Saatlı Məşğulluq Mərkəzinin direktoru: “ Keçmiş həyat yoldaşımın qohumları məndən qisas alır” VİDEO

Bu günlərdə «Təzadlar»ın elektron poçtuna əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova ünvanlı müraciət və 2 ədəd videokadr göndərilib. Bakı şəhər sakini A.Cəbrayıllı və R.Mənsimov tərəfindən təqdim edilən hər 2 videokadrlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun kabinetində çəkilib.

Saatlı rayon sakini, 2 aydır müavinətini ala bilməyən Allahyarov Elşən Mehdiqulu oğlu Bayram Mikayılovun qəbuluna gəlir və ondan kömək istəyir. Bayram Mikayılov isə əli hər yerdən üzülən, özünün dediyi kimi, neçə vaxtdır şor-çörək yeyən, bir gün əvvəl gözü qaralıb huşunu itirən ağsaqqal E.Allahyarovu ələ salır, üstünə qışqırır, hərdən isə qocanın çətin maddi durumu və çıxılmaz vəziyyətini belə nəzərə almadan onunla məzələnir… Hətta birdən dərdini danışan, kömək istəyən qocanın üstünə qışqırır, təhqir edir.

2-ci videoda isə etikadan kənar söyüş və biədəb ifadələr yer alıb. Yenə də ahıl insanın düşdüyü çətin maddi durumuna gülərək lağ edən Bayram Mikayılov onu yenidən ələ salır. İnanırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi bu faktları diqqətlə izləyib müvafiq tədbirlər görəcək.

Tədbir görülmək əvəzinə Bayram Mikayılov təkziblə çıxış etdi: “ Sosial şəbəkədə yaşlı insanın təhqir olunması ilə bağlı yayılan rolikin Saatlı Məşğulluq Mərkəzinə aidiyyəti yoxdur və mənim kabinetimdə çəkilməyib. Elşən Allahyarov heç vaxt Saatli Məşğulluq Mərkəzinə müraciət etməyib”. (tezadlar.az).

Məsələ ilə bağlı Bayram Mikayılov LEGİON-a bildirib ki, Təzadlar-ın mənə qarşı yaydığı məlumat təxribatdır. Müxbirimizin “Bu təxribatı kim təşkil edir?” sualına B.Mikayılov belə cavab verib: “ Bunu mənim keçmiş həyat yoldaşımın qohumları edir. Onlar internetdə mənim adıma saxta profil açıblar. Mən bu barədə Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Təzadlar-a qarşı iddia qaldırmışam”.

Mərkəz direktoru onu da bildirib ki, mənim keçmiş həyat yoldaşımın dayısı Laçının sabiq İcra başçısı Ramiz Cəbrayılovdur, onlar hesab edir ki, mən onların qarşısında günahkaram. Məsələ ilə bağlı Təzadlar-ın baş redaktoru Asif Mərzili isə bildirib ki, videorolik Bayram Mikayılovun özü tərəfindən çəkilib: “ Bu rolikdə Mikayılov vətəndaş Allahyarovu təhqir edir, onun üstünə bağırır. Bu gün məsələ ilə bağlı yeni bir material dərc etmişik. Bu materialda yeni rolik qoymuşuq, hansıki, orada Məşğulluq Mərkəzinin digər əməkdaşları da görünür. Daha Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edə bilməyəcək ki, rolikin onlara dəxli yoxdur”.

Mərzilinin sözlərinə görə, Mikayılov həmin yazıları çıxartmaq üçün xeyli vaxtdır müxtəlif yollar arayır: “ Haralara üz tutmayıb? Mənim qohumlarıma, Mətbuat Şurasına…”. Məsələ ilə bağlı Konstitusiya Fondunun rəhbəri Əliməmməd Nuriyev LEGİON-a bildirib ki, direktorun vətəndaşı təhqir etməsi öz təsdiqini taparsa, qarşı tərəf onu məhkəməyə verə bilər: “ Əgər fakt təsdiq olunsa, deməli məmur dövlət qulluqçusunun davranışı barədə qaydanı pozub. Prezidentimiz isə dəfələrlə bəyan edib ki, dövlət məmuru öz hərəkətinə nəzarət etməli və xalqa xidmət göstərməlidir”.

 Rəşad Rüstəmov

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR