Bir dəfə qalxan qiymətlər bir daha enməyəcək

 Bazara ayrı-ayrı qruplar nəzarət edir

İqtisadiyyat naziri Şahin Mustafayev 14 aprel 2017-ci il tarixdə bəyan edib ki: “ Nazirlər kabinetinin sonuncu müşavirəsində dövlət başçısı ciddi şəkildə xəbərdarlıq etdi ki, süni qiymət artımına yol verilməməlidir. İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində zəruri tədbirləri həyata keçirir və axırıncı müşavirədən sonra daha intensiv çalışırıq”. Nazirin sözlərinə görə, istehlak bazarına monitorinq daha da genişlənib: “ İqtisadiyyat Nazirliyi süni qiymət artımına qarşı mübarizə aparır və bütün zəruri tədbirləri görəcək”. ( APA )

“Əgər İqtisadiyyat nazirliyi həqiqətən də bütün zəruri tədbirləri görürsə, niyə qiymətlər azalmaq əvəzinə artır?” sualı ilə İstehlakçıların Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Eyyub Hüseynova müraciət etdik. Cənab Hüseynov bildirdi ki, dövlət başçısı bir neçə il əvvəl süni qiymət artımı ilə bağlı çox ciddi xəbərdarlıq edib: “ Amma İqtisadiyyat Nazirliyi indi ayılıb”. Eyyub Hüseynovun fikrincə, artıq gecdir, çünki cin artıq şüşədən çıxıb:” Bir dəfə qalxan qiymətlər bir daha enməyəcək .

Bazar ayrı-ayrı qruplar arasında bölünüb və istehlakçıların hüquqları qorunmur”. Hüseynov onu da qeyd etdi ki, İqtisadiyyat Nazirliyinin fəaliyyətsizliyi səbəbindən bu günədək ölkədə antiinhisar məcəlləsi qəbul olunmur: “ İstehlakçılar İttifaqı çox vacib analitik sənəd hazırlayıb. Bu sənəddə biz göstərmişik ki, Azərbaycanda alqı-satqı məsələsində qiymətlər süni şəkildə artırılır. Biz sübut etmişik ki, kreditə verilən mallar vətəndaşları aldatmaqdır…vətəndaşlar məcbur edilir ki, yüksək qiymətlə məhsul alsınar. Ancaq İqtisadiyyat Nazirliyi bizim müraciətimizə heç bir reaksiya vermədi”.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu LEGİON-a aşağıdakıları söylədi: “ Mənə bugünədək aydın deyil ki, hansı süni qiymət artımından söhbət gedə bilər. Biz bazar iqtisadiyyatı sistemində yaşayırıq. Belə olan halda süni qiymət artımı ilə bağlı necə mübarizə aparmaq olar ? Bu günədək kim bu məsələyə görə cəzalandırılıb ki?”.

Rəşad Rüstəmov

LEGION 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR