Məhkəmə “Xalq Bank”a qarşı iddianı təmin edib?

Laçın rayonundan məcburi köçkün Budaqov Şakir Xanlar oğlu “Xalq Bank” ASC-nin Mingəçevir Filialından şikayətçidir. Şikayətçi bildirir ki, onunla “Xalq Bank” ASC-nin Mingəçevir filialı arasında 26.01.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 19.166 manat əsas, 2.223 manat 28 qəpik faiz borcu, borcun qaytarılmasının gecikdirildiyinə görə hesablanmış 314 manat 70 qəpik məbləğində cərimə ödənilsə də, bank evin sənədlərinin üzərinə qoyduğu girovluğu götürməyib. Şakir Budaqov banka qarşı məhkəmədə iddia qaldırıb.

Mingəçevir şəhər Məhkəməsinin 01 may 2015-ci il tarixli qətnaməsi ilə Ş.Budaqovun iddiası təmin edilib, Xammal və Əmtəə Birjası “Külək” MMC tərəfindən keçirilmiş Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 nömrəli evin 1 nömrəli mənzilinə dair 06.03.2012-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi qət edilib.

“Xalq Bank” apellyasiya şikayəti edib. Şəki Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə bankın apellyasiya şikayəti rədd edilib. Ş.Budaqov iddia edir ki, məhkəmə qətnaməsi bu günə kimi icra olunmayıb. (bizimyol).

Məsələ ilə bağlı hüquqşünas Xalid Bağırov LEGİON-a bildirib ki, bankın mənzili hərraca çıxartmaq hüququ yoxdur: “ Bank mənzili hərraca çıxartmaq və banka dəyən zərərin ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. İddia qəbul edildikdən sonra girov mənzili hərraca bank deyil, məhkəmə icraçıları çıxarda bilər”. Vəkil Ələsgər Məmmədli isə bildirib ki, əgər vətəndaş banka olan borcunu tam ödəyibsə mənzilin hərraca çıxarılması qanunsuzluqdur: “ Belə olan halda bank məsuliyyətə cəlb oluna bilər”.

R.Həsənoğlu

LEGİON

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR