“Məktəblərdə qidaların keyfiyyətinə nəzarət mexanizmi yoxdur”

22 aprel 2017-ci il taixdə contact.az saytında “Uşaqlar məktəbdə nə yeyir?” başlıqlı məqalə dərc olunub. “Ölkə həkimləri çoxdan həyəcan təbili çalırlar: uşaqlar arasında allergiyanın, mədə-bağırsaq xəstəliklərinin, piylənməyə meylliliyin artması müşahidə olunur. Hamısının səbəbi uşaqların yediyi fast-fudlar, şirniyyat, tarazlaşdırılmamış qidalanmadır. Valideynlər də bu vəziyyətdən narahatdırlar. Onların əksəriyyəti uşaqları məktəbə göndərərkən çantalarına təzə buterbrod, şüşədə su qoyurlar. Amma, axı bu, vəziyyətdən çıxış yolu deyil.

Uşaqlar günorta müvafiq gigiyena şəraitində hazırlanmış isti yeməklər yeməlidir. Şagirdlərin sağlam qidalanmasının təşkili ilə bağlı kəskin ictimai tənqidə baxmayaraq, Təhsil Nazirliyi hələ də bu sahədə vəziyyəti normallaşdırmağa müvəffəq olmur. Təhsil məüssisələrində uşaqların qidalanması haqqında normativləri təsdiq edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də problemdən uzaq durur. Axı, şagirdlər isti yeməklə qidalanmalıdırlar. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev qeyd edir ki, məktəblərdə qidalanmanın təşkili “Məktəbli və tələbə iaşə” ASC-yə tapşırılıb. ASC yalnız çox vaxt mənşəyi şübhəli olan məhsulların məktəblərə təqdim edilməsini öz öhdəliyi hesab edir.

Amma məktəblərdə satılan istənilən qida keyfiyyətli olmalıdır və buna məktəblər özləri nəzarət etməlidir. Görəsən, nə üçün Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev özünün dediyi kimi “çox vaxt mənşəyi şübhəli olan məhsulların məktəblərə təqdim edilməsi” ilə bağlı tədbir görmür?

Biz bu sualla İmran Abdullayevin özünə müraciət etdik. Sualımıza cavab olaraq İmran Abdullayev LEGİON-a bildirdi ki, siz haradan bilirsiniz ki, biz tədbir görmürük.. Abdullayev bildirdi ki, contact.az-dakı material çoxdan çap olunub, yəqin yenidən təkrar çap ediblər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyena və epidemiologiya şöbəsinin müdiri Ziyəddin Kazımov isə LEGİON-a bildirib ki, sahibkarlıq obyektlərində yoxlamaların keçirilməsi dövlət başçısı tərəfindən qadağan olunub: “ Həmin qadağaya qədər bütün rayonlardakı məktəb yeməkxanaları bizim nəzarətimiz altında idi”.

Məsələ ilə bağlı Azərbaycan İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov LEGİON-a bildirib ki, orta və ali məktəblərdə qidalanma ilə bağlı ciddi problemlər var: “ Bu gün məktəb yeməkxanalarının əksəriyyəti sahibkarlara icarəyə verilib. Bu yeməkxanalardan gələn gəlir isə məktəb direktorları, icarədarlar arasında bölüşdürülür”. Hüseynovun fikrincə, məktəb yeməkxanalarının ancaq 5 faizini Təhsil Nazirliyinin həvalə etdiyi şirkətlər, qalanlarını isə məlum olmayan şirkətlər məhsulla təchiz edirlər.

Hüseynov Ziyəddin Kazımovun fikirlərinə də münasibət bildirdi: “ Prezident insan sağlamlığı ilə bağlı yoxlamaları qadağan etməyib. Həm də bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu hamımızda böyük ümidlər yaradıb. Ancaq bu agentlikdə təkcə dövlət qurumları iştirak edəcəksə, onda mən inanmıram ki, agentlik normal fəaliyyət göstərsin”.

Mübirimizin “Nə üçün?” sualına Hüseynov belə münasibət bildirib: “ Agentlik ancaq ictimai təşkilatların iştirakı ilə birgə normal fəaliyyət göstərə bilər”.

LEGİON “Məktəbli və tələbə iaşə” ASC-nin rəhbəri İlham Hacıyevlə də əlaqə saxlayıb. O, müxbirimizə bildirib ki, biz 2 ildən artıqdır ki, məktəbləri qida ilə təmin etmirik. Müxbirimizin “ Doğrudurmu, məktəb yeməkxanaları müxtəlif sahibkarlara icarəyə verilib?” sualını İlham Hacıyev belə cavablandırıb: “ Məktəbləri bizim şirkət təchis edəndə belə hal olmayıb. İndi bilmirəm”.

Müxbirimiz keyfiyyətsiz qidalara bağlı soruşanda şirkət rəhbəri belə cavab verib: “ Ancaq ləyaqətsiz adamlar belə işlər görə bilər”. Müxbirimizin “Məktəb yeməkxanalarına keyfiyyətsiz qida verilməsinin qarşısını ala biləcək mexanizmlərin mövcudluğu ilə bağlı” sualına isə Hacıyevin cavabı belə olub: “ Belə mexanizm mövcud deyil”.

Rəşad Rüstəmov

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR