Dövlətdən 50 min manatı oğurlamaq cinayət sayılmır…

Satınalma proseduru keçirilmədən dövlət vəsaitlərini xərcləməyə görə cəzalar dəyişdirildi, deputatların iradları nəzərə alınmadı
Qüdrət Həsənquliyev: “Bir manatlıq iş beş manata gördürülür, 1 manat dəyəri olan əmlak 5 manata alınır” Elmira Axundova: «Alternativ cəzaların mümkünlüyü xoşagəlməz hallara yol açır»
Azərbaycanda satınalma proseduru keçirilmədən dövlət vəsaitlərini xərcləməyə görə cəzalar sərtləşdirilir. Bununla bağlı Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik edilib. Qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Onun sözlərinə görə, qanuna satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə ilə bağlı 308-2-ci maddənin əlavə edilməsi təklif edilir. Ə.Hüseynli bildirib ki, bu dəyişiklik satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmağa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurmağa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Millət vəkili Qüdrət Həsənquliyev bu maddənin əlavə edilməsini yüksək qiymətləndirsə də, cəzaların tətbiqi ilə bağlı ciddi sualların yarandığını vurğulayıb: “Prezident İlham Əliyev tərəfindən də dəfələrlə vurğulanıb ki, büdcə vəsaitlərinə kifayət qədər qənaət olunmalıdır, büdcə vəsaitləri qorunmalıdır, mənimsəmə hallarının qarşısı alınmalıdır, korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir. Amma cəza tətbiqi ilə bağlı, yəni normanın sanksiyası ciddi suallar doğurur. Məsələn, burada qeyd olunur ki, satınalma zamanı qanunvericilik pozulursa və bunun nəticəsində dövlətə 50 min manatdan çox ziyan vurulduqda bu cinayət məsuliyyəti yaradır. Yəni, 50 min manata qədər dövlət vəsaiti oğurlanırsa, bu da oğurluğun bir formasıdır. Söhbət nədən gedir? Burada cinayətin subyektindən söhbət gedir. Yəni, oğru dövlətin, ictimai əmlakı, vətəndaşın əmlakını oğurlayır. Yəni, qeyri-qanuni yolla, gizli formada əmlakı ələ keçirir. Burada da satınalmalar zamanı tender keçirmədən, kiminlə isə cinayət əlaqəsinə girməklə dövlət əmlakı  mənimsənilir. Bir manatlıq iş beş manata gördürülür. Yaxud 1 manat dəyəri olan əmlak 5 manata alınır. Bu, oğurluğun başqa bir formasıdır. Amma burada subyekt vəzifəli şəxsdir. Vəzifəli şəxs qulluq mövqeyindən sui-istifadə etmək yolu ilə oğurluq edir. Məsələn, birisi avtobusda əlini kiminsə cibinə atmaqla oğruluq edir, o birisi də vəsaitləri qanunu pozmaqla, yüksək qiymətlər yazmaqla dövlət əmlakını oğurlayır. Bunun heç bir fərqi yoxdur. Gedib su sayğacını oğurladı və yaxud büdcədən vəsait oğurladı. Bu misalı niyə çəkirəm? Baxın, bizdə oğurluğa görə, 177-ci maddədə qeyd edirik ki, şəxsin oğurladığı əmlakın dəyəri 30 manatdan çox olduqda cinayət məsuliyyəti yaranır. Bunun sanksiyasına fikir verək. Burada 2 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Amma 50 min manata qədər oğurluq edən şəxsə biz deyirik ki, bu, inzibati qaydada məsuliyyət yaradır,  ümumiyyətlə cinayət məsuliyyəti yaratmır. 50 min manatdan 250 min manatadək dövlətin pulunu oğurlamağa görə 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yəni, indi belə çıxır ki, vəzifəli şəxslər üçün biz oğurluq etdiyinə görə başqa cəza nəzərdə tuturuq, adi vətəndaşlar üçün başqa cəzalar nəzərdə tuturuq. 177-ci maddənin 2-ci hissəsi külli miqdarda oğurluqla bağlıdır. Külli miqdarda, yəni 7 min manata qədər oğurluq edən adama 6 ildən 12 ilədək cəza nəzərdə tutulur. Amma dövlətə 250 mindən çox ziyan vuran adama, vəzifəli şəxsə biz 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəza nəzərdə tuturuq. 7 min manata görə 6 ildən 12 ilədək, 250 min manatdan çox ziyana görə 2 ildən 4 ilədək  azadlıqdan məhrumetmə nəzərdə tuturuq. Vəzifəli şəxs bu qədər ciddi cinayətə yol verirsə, ilk növbədə məcburi qaydada müəyyən müddətə vəzifə tutma hüququndan məhrum edilməlidir və bu normada öz əksini tapmalıdır. Burada ədaləti gözləməliyik”.
Deputat Elmira Axundova, satınalmalarla bağlı cəzaların qanunvericilikdə nəzərdə tutulması mühüm addım adlandırsa da, bəzi məsələlərin sual yaratdığını deyib
“Mən plenar iclaslarda çıxış edərək qeyd etmişəm ki, əgər dövlət büdcə vəsaitlərinə qənaət etmək istəyirsə, elə ilk növbədə satınalmalara, elan olunan tenderlərə diqqəti, nəzarəti və məsuliyyəti artırmalıdır.
Amma təklif olunan dəyişikliklərlə bağlı bəzi suallarım olacaq. Məsələ ondan ibarətdir ki, 308-2-ci maddənin bəndlərində eyni əmələ görə bir-birindən fərqli iki ayrı-ayrı cəzalar nəzərdə tutulur. Məsələn, elə götürək 308-2.1-ci bəndi. Həmin bəndə əsasən xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə edilməklə üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Axı nəyə görə dövlət vəsaitlərini talayan şəxs üçün alternativ cəza nəzərdə tutaq? Məncə alternativ cəzaların mümkünlüyü (ya, yaxud və s. sözlərlə ifadə olunan) hüquq-mühafizə sistemində xoşagəlməz hallara yol açır. Ona görə düşünürəm ki, cəza sərt və konkret olmalıdır.
Məcəllənin 308-2.2 və 308-2.3-cü maddələrdə qeyd olunan “xeyli miqdar” ziyan ifadəsinə maddənin “Qeyd” hissəsində aydınlıq gətirilir. Növbəti sualım ondan ibarətdir ki, bəs 308-2.1-ci maddədəki “xeyli miqdar” nə qədərdir?
Sonuncu sualım isə belədir. Satınalma metodlarının tətbiqi şərtlərinin pozulmasına, məsələn, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərinin xərclənməsinə, malların satın alınmasının açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda digər satınalma metodlarından qanunsuz istifadə etmə ilə həyata keçirilməsinə və s. əməllərə  görə həm Cinayət, həm də İnzibati Xətalar Məcəlləsində cəza nəzərdə tutulur. Nəyə görə eyni əməllərə görə bir-birindən fərqli cəza təqdim olunur? Mən hesab edirəm ki, bu cür əməllər Cinayət Məcəlləsi ilə cəzalandırılmalıdır”.
Ə. Hüseynli isə bildirib ki, alternativ cəza Azərbaycan qanunvericiliyində nəzərdə tutulub. O, Qüdrət Həsənquliyevin cəza ilə bağlı iradına cavab olaraq da bildirib ki, iqtisadi sahədə cinayətkarlıqla bağlı cinayətlərdə əsas məqsəd dəymiş ziyanın ödənilməsi ilə bağlıdır: “Yaxın zamanlarda iqtisadi sahədə cinayətkarlıqla əlaqədar humanistləşmə ilə bağlı qanunlar paketi daxil olacaq. Bizim əsas  məqsədimiz vurulan ziyanın ödənilməsi ilə bağlıdır”.
“Dövlət satınalmaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Hazırda qüvvədə olan qanunun 55.2.1-ci maddəsinin ləğv edilməsi təklif olunur. Qeyd edək ki, bu maddəyə əsasən satınalan şirkətin bu qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satınalma metodunun seçilməsi ilə bağlı şikayət vermək hüququ yoxdur.
Bu dəyişiklik isə satınalan şirkətin bu qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənə (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satınalma metodunun seçilməsi ilə bağlı şikayət vermək hüququ verir. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.
bizimyol.info

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR