ki, fermerlər bu işi bacarmırlar və dövlətin xüsusi himayəsinə ehtiyac var. KTN-dən isə İstiPress-ə bu işə müdaxilə edə bilmədiklərini bildiriblər: “Bu işə özəl şirkətlər sərmayə yatırıb. Dövlətin bu işə müdaxiləsi yolverilməzdir”.
Əslində, bu cür loqistika şəbəkəsini yaratmaq üçün bazar təşkil etməyə ehtiyac yoxdur.  Qərbi Avropa ölkələrinin təcrübəsi göstərir ki, bu işi iri supermarket şəbəkələrinin vasitəsi ilə daha rahat görmək olar. Yəni Bakıda bir neçə supermarketi olan şəbəkə fermerlərlə  danışıqlara gedərək məhsulların Bakıya gətirilərək satılmasına imkan yarada bilər. Bunun üçün, dövlət supermarket şəbəkələrinə aşağı faizli kreditlər verməklə yanaşı, həm də onların qarşısında yerli məhsulun satışı ilə bağlı tələblər qoyulmalıdır.
  NUH.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR