İqtisadi İnkişaf Nazirliyi “kənar şəxslər”i dövlət satınalmaları üzrə Komissiyaya buraxmır

Azərbaycan dövlətsatınalmaları ilə bağlı qanunvericiliyə və onun icrasına görə Şərq tərəfdaşlığı ölkələri arasında axırıncı yerdədir. Bu məsələ üzrə reytinq cədvəlində 100 mümkün baldan ölkəmiz 49 bal toplaya bilib.
Qanunvericlikdə dövlətsatınalmalarının şəffaflığını təmin edən tələblər çox da deyil: satınalmaların illik planı, tender şərtlərində dəyişikliklər, tenderdə iştirak etmək istəyənlər barədə informasiya, daxil olan şikayətlər, iddiaçıların tender şərtləri, tender komissiyasının qərarı və tender konfliklərinin həlli.

Bir sözlə, dövlətsatınalmaları ilə bağlı qanunvericiliyimiz 100 mümkün baldan 9.4 bal toplaya bilib. Tender prosedurları şəffaf aparılmadığı üçün korrupsiya riski çox yüksəkdir. (https://www.tpp-rating.org/). Digər ölkələrdən fərqli olaraq Azərbaycanda bugünədək elektron tender təşkil olunmayıb. Dövlətsatınalmalarına nəzarət məsələsinə vətəndaş cəmiyyətləri yaxın buraxılmır. Dövlətsatınalmaları ilə bağlı cəmiyyətə boş informasiya verilir.

Dövlətsatınalmalarının şəffaflığı ilə bağlı layihə və ölkələrin reytinq cədvəli Gürcüstanın informasiya azadlığı institutu tərəfindən həyata keçirilib və bu işdə “Şəffaf Azərbaycan” təşkilatı da iştirak edib.
Qiymətləndirmədə qanunvericilik, effektivlik, şəffaflıq, hesabatlıq, rəqabətlik və digər faktorlar nəzərə alınıb.
Və sonda ən yaxşı qanunvericilik Gürcüstanın və Ukraynanın olub. (contact.az).

Məsələ ilə bağlı “Şəffaf Azərbaycan” təşkilatının rəhbəri Rəna Səfərliyeva LEGİON-a aşağıdakıları söyləyib: “ Biz hesab edirik ki, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə mütləq Qeyri-Hökumət Təşkilatları ( QHT) cəlb olunmalıdır. Dövlətsatınalmaları haqqında” Qanunda belə tələb yoxdur, sadəcə bu bizim təklifimizdir. Mövcud “İctimai iştirak haqqında” qanunda bu məsələlər çox genişdir. Bu qanunda qeyd olunur ki, QHT-lər şəffalığı təmin etmək üçün mütləq dövlət qurumlarının işinə cəlb olunmalıdır. Amma konkret necə cəlb olunmaqla bağlı qanunda heç nə deyilmir”.

İqtisadıçı Sabit Bağırov isə məsələ ilə bağlı LEGİON-a aşağıdakıları söylədi: “ “Tender komissiyalarının formalaşdırılması” ilə bağlı qanunun 23-cü maddəsinə görə tender komissiyalarına dövlət orqanlarında çalışan mütəxəssislər daxil edilir. Qanunda tender komissiyalarına vətəndaş cəmiyyəti üzvlərinin cəlb olunması ilə bağlı heç nə yoxdur”.

İqtisadçı hesab edir ki, dövlətsatınalmalarında mütləq şəffaflıq olmalıdır: “ Bu qanunda nəzərdə tutulub. Tender haqqında informasiya mütləq KİV-də dərc olunmalıdır. Dövlətsatınalmaları üzrə Agentlik fəaliyyət göstərəndə buna əməl olunurdu. Agentlik ləğv olunandan sonra bu məsələlər İqtisadiyyat nazirliyinin səlahiyyətinə keçdi. Şəffaflığa riayət etmək çox vacib məsələdir.Çünki söhbət bütün vətəndaşların ödədiyi vergilərdən formalaşan büdcə vəsaitlərinin xərclənməsindən gedir. Bu məsələ bütün vətəndaşlara açıq olmalıdır”.
İqtisadçı açıqlamasını belə davam etdirdi: “ Bu informasiyanı bilən vətəndaş cəmiyyəti mütləq büdcə vəsaitlərinin xərclənməsinə nəzarət etməlidir. Əgər informasiya qapalıdırsa, vətəndaş cəmiyyəti buna nəzarət edə bilməz. Vətəndaş nəzarəti olmayan yerdə isə məmur istədiyini edir”.

Bağırovun fikrincə, hətta qanunda vətəndaş cəmiyyəti üzvlərinin tender komissiyasına cəlb olunması nəzərdə tutulsa belə, həmin şəxslər hakimiyyətlə bağlı olacaq: “Məmurlar razı olmaz ki, müstəqil şəxslər tender komissiyasında iştirak etsin. Əgər keçirilən tender barədə informasiya açıq olarsa, istənilən QHT təhlil apara və tender barədə qəbul olunan qərarın və qiymətlərin mövcud bazara uyğun olub-olmadığını ortaya qoya bilər”.

Rəşad Rüstəmov

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR