“Mətanət A” şirkətinin “qara mühasibatlıq” sənədləri məhkəməyə təqdim olundu-FOTOSƏNƏD

İş № 2(007)-172/2017

 Şikayət edən: İsmayılov Fəxri Sabir oğlu

 Şikayət edilən: Bəşirov Elxan Hidayət oğlu

Ünvan: BAKI ŞƏHƏRİ

 NİZAMİ RAYON MƏHKƏMƏSİNİN HAKİMİ CƏNAB RAUF ƏHMƏDOVA

AZ1060, Bakı şəh., Nizami r-nu, Ş.Mirzəyev küç. 24

 Bəşirov Elxan Hidayət oğlu ,“Mətanət A” şirkətinin direktoru Bakı-Sumqayıt yolu, 13,5 km

 İsmayılov Fəxri Sabir oğlu ,Bakı şəh, Nizami rayonu, R.Rüstəmov küç., ev 72, m.33, əlaqə tel. 50 419-87-87

 

                                                                 V Ə S A T Ə T

(“Mətanət A” şirkətinin direktoru Elxan Bəşirovun xüsusi ittihamlı şikayətinə əsasən) “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etdiyi xüsusi ittiham qaydasında şikayətində mənim Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri ilə məsuliyyətə cəlb edilməyimi Məhkəmədən xahiş etmişdir. “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirovun şikayəti ilə əlaqədar aşağıdakıları Məhkəmənin nəzərinə çatdırıram:

Mən, İsmayılov Fəxri Sabir oğlu 2008-ci ildə radioda eşitdiyim elanla əlaqədar işə qəbul olunmaq üçün “Mətanət A” şirkətinə müraciət etmişdim və şirkətin direktor müavini, Elxan Bəşirovun qardaşı Fuad Bəşirovun rəhbərlik etdiyi müsabiqəni keçməklə şirkətin “pərakəndə satış meneceri” vəzifəsinə qəbul edilmişdim. Şirkətin qaydalarına görə Bakı şəhəri 6 zonaya bölünmüşdü və hər “satış meneceri” öz zonası ərazisində fəaliyyət göstərirdi. Mənim təyin edildiyim ərazi “6-cı zona” adlanırdı və oraya Bakı-Aeroport yolunun sol tərəfi: Balaxanı, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Maştağa qəsəbələri və sairə yaşayış məntəqələrində yerləşən mağazalar daxil idi. Ümumilikdə mənim öhdəmdə 72 (yetmiş iki) mağaza var idi ki, bu mağazalar vasitəsi ilə “Mətanət A” şirkətinin istehsal etdiyi məhsulları: kafel-metlax yapışdırıcıları, siva astarları və bir çox adda sairə materialların satışıni biz, yəni “pərakəndə satış menecerləri” hərə öz zonası üzrə təşkil edirdik. Şirkətin rəhbərliyinin təşkil etdiyi və ciddi əməl edilən fəaliyyət mexanizmi belə idi:

Biz -“satış menecerləri” öz zonamızda mağazaların müdirləri, satıcıları ilə yazılı “müqavilə” bağlayırdıq. Onları biz “müştəri” adlandırırdıq. Müştərilərlə bağladığımız müqavilə əsasında onlardan gündəlik malların tələbi sifarişini qəbul edirdik və həmin sifarişləri xidməti telefon vasitəsi ilə şirkətin “mal sifarişi qəbulu şöbəsi”nin telefon operatorlarına –“loqistik qızlar”a diktə edirdik. Onlardan mənim yadımda qalanları Könül, Xəyalə adlı telefonçu qızlardır. Qəbul edilmiş həmin sifarişlər ertəsi günü şirkətin xüsusi maşınları ilə “müştəri”lərə, yəni mağazalara çatdırılırdı və sənədlə, yəni qaimə ilə onlara təhvil verilirdi. Biz “satış menecerləri” hər gün mağazadan satılmış malların pulunu yığırdıq. “Müştəri”lərdən yığdığımız pulları sənədləşdirmək üçün “Mətanət A” şirkətinin “baş satış meneceri” Fuad Qafarlı tərəfindən bizə xüsusi blank – “mədaxil qəbzi” verilirdi (nümunə surəti əlavə olunur).

Həmin “mədaxil qəbzi” 2 hissədən ibarət idi .Oraya mağazanın, müştərinin adları və “Mətanət A” şirkətinə ödəniləcək pulun məbləği yazılırdı. Hər ikimiz, yəni “müştəri” və mən (“satiş meneceri”) qəbzi imzalayırdıq, mən onu kəsib bir hissəsini “müştəri”yə verirdim ki, o da bunu bir hesabat sənədi kimi özündə saxlayırdı. “Mədaxil qəbzi”nin o biri hissəsini satılmış malların pulu ilə birlikdə “Mətanət A” şirkətinin kassiri Kamilə verirdik. Kamil isə pulu sayıb qəbul edərək adbaad təhvil verənin adını, soyadını və verilən pulun məbləğini kassanın kompüter sisteminə daxil etdikdən sonra, mədaxil etdiyi məbləği qəbzə möhür vurmaqla bizə qaytarırdı və həmin “mədaxil qəbzi”ni biz “baş satış meneceri” Fuad Qafarlıya təhvil verirdik.

O da öz növbəsində müvafiq məlumatları özünün kompüter sisteminə daxil edirdi. Onu əlavə edirəm ki, “baş satış meneceri” Fuad Qafarlının yığdığı qəbzlər o qədər toplanırdı ki, onları böyük kisələrə yığıb mütəmadi olaraq yandırma, yaxud digər yolla məhv edirdilər ki, Dövlət Vergi və başqa aidiyyəti orqanlarının qəfil yoxlamalarının nəzərinə çarpmasın. Çünki, yuxarıda göstərdiyim qaydada “istehsal edilmiş malların satış məntəqələrinə çatdırılması – satışın təşkil edilməsi – satışdan əldə edilmiş pul məbləğinin yığılması – şirkətin kassasına mədaxil edilməsi” fəaliyyətini sənədləşdirməsi “qara mühasibatlıq hesabatının” mexanizmi idi və onu kompüter sisteminə daxil etdikdən sonra bütün sənədləri yandıraraq törətdikləri əməllərin izlərini itirməyə çalışırdılar.

Bizim bu hesabatı baş mühasib Nailə xanım aparırdı. Əlbəttə ki, bütün bunlarla yanaşı gizli istehsal edilən malların da “qara mühasibatlıq hesabatı” aparılırdı və bu şəbəkəyə rəhbərliyi məhz Elxan Bəşirov edirdi.

Bir az əvvələ qayıdaraq, bildirirəm ki, təzə işlədiyim vaxt direktor müavini Fuad Bəşirov (direktorun qardaşı) məni öz iş otağına çağıraraq, işləməyimi davam etdirmək üçün özümün hər hansı bir əmlakımı şirkətə girov qoymalı olduğumu bildirdi və bunu onunla əsaslandırdı ki, mənim öhdəmə şirkətin böyük məbləğdə qiymətlənən malları verilir, əgər mən həmin malları mənimsəyərəmsə, itirərəmsə və sairə, əvəzində girov qoyduğum əmlakımdan məhrum olunacam. Mən özümə və görəcəyim işimə əmin olduğum üçün, direktor müavini Fuad Bəşirovun qarşıma qoyduğu tələblə razılaşaraq ailəmlə yaşadığım mənzili “Mətanət A” şirkətinin xeyrinə zəmanət girovu qoymqağa razılıq verdim.

Direktor müavini Fuad Bəşirov məni “Mətanət A” şirkətinin təhcizat şöbəsinin əməkdaşı Rəşadla “AZƏRDƏMIRYOLBANK”a yolladı və orada Rəşad mənim mənzilimin banka girov qoyulmasına dair bütün sənədləşmələri həll etdi mən isə hazır sənədləri imzaladım. Sonra ikimiz də notariusa gəldik və orada da sənədləşmə məsələsini Rəşad həll etdi, lakin notarius hansısa sənədə görə müqaviləni təsdiqləmək istəmirdi. Rəşad notariusla danışıb onu razılığa gətirdi və ona 150 (yüz əlli manat) pul verdikdən sonra, notarius bankla mənim girov müqaviləmi təsdiqlədi (1-ci və axırıncı vərəqin kserosurəti əlavə olunur).

Sonradan “Mətanət-A” şirkəti rüşvət verilmiş həmin 150 manat pulu mənim maaşımdan tutdu. Bildirirəm ki, direktor müavini Fuad Bəşirovun irəli sürdüyü şərtlərə görə mən öz yaşayış mənzilimi 2 dəfə “AZƏRDƏMIRYOLBANK”a girov qoymuşam və bank əməkdaşlarının özlərinin tərtib etdikləri “3 tərəfli kredit müqaviləsi” idi, yəni bank mənim girov qoyduğum mənzilin müqabilində 1-ci dəfə 02 dekabr 2008-ci il tarixli “Qarantiya zəmanət müqaviləsinə” əsasən, “MÜQAVİLƏ”dən sitat: “…İsmayılov Fəxri Sabir oğlunun şəxsində, “Mətanət A” şirkətinin iştirakı ilə…

MÜQAVİLƏNİN PREDMETİ

“Bank” tərəfindən 12 (on iki) ay müddətinə 20.000 (iyirmi min) manat məbləğində ödəmə zəmanətinin “Mətanət A” şirkətinə verilməsidir.” (tam kserosurəti əlavə olunur). Elə həmin günü, yəni 02 dekabr 2008-ci il tarixdə də başqa bir MÜQAVİLƏ bağlandı, sitat: “…“Mətanət A” şirkəti, şirkətin prezidenti E.H.Bəşirovun şəxsində bir tərəfdən İsmayılov Fəxri Sabir oğlu şəxsində öz aramızda…. Müqavilənin məbləği il ərzində 45000 manata qədərdir…”. MÜQAVİLƏ hər ikimiz tərəfindən imzalanmış və üstəlik Elxan Bəşirov “Mətanət A” şirkətinin möhürünü də öz imzasının üzərindən vurmuşdur (tam kserosurəti əlavə olunur).

Əminəm ki, Elxan Bəşirov öz imzasını və özünün vurduğu möhürünü təsdiqləyəcəkdir. 2-ci dəfə isə 18 iyun 2010-cu il tarixdə eyni məzmunlu, lakin, 25.000 (iyirmi beş min) manat məbləğində “MÜQAVİLƏ”lər bağlanmışdır ki, bunları və digər aidiyyəti sənədlərin əslini tələb olunan təqdirdə təqdim edə bilərəm. 2012-ci ilin sentyabr ayında direktor müavini Fuad Bəşirov məni təcili öz işotağına çağırıb dedi ki, bankdan məktub gəlib tez gedib mənzilimi girovdan çıxarım, çünki banka yoxlama gəlib və mənim mənzilimin şirkətlə əlaqədar girov qoyulması qeyri-qanunidir. 09 sentyabr 2012-ci il tarixdə mən banka gedib mənzili girovdan çıxardım və orada mənə bankın hesabına 475 (dörd yüz yetmiş beş) manat pul ödətdilər (qəbzin kserosurəti əlavə olunur). Daha sonra əlavə etmək istəyirəm ki, yuxarıda göstərdiyim “qara mühasibatlıq sənədləşməsi” onunla davam olunurdu ki, hər bir satış meneceri həftənin 6 günü işləyirdi və hər gün də şirkətə malların satışından yığılan pulları təhvil verirdi.

Həmin təhvil verdiyimiz pulların hesabatı ayda bir dəfə aparılırdı və bizim maaş təhvil verdiyimiz məbləğin 3 faizini təşkil edirdi. Lakin, həmin 3 faizin 10 faizi şirkətin kassasında saxlanılırdı ki, bunu da “depozit”adlandırırdılar. Bizə izah etmişdilər ki, həmin “depozit” ona görə saxlanılır ki, hər bir işçinin “depozit”inə yığılan pul işdən çıxan zaman hesablanaraq onun özünə qaytarılacaqdır.

Mən “Mətanət A” şirkətində “pərakəndə satış meneceri” kimi fəaliyyət göstərdiyim 4 (dörd) il müddətində 6 zonada yerləşən 72 mağazadan hər ay ərzində 140.000 (yüz qırx min) – 200.000 (iki yüz min) manat arasında məbləğdə satılmış malların pulunu toplayıb “Mətanət A” şirkətinin kassasına pul mədaxil etdirmişəm. Bu pulun müqabilində, yəni hər ay təhvil vermiş olduğum pulun 3 faizinin 10 faizini “Mətanət A” şirkətinin “depozit” adlanan hesabında saxlayirdılar, qalan 90 faizini isə şirkətin kassasından cədvələ qol çəkdirməklə maaş kimi kassir Kamil bizə verirdi. İşlədiyim 4 ilə ərzində mən hər ay 3.500 (üç min beş yüz) manat – 4.500 (dörd min beş yüz) manat arasında maaş alımışam ki, bu da əslində dövriyyədən gizlədilmiş malların satışından əldə olunmuş gəlirin “qara mühasibatlığının” hesablanmasına görə verilən əməkhaqqı idi (“Əmək haqqı cədvəli”nin “nümunəsi” əlavə olunur). Bildirirəm ki, “Mətanət A” şirkəti ilə rəsmi bağlanmiş “əmək müqaviləsinə” görə mən “pərakəndə satış meneceri” kimi fəaliyyət göstərdiyim 4 (dörd) il müddətində hər ay 107 (yüz yeddi) manat maaş alırdım ki, həmin maaşda plastik kartla verilirdi (kserosurəti əlavə olunur).

2012-ci ilin dekabr ayında “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov məni iş otağına çağırtdırıb işi təhvil verməyi bildirdi və revizor Rəşadət şirkətin maşınında sürücü ilə birlikdə 2 gün ərzində məni fəaliyyət göstərdiyim 72 mağazanın hamısını təftiş etdi və nəticədə mənim bütün məlumatlarım, yəni təhvil-təslim hesabatım düz çıxdı, hətta 3 manata yaxın “artiğım çıxdı”. “Mətanət A” şirkətindən məni işdən azad etdilər və yanvar ayında axırıncı maaşımı və ümumi haqq-hesabımı verəcəklərini bildirib yola saldılar. 09 yanvar 2013-cü il tarixdə mən şirkətə getdim, lakin mənə heç bir pul verilmədi. Mən dəfələrlə direktor Elxan Bəşirovun iş otağında olub öz zəhmət haqqımı tələb etsəm də heç bir nəticə əldə etmədim. Onun qardaşı və müavini Fuad Bəşirov isə hər şeyi öz üzərindən ataraq “mənlik deyil” deyə mənə bildirirdi. Bu minvalla mən illərdir ki, “Mətanət A” şirkətinə gedib-gəlsəm də işləyib qazandığım zəhmət haqqımı ala bilmirəm. 2016-cı ildə mən “QAFQAZ XƏBƏR AĞENTLİYİNƏ” müraciət edərək mənim düçar olduğum haqsızlığı ictimailəşdirməyi xahiş etdim ki, bəlkə “Mətanət A” şirkətinin aidiyyətı vəzifəli şəxsləri öz məsuliyyətlərini dərk edələr. Lakin, 2016-cı ilin dekabr ayında “Mətanət A” şirkətinin “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” Şahanə xanım məni telefonla saat 18-30 dəqiqəyə şirkətə dəvət etdi. Mən dəvətin iş vaxtından sonraya təyin olmasına təccübümü ona bildirsəm də, deyilən vaxtda şirkətə getdim.

“Mətanət A” şirkətinin “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” Şahanə xanım 10-cu mərtəbədə ofisdə məni qəbul edib bir az söhbət etdikdən sonra, mənə 1.000 (bir min) manat məbləğində pul təklif etdi, lakin mən onun verdiyi məbləği qəbul etmədən çıxıb getdim. 2017-ci ilin yanvar ayında (həftənin 3-cü günü idi) “Mətanət A” şirkətinin “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” Şahanə xanım telefonla məni yenə saat 18-30 dəqiqəyə direktor müavini Fuad Bəşirovun qəbuluna gəlməyimi bildirdi.

Mən təyin olunan vaxtda ora getdim və “Mətanət A” şirkətinin “oxrana rəisi” Yalçın məni “təpədən-dırnağa kimi” yoxlayıb direktor müavini Fuad Bəşirovun qəbuluna buraxdı. Fuad Bəşirov məni otağında təkbətək qəbul etdi və mənimlə söhbət edib mənə 5.000 (beş min) manat təklif etdi, lakin mən yenə razılaşmadım və oranı tərk etdim. Sonradan “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov Nizami rayon Polis İdarəsinə və Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə şikayət etdi ki, guya mən onu ölümlə hədələmişəm.

Lakin onun şikayətləri təsdiq olmadığı üçün polis tərəfindən baxılmadı. 2017-ci ilin fefral ayında isə “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov Xətai rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsində, cavabdehlərin üzərinə “Qafqaznews.az” internet portalında dərc edilməkə “Mətanət A” şirkəti haqqında və onun rəhbəri Elxan Bəşirov haqqında yaydığı məlumatları qanuvericiliyə uyğun təkzib edilməsi, şirkət, onun rəhbərliyi və kollektivindən üzr istənilməsi vəzifəsini qoyulması və işgüzar nüfuzuna vurulmuş zərərə görə cavabdehlərdən şirkətin xeyrinə 1.000 000 (bir milyon) manat və Bəşirov Elxan Hidayət oğluna 1000 000.000 (bir milyon) manat kompensasiya olaraq tutulması barədə qərar çıxarmağı xahiş etmişdir.

Həmin Məhkəmənin də gedişatından “qalibiyyət” əldə edə bilməyəcəyini hiss edən Elxan Bəşirov növbəti dəfə Nizami rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edərək, mənim Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri ilə məsuliyyətə cəlb edilməyimi Məhkəmədən xahiş etmişdir.

Xətai rayon Məhkəməsinə müraciət etiyi ərizəsində (surəti əlavə olunur) “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov bildirir ki: “Mətanət A” şirkəti istehsal və bizneslə məşğul olmaqla, şirkət olaraq və şirkətin sahibi və rəhbərliyi həmişə yalnız bir ideologiyaya bağlılığını bəyan etmiş və ona bağlı olmuşdur:Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoylan siyasi xəttə bağlılıq və sadiqlik və onun müəyyən etdiyi Azərbaycan ideyasına dönmədən əməl etmək”. Mənim yuxarıda qısaca bəhs etdiyim “hesabatdan gizlədilən istehsal və onun qara mühasibatliq” şəbəkəsininn başında duran Elxan Bəşirovun milyonlarla manatlar məbləğində pulların rəsmi dövriyyədən gizlədilməsinə təkzibolunmaz sübutdur. Mənim əlimdə yuxarıda göstərdiyim sənədlərdən başqa bir çox rəsmi və qeyri-rəsmi sənədlər də var ki, onları zərurət yarandığı halda hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm.

HÖRMƏTLİ HAKİM, Bildirirəm ki, “Mətanət A” şirkətinin mənə borclu qaldığı 2012-ci ilin dekabr ayının zəhmət haqqını -4.500 manat, 610 manat “10 qəpiklik bonus”, 13.634 manat “depozit”ə toplanmış pul, banka ödəmiş olduğum 525 manat (qəbzlər üzrə), 830 manat mənzilin sığortası üçün ödənilmiş məbləğ pulu tələb edirəm. Materiallarda cinayət əməllərinin tərkibi olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə Qərar qəbul etməyinizi Sizdən xahiş edirəm.

Cavabdeh: İsmayılov Fəxri Sabir oğlu 

Qafqaznews.az

 

 

Page1 (2)Page1 (4)

Page1

Page1 (3)

Page1 (5)

1 (8)

1
1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR