Mənim general ulduzumu verin…

İki gün öncə NUH.az saytl Gəncə Şəhər Polis İdarəsinin rəisi polkovnik Faiq Şabanovun vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbər yaymışdı.
Xəbərdə qeyd olunurdu ki, cənab nazir ailədaxili və milli mənəvi dəyərlər məsələsinə çox həssas yanaşır və bu dəyərlərə riayət etməyən bir neçə polis rəisi yaxın vaxtlarda vəzifəsi ilə vidalaşacaq.
Düzdür, yayılan xəbər bir müddət sonra DİN-in mətbuat xidməti tərəfindən təkzib edildi.
Amma ortaya xeyli suallar çıxır. Bu xəbər necə oldu ki, ortaya çıxıd? Axı, atalar demişkən, od olmasa tüstü çıxmaz.
Deməli, ortada nəsə var.
Digər tərəfdən NUH.az bəzi “polis rəislərinin milli-mənəvi dəyərlərə riayət etməməsi” deyəndə nəyi nəzərdə tutur, daha doğrusu, nəyə eyham-işarə edir..? Niyə oxu atıb yayı gizlədir..?
Əlbəttə, biz işimizi gümanlar, fərziyyələr üzərində qura bilmərik.
Ancaq LEGİON-a daxil olan informasiya bəzi qənaətlərə gəlməyə əsas verir.
Belə ki LEGİON-a daxil olan məlumata görə, DİN-in binasının yaxınlığındakı dərzixanada Daxili İşlər Orqanlarının əməkdaşları, zabitləri, hətta generaları üçün uniforma tikilir.
Mənbə LEGİON-a danışır ki, bir gün DİN-in yüksəkçinli və söz sahibi olan zabitlərindən biri həmin dərzixanaya daxil olanda heyrətə gəlir, az qala şoka düşür.
Dərzixanadakı asılqanda general uniforması az qala alışıb-yanır, gəl-gəl deyir.
Hələ uniformanın çiynindəki general ulduzu və üstündəki briliyant daş 14 gecəlik ay kimi işıq saçır, bərq vurur…
DİN yetkilisi dərzidən soruşur ki, bu general kostyumu kimindir?
Dərzi cavab verir ki, filan rəisin…
DİN yetkilisi əsəbi halda bir də soruşur ki, axı filankəs general deyil… bu kostyumu necə sifariş verib..?
Dərzi deyir ki, vallah mən nə bilim…filan rəis gəldi dedi ki, gecə yuxuda görmüşəm ki, generalam…mənə bir general kostyumu tik…mən də tikdim…
DİN yetkilisi xeyli güləndən sonra deyir ki, həə, o general ulduzunu ancaq yuxuda görə bilər.
Mənbə LEGİON-a bildirib ki, həmin rəis hərdən gecələr yuxudan qəfil-hövlank oyanır və qışqırır ki, hanı mənim general ulduzum… mənim ulduzumu verin… Lap bir tamaşada olan kimi…Mənim kreslomu verin.. makintojum yandı…
Mahmud Rasimoğlu

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR