İslamiadanın su səyahəti Astarada davam etdi – VİDEO

Aprelin 5-də Bakının Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Naxçıvandan sonra aprelin 9-da Astarada davam edib.

XəzərXəbər xəbər verir ki, Astaranın “Xəzərdən başlayan su səyahəti”nə daxil edilməsi heç də təsadüfü deyil.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın cənub qapısı” adlandırdığı Astara rayonu Lənkəran ovalığında yerləşir. Təbiət Astaradan öz gözəlliyini, nemətlərini əsirgəməyib, bərəkət boxçasını bütünlüklə onun üzünə açıb.

Xəzər dənizinə açılan rayonun şərq hissəsində qara qumlu çimərliklər, qərbində yerləşən meşələr, bulaqlar və nəhayət onun subtropik iqlimi Astaranı bütün il boyu cəlbedici istirahət məkanına çevirib.

Astaranın Ərçivan qəsəbəsində, Bakı-Astara magistral yolunun yaxınlığında yerləşən “Yanar bulaq” qeyri-adiliyi ilə diqqəti cəlb edir.

“Yanar bulaq” iki elementi – od və suyu özündə birləşdirir. Bulaqdan qaynayan qeyri-adi suyun tərkibində yüksək həcmdə metan var. Bu səbəbdən odu ona yaxınlaşdırdıqda sudan ayrılan qaz məşəl kimi alovlanır. Yerli sakinlər söyləyirlər ki, suyun müalicəvi keyfiyyətləri var və buna görə uzaq yerlərdən insanlar bu suyu içməyə gəlirlər.

Astara rayonunun turizm marşrutuna daxil edilən və yerli əhəmiyyətli tarixi abidə kimi qorunan “Yanar bulağ”a təkcə yerli əhali deyil, xarici qonaqlar və turistlər də böyük maraq göstərirlər.

Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinə Astarada “Yanar bulaq”dan start verilib.

Dünya və Avropa Çempionatının sərbəst güləş üzrə bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən “Qran-Pri” beynəlxalq yarışın qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar Məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Mirrahil Ağayev “Yanar bulaq”da Azərbaycanın dəmirçilik ənənəsindən, İslam dünyasında ənənəvi qab dizaynına uyğun döyülmüş misdən hazırlanmış “Bakı 2017”-nin gözəl su qablarını su ilə doldurdular. Bu su qabları axşam saatlarında Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində keçiriləcək “Su festivalı”nda və mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Astara Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Astara şəhər bələdiyyəsinin sədri Şahverən Cavadov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin daxili əlaqələr üzrə meneceri, layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatın mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara qələbə sevincləri arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Qeyd edək ki, “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Astara şəhərindəki park-bulvar kompleksində axşam saatlarında “Su festivalı” keçiriləcək, konsert proqramı təqdim olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR