Qar çiçəyi

Ayın sel kimi axıb gələn işığında… Üzüm bağlarından uzaqda ağappaq, sakit bir yol uzanıb gedirdi. Ay işığı qızın qırmızı yanaqlarında əks olunur, sabah əsgərə gedəcək olan oğlan da başını aşağı dikib, torpağa kədər  tökürdü.  Ayrıla bilmirdilər. Sanki bu gecə bitməyəcək kimi idi.

Artıq üçüncü dəfə idi ki, Fatma hamıdan xəbərsiz, gizli görüşürdü oğlan ilə. İlk görüşmələri yağışlı bir günə təsadüf etmişdi. Görüşdən sonra evlərinə qayıdanda atasının evdə olduğunu hiss eləmişdi və necə həyəcanlanmışdısa, çətirini bağlamamış evə girib və bir müddət ayaqda heykəl kimi qalmışdı.

Bu səhər oğlan yuxudan oyananda həsrətin qoxusu onu həbs etmişdi.

İkisi də başını qaldırıb bir-birlərinə baxdıqlarında baxışları toqquşdu. Yaxınlıqdakı söyüd ağacından cırıltılı səs eşidilirdi. Sanki kimsə onları izləyirdi. Fikir vermədilər. Səs təkrar eşidildiyində iki quşun ən böyük söyüd ağacının zirvəsində dimdik-dimdiyə dayandıqlarını gördülər. Osman: “Biri sənsən, biri mən” deyəndə kənardan kimsə onları daşla nişan aldı. Daş quşun ayağına dəydi və ikisi də başqa tərəflərə uçdular.

Üç il olmuşdu ki, bir-birlərini sevirdilər. Osman növbəti gün əsgərə getdi. Qarabağ döyüşünün ən qızğın vaxtları idi.

Hər kəsin qəlbində bir vətən nəğməsi çalır. Həyatının hansı hissəsindəsə  o, bu nəğməni pıçıldamalı. Ya böyük konsert salonunda, fərq eləməz ya da öz kasıb evində. Bütün nəğmələr unudular, amma vətən həsrətli nəğmələr dünya dayandıqca dayanar.

Türk üçün İstanbul, rus üçün Moskva, fransalı üçün Paris, italiyalı üçün Roma nə məna verirsə, Fatma üçün də Qarabağ o mənanı verir. Gözləri həmişə fikir ümmanında üzərdi.

Doğrudan da belə idi. Hər kəsin öz vətəni tam əyninə ölçülmüş paltarıdır. İnsan vətəndən ayrı yaşaya bilər, amma öləndə vətəni xatırlayır. Öz doğma vətəninə qaçır, orada torpağa verilməyi arzu edir.

Qürbətdə  isə  məzarı  əmanət buraxılır.

Əgər bu vətəni əcnəbi düşmənlər işğal edərsə, onlar dayana bilmirlər  nə vaxtsa  oraları  tərk  edərlər. Çünki yad insanın paltarı  onlara  dar gələr.

Günəş şəfəqlərini ətrafa yaysa da ağır bir gün idi. Fatma kəndlərində toyda idi. Qəflətən toy adamlarının həyəcan səsləri eşidildi. Süfrələr xüsusi olaraq bəzədildi. Hər kəs qalxıb qapıya tərəf baxdı. İçəri bahalı geyimdə, uzun boylu bir adam girdi. Yüksək vəzifəli şəxslərdən idi. Keçib onun üçün hazırlanmış süfrədə oturdu, yedi, içdi və ruhsuz bir şəkildə getdi. Belələri üçün vətən Fatmanın bildiyi “Vətən” deyildi.

Bəzən həyatda kədərlə sevinc dostlaşırlar. Necə deyərlər, çuğlalaşıb qardaş olurlar. Cəbhədən sevgi məktubları alırdı qız, içində həsrət yaşadaraq. Biri vətən həsrəti, digəri yarımçıq qalan sevgisinin həsrəti. Fərqli həyat yaşayırdı. Gözəlliyinə, tərbiyəsinə görə ona maraq salan oğlan analarının sayı artmaqda idi. Onu evində gəlin görmək istəyənlərin sayı çox idi. Ən yaxın dostu onunla zarafat edərdi. “Sənin nişanlın əsgərdən gəldiyi gün sənin üçün müharibə bitmiş olacaq”. Amma Fatma bu fikirlə heç vaxt razılaşmırdı. Belə zarafatları sevmirdi. Vətəni hər şeydən üstün tutardı.

 Osmanın ürəyi vətən sevgisi ilə bir vururdu. Söyləyərdi ki, bu günlərdə vəfat etsəm heç pis olmaram, bilərəm ki, vətənimlə bağlı nəsə eləmişəm.

Bu hadisə onun ağlından heç çıxmazdı. Xocalıdan gələn meyitlərin içində ağ geyimli və ağ örpəkli qız var idi. O, hər zaman yana-yana danışırdı ki, bu qızın toyu vətənin acı tarixi ilə eyni tarixə düşürdü. Sonra öyrəndi ki, düşmənlər onların üzərinə hücuma keçən zaman bu qızın toyu imiş, gəlin də, bəy də, toydakı qonaqların hamısı düşmən tərəfindən qətl edilib. O gün Osman belə bir söz söylədi: “Haqq yolunda, vətən yolunda ölməyim  gəlir”

 Qızğın müharibə gedirdi. Osman isə öz igidliyini göstərərək söyləyirdi ki, mən minaya düşəcəyimi bilmirəm, amma mənə düşmən gülləsi dəyməz.

Müharibə sahəsində sərt qar yağmışdı, ayaz var idi. Sanki hər tərəfi ağ pambıq bürümüşdü. Qəflətən onun diqqətini qarın içindən çıxan bir çiçək çəkdi. Əvvəlcə gözlərinə inana bilmədi, sanki bir möcüzə idi. O, qəlbində düşündü: “Bu çiçək Fatma ilə mənim sevgimiz, qar isə həsrət simvoludur. Hər tərəfdən əhatə eləyib onu”. Çox az keçmişdi ki, digər bir hadisə Osmanı heyrətə saldı. Çox gözəl iki quş ətrafda uçaraq bir hasarın üzərində dayandı. “Bunlar da bu soyuqda haradan çıxdı?”. Ağlına Fatma gəldi. Düşündü ki, biri Fatma, digəri mən. Digər tərəfdən atılan atəş səsindən quşlar uçub getdilər.

Döyüşlərin birində o, düşmən tankını nişan almışdı. Tank geri addımladıqca Osman irəli addım atırdı. Özünün dediyi kimi, ona güllə dəymədi, minaya düşdü…”

“Təcili xəstəxanaya aparmaq lazımdır”. O, bu sözləri eşidəndə xahiş etdi ki, təcili şəkildə onu götürməsinlər: “Buraxın doyunca bu torpaqlara baxım”. Osmanı xəstəxanaya götürdülər. Əməliyyat otağına götürdükləri zaman çətin eşidilən bir səslə: “Həkim, ürəyimi iki yerə ayırın, orada Ana, Vətən həsrəti görəcəksiniz. Bir də…” Əməliyyat bitdi, Qarabağın azadlığı üçün canını, həyatını qurban verən bir igidin, şəhidin qəlbi əbədi olaraq dayandı. Onun cənazəsini Bakıya, Şəhidlər Xiyabanına gətirdilər.

Şəhidlər Xiyabanına bir sükut çökmüşdü. Qəflətən iki rəngli quş məzarın üzərində yerə endilər və dimdik-dimdiyə durdular. Osmanın ruhunun şərəfi üçün açılan atəş onları qorxutdu, ayrılıb ikisi də fərqli yerə uçdu.

Hər kəsdən kənarda dərdli baxışlarını Osmanın məzarına dikən, qara geyimli bir qız dayanmışdı.

Pərvanə Namiq qızı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR