Məktəbləri qida ilə təchiz etməklə bağlı tenderi kim udub?

24 aprel 2017- cil il tarixdə LEGION saytında “Məktəblərdə qidaların keyfiyyətinə nəzarət mexanizmi yoxdur” başlıqlı məqalə dərc olunub. Məqalədə problemlə bağlı Azərbaycan İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, orta və ali məktəblərdə qidalanma ilə bağlı ciddi problemlər var: “ Bu gün məktəb yeməkxanalarının əksəriyyəti sahibkarlara icarəyə verilib. Bu yeməkxanalardan gələn gəlir isə məktəb direktorları, icarədarlar arasında bölüşdürülür”.

Hüseynovun fikrincə, məktəb yeməkxanalarının ancaq 5 faizini Təhsil Nazirliyinin həvalə etdiyi şirkətlər, qalanlarını isə məlum olmayan şirkətlər məhsulla təchiz edirlər: “ Ona görə də bu gün hətta it əti, eşşək əti də məktəblərə verilə bilər”.

Məqalədə məsələ ilə bağlı “Məktəbli və tələbə iaşə” ASC-nin rəhbəri İlham Hacıyevin də fikirləri yer alıb. Məlumat üçün bildirək ki, son 2 ilədək uzun müüddət məktəbləri bu şirkət qida ilə təchiz edib. Müxbirimizin “Doğrudurmu, məktəb yeməkxanaları müxtəlif sahibkarlara icarəyə verilib?” sualını İlham Hacıyev belə cavablandırıb: “ Məktəbləri bizim şirkət təchiz edəndə belə hal olmayıb. İndi bilmirəm”.

Müxbirimiz keyfiyyətsiz qidalara bağlı soruşanda şirkət rəhbəri belə cavab verib: “ Ancaq ləyaqətsiz adamlar belə işlər görə bilər”.

Müxbirimizin “Məktəb yeməkxanalarına keyfiyyətsiz qida verilməsinin qarşısını ala biləcək mexanizmlərin mövcudluğu ilə bağlı” sualına isə Hacıyevin cavabı belə olub: “ Belə mexanizm mövcud deyil”.

26 aprel 2017-ci il tarixdə yenidən İlham Hacıyevlə əlaqə saxladıq. O, müxbirimizə bildirib ki, biz hətta sovet dövründə məktəbləri qida ilə təchiz edirdik. Müxbirimizin “Axı, müstəqillikdən sonra məktəbləri qida ilə təchiz etmək üçün mütləq tenderdə içtirak etmək lazm idi “ fikrinə İlham Hacıyevin münasibəti belə olub: “Biz tenderdə iştirak edirdik. Hər il tender keçirilirdi.

Biz Təhsil Nazirliyinin keçirdiyi bütün tenderlərdə qalib olmuşuq”. Müxbirimizin “ Əgər tenderdə qalib olmusunuzsa, niyə Təhsi Nazirliyi məktəblərin qida təchizatını başqa şirkətə həvalə edib?” sualına İlham Hacıyev belə cavab verib: “Bilmirəm. Biz tenderi udduq. Anacq Təhsil Nazirliyi bizə məktub göndərdi ki, məktəblərin qida ilə təchizatı REM şirkətinə verildi”.

REM şirkətində ümumi şöbənin əməkdaşı Həsənağa Hüseynov LEGİON-un müxbiri ilə söhbətində İlham Hacıyevin dediklərini təkzib etdi: “ Biz məktəbləri qida ilə təchiz edirik. Bizim şirkət Təhsil Nazirliyinin keçirdiyi tenderin qalibi olub”.

Müxbirimizin “Bəs İlham Hacıyev deyir ki, tenderin qalibi onun rəhbərlik etdiyi şirkət olub, ancaq məktəblərin qida ilə təchizatı hansısa səbəbdən REM şirkətinə həvalə edilib” fikrinə Həsənağa Hüseynovun münasibəti belə oldu: “ Belə ola bilməz. Biz Təhsil Nazirliyinin keçirdiyi tenderi udmuşuq. Axırıncı dəfə 2017-ci ilin yanvarında keçirilən tenderdə iştirak etmişik. Ondan əvvəl tender ötən ilin iyulunda keçirilib. Onda da bizim şirkət qalib olub”.

Maraqlıdır görəsən nazirliyin keçirdiyi tenderi hansı şirkət udub: REM, yoxsa “Məktəbli və tələbə iaşə” ASC ? Suala cavab tapmaq məqsədilə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovla əlaqə saxladıq. O, bildirdi ki, mən Bakıda deyiləm, Göyçaydayam, dağlıq ərazidə, məktəbin açılışında… Müxbirimizin “Təhsil Nazirliyinin məktəblərin qlda təchizatı ilə bağlı keçirdiyi tenderi hansı şirkət udub?” sualına nazirliyin mətbuat katibi “Mən pis eşidirəm” deyərək dəstəyi asdı.

Məsələ ilə bağlı Azərbaycan İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun da fikirlərini öyrəndik: “ Hər dəfə eyni şirkət tenderin qalibi ola bilməz. Bu onu göstərir ki, tender obyektiv keçirilmir”.

Mahmud Suanlı

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR