Ömürlük məhkumun nümayəndələri Qafqaz Xəbər Media Mərkəzində mətbuat konfransı keçirdi-FOTO,VİDEO

Bu gün Qafqaz Xəbər Media Mərkəzində ömürlük azadlıqdan məhrum edilmiş Zaur Ənvər oğlu Tərlanovun ailə üzvləri və vəkili Vüqar Xasıyev mətbuat konfransı keçirib.

Mətbuat konfransında ölkə mediasının nümayəndələri, müstəqil hüquqşünaslar iştirak edib.

Konfransı giriş sözü ilə Qafqaz Xəbər Media Mərkəzinin direktoru Rəşad Rüstəmov açıb. Sonra söz vəkil Vüqar Xasıyevə verilib.

Vəkil çıxışı zamanı istintaqın düzgün aparılmadığını, məhkəmə prosesində şahidlərin hamısının dindirilmədiyini, qaldırılan vəsatətlərin təmin olunmadığını və ən əsası istintaqın son günlərində müəmmalı səbəbdən müvəkkili olduğu Zaur Tərlanovun guya mərhumları “xüsusi amansızlıqla öldürməsi”nin ortaya atılmasını xüsusi vurğuladı.

Vəkilin dediklərindən aydın oldu ki, cinayət işinə xüsusi amansızlıqla ifadəsinin əlavə edilmsində məqsəd müvəkkilinin ömürlük həbs olunmasına saxta dəlil-sübut-əsas hazırlamaq olub.

Vəkil Vüqar Xasıyev onu da qeyd etdi ki, Zaur Tərlanov və müdafiəçiləri tərəfindən verilən apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılmaqdadır.

Lakin müdafiə tərəfi dəfələrlə qismən məhkəmə istintaqı aparılmasının zəruriliyi barədə vəsatət qaldırsa da məlum olmayan vəzifəli şəxslərin təsiri və təzyiqi ilə vəsatətlər təmin olunmayıb. Məhkəmə kollegiyası araşdırma aparmadan qanunsuz hökmü qüvvədə saxlamaq niyyətini açıq-aşkar büruzə verir”.

Vəkil sonra media nümayəndələrinin və müstəqil hüquqşünasların suallarını cavablandırıb.

Vəkildən sonra söz alan Zaur Tərlanovun atası Ənvər Tərlanov oğluna verilən cəzanın ədalətli olmadığını bildirib.

Ənvər Tərlanov onu da qeyd edib ki, öldürülən Cahid və Cavid Rəhimov qardaşları onun oğlunu və ailə üzvlərini dəfələrlə təhqir edərək alçaldıblar. Qardaşlar Zaur Tərlanovu hamının yanında öldürəcəkləri ilə hədələyiblər, ona dəfələrlə hədə-qorxu gəliblər, “ağzına atacaqlarını“ bildiriblər.

Ata Tərlanov xüsusi ilə qeyd elədi ki, istintaq sifarişli, daha dəqiq desək yuxarının göstərişi ilə aparılıb.

Ənvər Tərlanovun dediklərindən o da məlum oldu ki, mərhum qardaşların anası Nigar Sahil qəsəbəsində məşhur sələmçi kimi tanınır və dəfələrlə oğlanlarını müştərilərinin üstünə “razborka”ya göndərib. Ənvər Tərlanov çıxışının sonunda sualları cavablandırdı və media nümayəndələrinə informasiya dəstəyi üçün təşəkkürünü bildirdi.

Mətbuat konfransının daha dəqiq təfərrütlarını videoçəkilişdən öyrənə bilərsiniz.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR