Səhiyyə Nazirliyinin məmurları bərbad günə qoyduqları ölkə səhiyyəsinin xidmətindən istifadə etmir

Məmurların müalicə üçün xarici ölkələrə üz tutması ilə bağlı müzakirələrə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev müzakirəni yersiz adlandırıb: “Ola bilər həmin məmurun, nazirin, yaxud imkan və əlaqələri yaxşı olan şəxsin elə bir xəstəliyi var ki, onun Azərbaycanda müalicəsi yoxdur, yaxud yüksək risklə müşahidə edilir. Doğrudur, Azərbaycanda səhiyyə çox yüksək səviyyədə inkişaf edir. Amma ən müasir texnologiyalar və onun tətbiqini bacaran mütəxəssislər çox sayda deyil. Bu baxımdan elə bir mürəkkəb əməliyyat olar ki, istər adi vətəndaş, istərsə vəzifəli şəxs başqa ölkədə müalicə ala bilər. (contact.az).

Məsələ ilə bağlı tibb elmləri doktoru Adil Qeybullaa LEGİON-a bildirib ki, deputatdan soruşmaq lazımdır ki, məmurdan fərqli olaraq pulu olmayan sıravi vətəndaşlar müalicə üçün nə etsinlər: “ Məmurlar hətta adi xəstəliklərlə bağlı, hansı ki müalicəsi ölkəmizdə var, xaricə üz tuturlar. Çünki ölkə səhyyəsinə etibar etmirlər. Əgər məmurlar özlərinin yaratdığı səhiyyə sisteminə etibar etmirlərsə, adi vətəndaşlar bu səhiyyəyə necə inansınlar”.

Müxbirimiz deputatın “Tibbi sığortası olan məmurlar istənilən ölkədə müalicə oluna bilərlər” fikrini xatırladıb. Adil Qeybulla bildirib ki, bu gün dünyanın hər yerində müalicə almaq üçün tibbi sığorta mexanizmi mövcud deyil: “ Başqa ölkədə uzun müddət olan Azərbaycan vətəndaşı özünü müvəqqəti sığorta edə bilər. Ona görə də dünyanın hər yerində tibbi sığortası olmaq fikri absurddur”. Adil Qeybulla deputatın “Bizdə müasir texnologiyalar və onun tətbiqini bacaran mütəxəssislər çox sayda deyil” fikrinə də münasibət bildirdi: “ Bu səhv fikirdir. Ölkəmizdə ABŞ-da və digər Avropa ölkələrində tibbi təhsil almış yüksək səviyyəli mütəxəssislər var”.

Məsələ ilə bağlı tanınmış psixoloq Azad İsazadə LEGİON-a aşağıdakıları söylədi: “ Məmurlara müalicə üçün xarici ölkələrə getməyi qadağan etmək olmaz. Problem odur ki, xaricə müalicə üçün gedənlər arasında səhiyyəmizi bu günə qoyan Səhiyyə Nazirliyinin məmurları da var”.

Rəşad Rüstəmov

LEGİON

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR