MTN -in xanım generalının istintaqa ifadəsi yayıldı – polkovnikin intiharı…

 Barəsində cinayət işi açılan və hazırda “MTN işi” üzrə təqsirləndirilən Natavan Mürvətovanın istintaqa ifadəsi məlum olub. Azərbaycanın ilk qadın generalı olan və ev dustaqlığında yaşayan Natəvan Mirvətova həbsdəki general Elçin Quliyevin işi üzrə ifadə verib.
Xanım general Elçin Quliyevin cinayət işi üzrə istintaqa verdiyi ifadəsində 1971-ci ildən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirib. O, 2006-cı ildə əməliyyat-texniki idarənin rəisi vəzifəsində çalışdığını və 2015-ci ilədək burada xidmət etdiyini söyləyib.
Natavan Mirvətova intihar etmiş MTN polkovniki Malik Mustafayevin epizodu üzrə dindirilərkən mərhumu hələ Milli Təhlükəsizlik Nazirliyinin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətdən tanıdığını deyib. “Onunla münasibətim yaxşı olub, heç bir düşmənçilik, ədavət və qohumluq əlaqələri olmayıb”, xanım general sözlərinə əlavə edib.
“Bir iş yoldaşı kimi Malik Mustafayevin xidməti fəaliyyəti barədə həmişə yüksək fikirlər eşitmişəm. Buna görə ona xüsusi hörmətim olub. Malik Mustafayev hələ nazirliyin 5-ci baş idarəsində xidmət edən zaman kadrlar idarəsindən mənimlə əlaqə saxlanılaraq onu rəisi olduğum idarəyə götürə bilib-bilməyəcəyimi soruşdular. Mən də buna razılıq verdim. Malik Mustafayevin özü ilə də bu barədə söhbət etdim. Lakin, sonradan eşitdim ki, Malik Mustafayev digər idarəyə təyinat alıb. Hətta buna görə, Malik Mustafayevdən incidim”- deyə xanım general deyib.
Natavan Mirvətova əlavə edib ki, 3 noyabr 2014-cü il tarixdə Malik Mustafayevin intihar etməsi barədə idarədə işçilərdən xəbər tutub.
Qeyd edək ki, Malik Mustafayev həmin vaxt Nazirliyin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində çalışırmış və intihardan bir neçə ay əvvəl sərəncama verilib.
“Həmin zaman mənə məlum oldu ki, Malik Mustafayevin qardaşının Milli Təhlükəsizlik Nazirliyi ilə hansısa problemi olub.
Yadımda qaldığı qədər qardaşının Kərəm Həsənov ilə hansısa problemi olub və buna görə onu Milli Təhlükəsizlik Nazirliyinə dəvət edərək söhbət aparıblar. Bildiyimə görə, Malik Mustafayevin qardaşı mətbuatda Kərəm Həsənovun əleyhinə hansısa məlumatlar yazıb. Bu isə Malik Mustafayevə pis təsir edib. Bu söhbətlər nazirliyin işçiləri arasında da gəzirmiş. Malik Mustafayevin qardaşı Mətləb Mustafayevi tanımamışam. Onun barəsində istintaq baş idarəsində cinayət işi olması barədə məlumatım olmayıb”- deyən Natavan Mirvətova bildirib ki, rəisi olduğu idarənin 5-ci şöbəsində Mətləb Mustafayevin cinayət işi üzrə silah tədqiq olunsa da, həmin dövrdə Mətləb Mustafayevin Malik Mustafayevin qardaşı olması barədə məlumatı olmayıb.
N.Mirvətova sonuncu tapşırığı general M.Şıxəliyevdən aldığını söyləyib: “Bu barədə mənə nə istintaq baş idarəsindən, nə də 5-ci şöbədən məlumat verilməyib. İstintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev mənə tədqiq olunması üçün məktubla silah-sursat, əl-barmaq izləri göndərib. Mən də həmin predmetləri tədqiq olunması üçün 5-ci şöbəyə həvalə edərək araşdırmanın yekununa dair arayışı və həmin predmetləri geri qaytarmışam. Deyilən predmetlərin qaytarılma tarixi kimi məktubda 11 sentyabr 2014-cu il kimi qeyd olunubsa, çox güman ki, həmin tarixdə də yekun arayış tərtib olunaraq göndərilib. Rəisi olduğum idarədə gecikmə halları və ya geri tarixlə sənəd tərtibatı halları olmayıb”.
Bu epizod üzrə ittihamda yazılır ki, Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb. O, Malik Mustafayevi həmin gün saat 15.35-dən 19.05-dək qəbul edib.
Elçin Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilməsini əsassız hesab edib, bu barədə müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ünvanlandığı davamlı şikayət ərizələrinin ayrı-ayrı yüksək vəzifəli şəxslərin təhriki ilə yazdığını iddia edib.
Malik Mustafayev qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu desə də, Elçin Quliyev Mətləb Mustafayevin dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkret cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat verməsini tələb edib.
Elçin Quliyev eyni zamanda rəhbərlik etdiyi qurumda rəsmi surətdə qeydə alınmış şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda İlqar Əliyev vasitəsi ilə Mətləb Mustafayevin özünü də anterror mərkəzinə çağırtdırıb.
Elçin Quliyev Mətləb Mustafayevin izahat yazmasını israr edib, əks təqdirdə onlara psixi təsir göstərərək fəaliyyətlərinə ciddi problemlər yaradacağını deyib. O, Malik Mustafayevin də xidmətdən xaric etdirəcəyini deyib.
General Quliyev Malik və Mətləb Mustafayevləri barələrində cinayət işi başladacağı, həmçinin qohumlarını da həbs etdirəcəyi ilə hədələyib. O, hər iki qardaşı cinayətkar adlandırıb, ləyaqətlərini alçaldıb. 13 sentyabr 2014-cü ildə isə Malik Mustafayev xidməti vəzifəsindən azad edilib.

Bundan sonra Elçin Quliyev İlqar Əliyevlə birlikdə Malik Mustafayevi yenidən xidməti otağına çağırıb. Ona mənzilində tapança aşkar olunan qardaşı Mətləb Mustafayevə köməklik edə biləcəyini xatırladıblar.

Bunun müqabilində Mətləb Mustafayev videoçəkilişlər aparmaqla yüksək vəzifəli şəxslər barədə yanlış ifadələr verməli, istintaqın sonrakı mərhələsi, məhkəmə baxışı zamanı bu qərəzli məlumatları təsdiq etməyə razı olmalı idi. Bundan imtina edəcəyi təqdirdə Malik Mustafayevi və qohumlarını həbs edəcəklərini bildiriblər.
Həmin vaxt Elçin Quliyev Malik Mustafayevin qardaşı Mətləblə İlqar Əliyevin xidməti otağında görüşməsini təşkil edib. Malik Mustafayev həmin görüşə qolu qandallı gətirilən Mətləb Mustafayevə özünün də işdən çıxarıldığını bildirib, ondan tələb olunan şərtlərlə razılaşmağı xahiş edib. Mətləb heç kimə böhtan atmayacağını söyləyib.
Elçin Quliyev və İlqar Əliyevin təhqirlərinə məruz qalmasından bezən Malik Mustafayev həmin ilin noyabrın 3-də yaşadığı Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajın dəmir dirəyindən özünü asıb. Elçin Quliyev və İlqar Əliyev bu əməlləri ilə Malik Mustafayevi özünü öldürmə həddinə çatdırıb.
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR