Məmurlar məsuliyyətə cəlb olunmur

Deputatlar isə qanunların icrasına görə cavabdeh deyil

Azərbaycanda vətəndaşa qarşı qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlər edən dövlət orqanının vəzifəli şəxsinə qarşı cərimələr bir neçə dəfə ağırlaşdırılır. Bu Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən maddənin 1-ci bəndinin (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxsi qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, həmin əməldə bu Məcəllənin 293.2-ci maddəsində nəzərdə tutulmuş işgəncə əməlinin əlamətləri olmadıqda) sanksiyasında “300 manatdan 400 manata qədər” cərimə “400 manatdan 600 manata qədər” cərimə ilə əvəzlənir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq. (strateq.az).

Məsələ ilə bağlı hüquq müdafiəçisi Səadət Bənənyarlının fikirlərini öyrəndik: “ Mən ötən əsrin 90-cı illərindən hüquq müdafiəsi ilə məşğul oluram, indiyədək bir məmurun, vəzifəli şəxsin qeyri-insani münasibətə görə cəzalandırıldığının şahidi olmamışam”.

Bənənyarlının fikrincə, Azərbaycan məmuru üçün 400-600 manat çox cüzi puldur, bu məbləğ adi insanlar üçün əlçatmazdır. Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu isə məsələ ilə bağlı LEGİON-a bildirib ki, Azərbaycanda heç vaxt məmur qeyri-insani münasibətə görə, məsuliyyətə cəlb olunmayıb: “ Bir dəfə biz hüquq müdafiəçiləri amansız həbsxana rəislərindən biri ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinə şikayət etdik.

Həmin rəisi başqa bir həbsxanaya rəsi göndərdilər. Yəni heç bir cəza olmadı. Bizim ölkədə onlarla qanun qəbul olunsa da həmin qanunlar icra olunmur”.

Nə üçün qəbul olunan qanunlar icra olunmur..? Bu sualla Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafaya müraciət etdik O, LEGİON-a bildirdi ki, biz ancaq qanunların qəbulu ilə məşğul oluruq, qanunların icrasına başqa qurumlar cavabdehdir.

Rəşad Rüstəmov

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR