Qarabağda rus qoşunu peyda olub: “Azərbaycan – İran sərhədindəki işğal olunmuş bölgələr də…”

Azərbaycanın İranla sərhəd olan işğal olunmuş bölgələrdə və Dağlıq Qarabağdakı nəzarətsiz ərazilərində rus qoşunları görünməyə başlayıb.

Arzu Nağıyev: “Lavrov öz dediklərindən imtina edir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov APA informasiya agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesindən danışıb. Nazir münaqişənin həllinə dair aparılan müzakirələrin təfərrüatı ilə bağlı diqqətçəkən açıqlamalar verib: “Konkret olaraq bu məsələ Serj Sarkisyanın martın 15-də Moskvaya səfəri zamanı müzakirə olunub. Xarici siyasət idarələrinin rəhbərləri də kənarda qalmırlar. Mövzu ilə bağlı fevralda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, martın əvvəlində isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla məzmunlu söhbət aparılıb.

Nəzərə almaq lazımdır ki, Qarabağ nizamlanması mövzusu çox incə məsələdir. Ona görə də danışıqların detalları konfidensial xarakter daşıyır. Bununla belə deyə bilərəm ki, bir çox aspektlər artıq razılaşdırılıb. Bir neçə məsələ qalıb, lakin onlar ən mürəkkəbidir. Konsensus hələlik əldə etmək mümkün olmayıb. Bununla belə iş davam edir”. Ancaq Sergey Lavrov münaqişə tərəflərinin hansı məqamların razılaşdırdığını söyləməyib. Xatırladaq ki, Ermənistanın eks-prezidenti levon Ter-Petrosyan da bu yaxınlarda İctimai televiziya ilə çıxışında Dağlıq Qarabağ probleminin aradan qaldırılmasına dair bir-iki bənd istisna olmaqla əksər təkliflərin razılaşdırıldığını demişdi.

Ötən ilin aprel hadisələrindən sonra münaqişənin sülh yolu ilə həlli üçün Rusiyanın irəli sürdüyü və mediada “Lavrov planı”nın mövcudluğunun taleyi ilə bağlı suala isə XİN rəhbəri belə cavab verib: “Dəfələrlə açıq şəkildə bildirmişəm ki, heç bir “Lavrov planı” mövcud deyil. Hazırda müzakirə olunan ideyaların əsasını ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi tərəfindən kollektiv şəkildə hazırlanmış təkliflər təşkil edir. Daha dəqiq desək, söhbət Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış məqamlardan gedir. Onlar yaxşı məlumdur. Tərəflər ümumən bu təməli inkar etməməklə yanaşı, onların həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Bu təklifləri dəyişdirmək və ya həmsədrlərin hazırladığı sxemi kardinal şəkildə dəyişən hansısa yeni planlar təklif etməkdən söhbət getmir. Əsas məsələ balanslaşdırılmış siyasi həll tapmaqda tərəflərə kömək etməkdir. Bu, hüquqi öhdəliklərdən ibarət sənədlərin hazırlanması mərhələsinə keçməyə imkan verəcək”.

Qeyd edək ki, “Lavrov prinsipləri” adlandırılan təkliflərinin 5 rayonun qaytarılması müqabilində Rusiya qoşunlarının sülhməramlı mandatla Azərbaycan-İran sərhədinə yerləşdirilməsini və Kremlin Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmaq şərtlərini irəli sürdüyü bildirilirdi. Sonra isə Sergey Lavrovun qovluğunda 2011-ci ildə Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə qəbul edilmiş “Kazan formulu” adlanan sənədin yer aldığına dair açıqlamalar yayıldı. Münaqişənin həllinə dair ATƏT-in Minsk Qrupu tərəfinfən irəli sürülmüş “Madrid prinsipləri” əsasında hazırlanmış “Kazan formulu” ətraf rayonların mərhələli şəkildə Azərbaycana qaytarılması və Dağlıq Qarabağın hüquqi statusunun qeyri-müəyyən müddətə təxirə salınmasını, bölgəyə Rusiya sülhməramlılarının gətirilməsini nəzərdə tutur. Rəsmi Bakı Rusiyanın vasitəçiliyi ilə aparılan müzakirələrə qatılsa da “Lavrov prinsipləri”ni faktiki olaraq, qəbul etmədi. Siyasi müşahidəçilərin fikrincə, həmin təkliflər Dağlıq Qarabağın və ümumiyyətlə, Azərbaycanın suverenliyinin itirilməsinə gətirib çıxara bilər.

Məsələni şərh edən politoloq Arzu Nağıyevin fikrincə, Rusiyanın xarici işlər nazirinin “Lavrov prinsipləri yoxdur” deməsi “Kazan formulu”ndan imtina edilməsi demək deyil: “Lavrov bu açıqlamanı verməmişdən öncə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland masanın üzərində “Lavrov planı”nının deyil, yalnız hər üç həmsədr ölkənin təklif etdiyi birgə sənədin olduğunu demişdi. ABŞ nümayəndəsindən sonra Rusiya xarici işlər nazirinin belə açıqlama verməsi özü maraqlı məqamdır. Çünki danışıqlar prosesində əsas açıqlama həmişə ABŞ tərəfindən verilir. İkinci mühüm məqam ondan ibarətdir ki, Ermənistanda parlament seçkiləri öncəsi Dağlıq Qarabağ münaqişəsi ətrafında ciddi fikir mübadiləsi gedir.

Sarkisyan rejimi, baş nazir Karen Karapetyan və onun ətrafı, bəzi Qərbyönümlü, insan haqları ilə məşğul olan ictimai təşkilatlar və Ohanyan-Oskanyan bloku bu prosesdə dörd istiqamətdə iştirak edir. Çox maraqlıdır ki, onların hamısı Rusiyaya bağlı şəxslərdir. Lavrov bir tərəfdən Rusiyanın bu seçkilərə təsirinin olmadığına dair çıxış edir. Ancaq SSRİ-nin siyasi varisi kimi bu münaqişələrin yaradılmasında Rusiyanın rolu olub. Lakin Rusiya onu da anlayır ki, Azərbaycan, Türkiyə və İran regionda karbohidrogen ehtiyatlarının əsas hasilatçısı və təchizatçısıdır.

Ermənistan da Rusiyanın forpostudur. Bütün bunları nəzərə alaraq, Lavrov öz dediklərindən imtina edir. Hansı razılaşmaların əldə olunmasına gəlincə, Azərbaycan substantiv, yəni münaqişənin mərhələli yolla həllinə dair danışıqlara razılıq verib. Öncə, Ermənistan qoşunları işğal etdiyi ərazilərdən çıxmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalı, sonra isə digər status və sülhməramlılar məsələsi öz həllini tapa bilər. Son vaxtlar Rusiya Ermənistan ərazisində olan qoşunlarını Dağlıq Qarabağa yerləşdirməyə çalışır.

Bu da problemli məsələdir. Hətta alınan məlumatlara görə, Azərbaycanın İranla sərhəd olan işğal olunmuş bölgələrdə və Dağlıq Qarabağdakı nəzarətsiz ərazilərində rus qoşunları görünməyə başlayıb. Ona görə də belə problemlər var. Rusiya “Kazan prinsiplərin”dən imtina etmir və üzərində dayanır. Azərbaycan isə həm “Madrid prinsipləri”, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapan prinsirlərlə bağlı mövqeyini açıqlayıb. Əvvəl ərazi bütövlünün təminatı, ərazilərin azad edilməsi, sonra digər məsələrin həll edilməsi ”

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR