Sən qazandın

Allah Təala hamını bir biçimdə yaratmadığı kimi onların talelərini də fərqli yazmış.

Böyüklərdən eşitmişəm, bəzi qızlar ər evində böyüyərlər (erkən ailə quranlar). Bəziləri gecikərlər, əksəriyyətinə də bu səadət nəsib olmaz.

Bəli, alın yazısı…

Yaradan hər şeyi insana borc versə də, ağlı borc verməmiş, onu öz quluna verib ki, ölç-biç, mənəviyyatını özün müəyyənləşdir, həyatını doğru istiqamətə yönəlt.

Dahilərdən biri haqlı olaraq demişdir ki, heç kim nə iblis, nə də mələk olaraq doğulmayıb. İnsan öz əməllərinə görə ya mələkləşir, ya da əksinə. Buna görə də hər kəsin qarşıda əbədi və son mənzili var. Kiminin mənzili cənnətdə, kimininki isə heç kimin arzulamadığı bir yerdə.

…Onlar anamdan cəmi 5, 6 yaş kiçik olsalar da, hələ ailə qurmayıblar. Baxmayaraq ki, “adamdan üstün” bir kəsdilər. Yəni mələk kimi. Bəli, qismət…

Nədənsə anam onlara “qızım” deyə müraciət edir.

Bu gün bizi evə gətirən saç-saqqalı ağarmış taksi sürücüsünün də çox qəribə taleyi varmış. Maşının radiosunda Mətanət İsgəndərli oxuyur – “Bu gündən sən mənim can yoldaşımsan…”

O da qeyri-ixtiyari: “Hə, sən mənim can yoldaşım olmadın” pıçıldadı. Qəfildən dikəlib güzgünü düzəldib bizə baxdı: “Bağışlayın, özümü tənha hiss etdim”. Ardınca da: “Elə onsuz da tənhayam da…” deyib,  yoluna davam etdi. Anam cürət edib onun taleyi ilə maraqlandı.

…Sevdiyi qızla nişanlı olsa da, nişanlısı vəfasızlıq edib başqasına qoşulub getmiş…

Sürücünün özünün isə 71 yaşı var, subaydı.

─ İnşallah, sizin də gözəl ailəniz olar, qardaş, nə olar ki, gecikəndə ─ anam dedi.

─ Xanım, bağışlayın, siz orta məktəbi neçənci ildə bitirmisiz?

Məlum məsələdir, qadından yaş soruşulmaz.

Anam cavab verdi. O gülümsəyərək:

─ Sən mənə qardaş dedin. Qızım sayılsan da sən qazandın… Cənnətə kəsə yolnan gedirsən…

Müəllif: Pərvanə Namiq qızı

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR