Prezidentdən mühüm tapşırıqlar: 2018-ci ildən…

2017-ci ilin I rübünün nəticələri ürəkaçandır, bütün sahələrdə inkişaf var. Ölkə iqtisadiyyatının 17 faiz artımı, sosial-iqtisadi layihələrin icrası, qarşıya qoyulan məqsədlərə və manatın stabilliyinə nail olunması, ölkənin valyuta ehtiyatlarının 38 milyardı ötməsi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın gördüyü işlər ən mühüm hadisələr sırasındadır və cənab prezident bunu açıq şəkildə qeyd etdi.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. Millət vəkili hesab edir ki, dövlətin qarşısına qoyduğu vəzifələrin icrası ilə bağlı bütün işlər görülüb:

“Müşavirədə səslənən fikirləri və əldə olunan uğurları yüksək qiymətləndirirəm. Dövlət başçısı hökumətin qarşısında konkret vəzifələr qoyub və bunlar növbəti rübdə tam icra olunacaq. Şübhəsiz ki, islahatlar davam edəcək. Bilirsiniz ki, Azərbaycan islahatlar ilinə qədəm qoyub və 2016-cı il bu baxımdan çox uğurlu oldu. Bir çox istiqamətlərdə islahatların həyata keçirilməsi üçün mühüm sənəd, proqram və qanunlar qəbul edilib. Bu, gələcək iqtisadiyyatın köklü inkişafı üçün ciddi əsaslar yaradıb. Cənab prezidentin qeyd etdiyi kimi, bu il ölkə iqtisadiyyatında sabitləşmə ili olacaq. 2018-ci ildən isə ölkədə iqtisadi inkişaf və böyümə nəzərəçarpacaq dərəcədə müşahidə olunacaq. Ölkə rəhbəri kənd təsərrüfatı, turizm və sənaye sahəsində innovativ proqramları əsas prioritet istiqamətlər olaraq hökumətin qarşısında qoyub. Bu proqramlar davam edəcək”.

Millət vəkili bu gün bank sistemində aparılan islahatların davamını vacib sayıb:

“Bank, maliyyə sistemi çox ciddi problemlərlə üzləşib və bankların sağlamlaşdırılması prosesi ciddi şəkildə həyata keçirilir. Ötən həftə Milli Məclisdə qəbul olunan bir sıra mühüm qanunlar da bu prosesə çox böyük töhfə verəcək. Paralel şəkildə digər sahələrdə aparılan islahatlar şübhəsiz ölkə iqtisadiyyatının gələcək inkişafının bazasını təşkil edəcək. Bu baxımdan iqtisadiyyatın şaxələnməsi, yeni texnologiyaların tətbiqi və müxtəlif istiqamətlərdə dövlət qurumları tərəfindən aparılan xidmətin elektronlaşdırılması dövlətin prioritet istiqamətlərinə daxildir. Bakıda və regionlarda aparılan işlərin konkret nəticəsi hiss olunmaqdadır. Hesab edirəm ki, sahibkarlar bu prosesdə yaxından iştirak etməlidir. Ölkə başçısının hökumət qarşısında qoyduğu ən vacib tapşırıqlardan biri əhalinin gəlirliyi, infilyasiyanın minimuma endirilməsi, süni bahalaşmaya qarşı effektiv mübarizənin aparılmasıdır. Burada sahibkarların üzərinə böyük yük düşür. Təəssüflər olsun ki, bəzi sahibkarlar süni şəkildə qiymətlərin artırılması ilə məşğuldur. Dolların məzənnəsi qalxan kimi dərhal qeyri-adekvat olaraq qiymətlər qaldırılır, əhalinin sosial baxımdan həssas təbəqəsinin maliyyə durumu nəzərə alınmır. Yaxın zamanlarda bu istiqamətdə atılan addımların nəticəsini görəcəyik”.

A.Quliyev hökumətin genişləndirilmiş hesabatının keçirilməsini və bu müddət ərzində əldə edilən uğurlarla yanaşı, boşluqların da müəyyləşdirilərək aradan qaldırılması üçün müşavirədə konkret tapşırıqların verilməsini müsbət qiymətləndirib:

“Ölkə başçısı hesabatda hərb və müdafiə sənayesinə xüsusi önəm verdi və haqlı olaraq bildirdi ki, bu müddət ərzində Azərbaycan Ordusu maddi, texniki və silah-sursat baxımından kifayət qədər təmin olunub, yeni sifarişlər verilib. Azərbaycan Ordusu ən çətin tapşırıqların icrasına hazırdır, torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün imkanlara malikdir. Bütövlükdə bütün sahələrdə görülən işlər qənaətbəxşdir. Hər bir dövlət qurumu qarşısında duran vəzifəni layiqincə yerinə yetirməli, əhali ilə daim təmasda olmalı, onları narahat edən məsələləri imkan daxilində həll etməlidir”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR