Baş Prokurorluq Bakıda uçqun hadisəsi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Səbail rayonundakı istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunla əlaqədar məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Qafqaznews.az-a açıqlamasında bildirib ki, faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən gün baş vermiş uçqun nəticəsində dağıntılar altından 2 meyit çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan birinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR