Həbsxana rəisinin müavini azad mətbuata təzyiq edir..?

Xeyli vaxtdır Qafqaz Xəbər Agentliyi məhkum anası Şəhla Dadaşovanın şikayətini dərc edir. Qeyd edək ki, Şəhla Dadaşova məsələ ilə bağlı ölkə başçısı İlham Əliyev cənablarına da müraciət edib. Şəhla Dadaşova öz müraciətində qeyd edir ki, oğlu, 28.05.1984-cü ildə anadan olmuş Dadaşov Emil Rəfail oğlu AR CM-nin 177.3.2, 181.2.2, 185.2.1, 185.2.2, 228.4, 326.2 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il azadlıqdan məhrum edilmiş və hazırda 1 saylı Cəzacəkmə Müəssisəsində saxlanılır: “ Oğlum Dadaşov Emil Rəfail oğlu törətmiş olduğu oğurluq cinayətlərini dərhal, yəni tutulduğu andan istintaqda etiraf edərək təqsirini boynuna almışdır.

Lakin vətəndaş Şükürova Yadigar Arif qızına bədən xəsarəti yetirməklə ona qarşı quldurluq cinayətini törətməyi əvvəlcədən istintaqda qəti şəkildə inkar etməsinə və istintaq araşdırması zamanı həmin cinayəti təqsirləndirilən şəxs Səmədov Davud Qədir oğlunun özünün quldurluq cinayətini etiraf etməsinə və zərərçəkmiş Şükürova Yadigar Arif qızı “tanınma” istintaqı tədbiri zamanı ona qarşı quldurluq cinayətinin törədən şəxs kimi, məhz təqsirləndirilən şəxs Səmədov Davud Qədir oğlunu tanıyıb göstərib.

Buna baxmayaraq 7 (yeddi) aydan sonra istintaq naməlum səbəblərdən təqsirləndirilən şəxs Səmədov Davud Qədir oğlunu “təmizə” çıxarıb. Belə ki, istintaq  həmin cinayəti mənim oğlum Dadaşov Emil Rəfail oğlu tərəfindən törədildiyini “sübuta yetirir” və Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqi Rəşad Əliyevin tərtib etdiyi başdansovdu “ittiham aktı” Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 22 fevral 2013-cü il tarixdə “Cinayət işinə baxılmasına xitam verilməsi və işin prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında Qərar” qəbul edilir.

Və oğlum Dadaşov Emil Rəfail oğlu törətmədiyi quldurluq cinayətində də təqsirli bilinərək haqsız cəza alır. Oğlum Dadaşov Emil Rəfail oğlu başqa cinayətləri törətdiyini istintaqa dərhal etiraf etsə də ,haqsız olaraq quldurluq cinayətində günahlandırılması barədə aidiyyəti orqanlara mütəmadi olaraq şikayət etmiş olsa da,bunu  istintaqa və məhkəmə istintaqı zamanı məhkəmə heyətinə, ittihamçı prokurora bildirsə də onun şikayətinə məhəl qoyulmamışdır”.

Məhkum anası Prezidentdən xahiş edir ki, oğlunun TÖRƏTMƏDİYİ (!!!) cinayət əməlində təqsirli olmadığının araşdırılaraq tədbir görülməsi üçün müvafiq orqanlara göstəriş verilsin. Müraciətdən açıq-aydın görünür ki, Şəhla Dadaşova hörmətli Prezidentdən oğlunun bağışlanmasını, yaxud əfv olunmasını xahiş etmir. Ana xahiş edir ki, oğlunun TÖRƏTMƏDİYİ cinayətə görə, təqsirli olmadığı araşdırılsın. Ana hətta oğlunun etiraf etdiyi cinayətlərini də qeyd edir. Amma ana başqasının cinayətinə görə oğlunun cəzalandırılmasından narazıdır. Ümumilli Liderimiz Heydər Əliyev deyirdi ki, dövlət iki halda sarsılır:

Cinayətkar cəzasız qalanda və cinayəti törətməyən cəza alanda. Bəli, cinayəti törədən və istintaq müddətində bunu etiraf edən Davud Səmədov azadlığa buraxılır və həmin cəza Emil Dadaşova “yüklənir”. Peyğəmbərimiz də buyururdu ki, “gözə göz, dişə diş…etməsəniz Allah yanında əziz olarsınız”. Yəni cəza da törədilən əmələ adekvat olmalıdır: nə artıq, nə də əskik.

Amma ananın müraciətindən bəlli olur ki, baş müstəntiq Rəşad Əliyev bütün cinayəti yoğurub Emil Dadaşovun üzərinə yapıb. Düzdür, Rəşad Əliyev belə əməllərinə görə paytaxtın Nəsimi rayonundan Qaradağ rayonuna “ezam olunub”. Amma ortada başqasının əməlinə görə zərərçəkən Emil Dadaşov var. Emil Dadaşovun və onun anasının dövlət qurumlarına, mətbuata müraciəti Rəşad Əliyevi rahat buraxmır. Çünki Rəşad Əliyev gözəl bilir ki, bir gün etdiyi bu haqsızlığın cəzasını çəkəcək. Ona görə də Emil Dadaşovun və onun ailə üzvlərinin mətbuata müraciətlərinin qarşısını almaq, onları susdurnaq üçün həbsxana həyatı yaşayan məhkuma təzyiq etməkdən başqa çarə bulmur. Rəşad Əliyev düşünür ki, həbsxanada məhkuma təzyiq etməklə onu və ailəsini susdura bilər. Ancaq hansı yolla..? Bunun üçün köhnə dostu, mətbuatda “işgəncələr kralı “ kimi tanınan Əli Əmirova üz tutur.

Əli Əmirov kimdir..? Məlumat üçün bildirək ki, əvvəllər Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi olan Əli Əmrovun adı Azərbaycan həbsxanalarındakı məhkumlar arasında “işgəncə kralı” kimi tanınıb. Onu əməllərinə görə, rəis vəzifəsindən uzaqlaşdırıblar. Hazırda 1 saylı cəzaçəkmə müəssisəsində rəis müavinidir. Rəşad Əliyev məhkum Emil Dadaşovu susdurmaq üçün onun həbsxana həyatı yaşadığı 1 saylı CM-nin rəis müavini Əli Əmirovla sövdələşərək məhkumu susdurmaq, türmə dili ilə desək sındırmaq istəyir.

Rəşad Əliyev də, Əli Əmirov da unudurlar ki, onlar kimi çox atoynadanlar, ölkə qanunlarını saymayanlar olub. Amma ölkə başçısı belə əməllərdən xəbərdar olan kimi belələri haqlı cəzasını alıb. Digər tərəfdən bu iki şəxs vətəndaşın haqlı olaraq şikayət etmək haqqını əlindən almaq istəyir..? Axı, vətəndaşın bu haqları ölkənin əsas qanununda təsbit olunub.. Bəlkə bu cütlük azad sözə, müstəqil mətbuata əzələ nümayiş etdirmək istəyir..? Azad mətbuata kəllə atmaq istəyənlərin isə aqibəti bəllidir, cənab nadzor…

Murad İbrahimli


LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR