“Ölümdən son anda qaytardılar” – Evdə doğuşun fəsadları – VİDEO

Evdə doğuş aparan həkim və mamaçalar cəzalandırılır.


21 əsrdə yaşasaq da, çox təəəssüf ki, hələ də evdə doğuş hallarına rast gəlinir. Bu da çox vaxt acı sonluq, hətta ölümlə də nəticələnə bilir. Bir müddət əvvəl Bakıda evdə dünyaya gətirilən körpənin ölümü kimi. Ev doğuşları ananın sağlamlığında bir çox fəsadlar yaradır ki, bu da sonradan daha ciddi  problemlərə yol açır.

ARB TV-nin “Günə doğru” proqramında məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

İllər əvvəl evdə uşaq dünyaya gətirmiş bir ana hələ də bunun əziyyətini çəkdiyini bildirib:
“Siz mənim ən yaralı yerimə toxunmusunuz. Oğlum evdə doğulub. Neçə ildir ki, məhz bundan sonra xəstəyəm. Elə bil ölümdən son anda qaytardılar. Uşağı da, özümü də. Gənc analara və ana olmaq istəyənlərə məsləhət görərdim ki, heç vaxt buna yol verməsinlər. Qətiyyən”.

15-20 il əvvəllərədək evdə doğuş hallarını tez-tez eşidirdik. Amma indiki sürətli inkişaf dövründə belə hallar yenə də baş verirsə, ağzımız açıq, gözümüz bərələ qalır. Qısası, artıq ifadə etməyə söz tapa bilmirik. Ölkəmizdə ən müasir tələblərə  cavab verən doğum evləri fəaliyyət göstərirsə, perinatal mərkəzlər açılırsa hələ də ev doğuşları görəsən niyə baş verir. Niyə ananın və körpənin həyati riskə atılır?

Mama-ginekoloq Sədaqət Qədimova bununla bağlı açıqlama verərkən, bu cür hallarda diqqətli olmağın əsas amil olduğunu vurğulayıb:
“Doğuşun idarə olunmasında ən vacib ixtisas sahibi anadır. Amma evdə olanda qoca nənələr tərfindən yəni heç bir iztisası olmayan, heş bir savadı olmayan adamlar tərəfindən tutularsa bu doğuş travmasının artmasına səbəb olur. Həm də ananın özünün travmasına, uşaqlıq yolunda travmalar cırıqlar əmələ gəlməsinə səbəb olur”.

Belə hallar baş verdikdə isə çox vaxt ananı xilas etmək mümkün olmur.

 

Mama-ginekoloq Sədaqət Qədimova: “Bəzən olur ki evdə arxayın olur valideynlər, qoca nənələr deyir ki, evdə tutarıq doğuşu. İndi bir dəfə yaxşı oldu, növbəti dəfə heç kəs qarantiya vermir ki, doğuş normal keçəcək. 5 il öncə daha çox olurdu. 100 xəstədən 2-3 evdə doğurdusa, hazırda demək olar ki, tamamilə azalıb”.
Əslində elə sakinlərin özləri də ev doğuşlarına qarşıdır. Fəsadların baş verə biləcəyini dərk etdikləri halda, hələ də tək-tük də olsa, evdə uşaq dünyaya gətirilir, təsadüfi adamlara bu cür ölüm-qalım məsələləri etibar edilir. Evdə doğuş hallarına  meyl edənlərin söykək yeri isə budur ki, əvvəllər analar evdə doğurdu, nə təhlükə olurdu, nə də ölüm-itim.

Mama-ginekoloq Sədaqət Qədimova: “O zaman doğum evləri yox idi. Amma problemlər olurdu, kimsə statistikasını aparmırdı axı. Doğuşdan sonra qadın ölürdü. Deyirdilər ki, hal apardı. Bu nənələrin sözü idi qanaxma olurdu, özündən gedirdi, ölürdü”.

Hazırda isə nəinki evdə doğuşlara, hətta bəzi xəstəxanalarda ilk doğuşlara belə  icazə verilmir.

Mama-ginekoloq Sədaqət Qədimova: “Xüsusilə kənd yerində birinci doğuşların hətta oranın xəstəxanasında doğulmasına icazə verilmir. Təkrar doğuşlara icazə verilir. Qaldı ki evdə doğmağa, heç bir qadına məsləhət bilməzdim. Bu ananın həyatını təhlükəyə atmasıdır”.

Qanunvericiliyə əsasən, evdə doğuş aparan həkim və ya mamaçalar aşkarlandıqda cəzalandırılır, diplomları əlindən alınır, əgər hansısa dövlət və ya özəl  strukturda çalışırlarsa, işdən azad olunurlar.

Evdə doğuşların baş verməsini ucuz başa gəlməsi ilə əsaslandıranların bir daha diqqətinə çatdırmaq istəyirik ki, hazırda ölkəmizdə doğuşa yardım pulsuzdur. Dövlət xəstəxanalarında hamilə qadınların doğuş həyata keçirməsi üçün həm şərait var, həm lazımi dərmanlar və ləvazimatlar. Bu, dövlət tərəfindən pulsuz təmin olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR