Məhkumun anası Prezidentə müraciət edir

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ

HÖRMƏTLİ PREZİDENT!

Mənim oğlum, 28.05.1984-cü ildə anadan olmuş Dadaşov Emil Rəfail oğlu Azərbaycan Respublikası Cinayət Məcəllsinin 177.3.2, 181.2.2, 185.2.1, 185.2.2, 228.4, 326.2 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfdən 13 il azadlıqdan məhrum edilmiş və hal-hazırda 1 saylı Cəzacəkmə Müəssisəsində saxlanılır.

Mənim oğlum Dadaşov Emil Rəfail oğlu törətmiş olduğu oğurluq cinayətlərini dərhal, yəni tutulduğu andan istintaqda etiraf edərək təqsirini boynuna almışdır. Lakin vətəndaş Şükürova Yadigar Arif qızına bədən xəsarəti yetirməklə ona qarşı quldurluq cinayətini törətməyi əvvəlcədən istintaqda qəti şəkildə inkar etməsinə baxmayaraq və istintaq araşdırması zamanı həmin cinayəti təqsirləndirilən şəxs Səmədov Davud Qədir oğlunun özünün quldurluq cinayətini etiraf etməsinə və zərərçəkmiş Şükürova Yadigar Arif qızı “tanınma” istintaqı tədbiri zamanı ona qarşı quldurluq cinayətinin törədən şəxs kimi, məhz təqsirləndirilən şəxs Səmədov Davud Qədir oğlunu tanıyıb göstərməsinə baxmayaraq, 7 (yeddi) aydan sonra istintaq naməlum səbəblərdən təqsirləndirilən şəxs Səmədov Davud Qədir oğlunu “təmizə” çıxararaq həmin cinayəti mənim oğlum Dadaşov Emil Rəfail oğlu tərəfindən törədildiyini “sübuta yetirir” və Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqi Rəşad Əliyevin tərtib etdiyi başdansovdu “ittiham aktı” Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 22 fevral 2013-cü il tarixdə “Cinayət işinə baxılmasına xitam verilməsi və işin prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında Qərar” qəbul edilir.

Və oğlum Dadaşov Emil Rəfail oğlu törətmədiyi quldurluq cinayətində də təqsirli bilinərək haqsız cəza alır. Oğlum Dadaşov Emil Rəfail oğlu başqa cinayətləri törətdiyini istintaqa dərhal etiraf etmiş olsa da haqsız olaraq quldurluq cinayətində günahlandırılması barədə aidiyyəti orqanlara mütəmadi olaraq şikayət etmiş olsa da, istintaqa və məhkəmə istintaqı zamanı məhkəmə heyətinə, ittihamçı prokurora bildirsə də onun şikayətinə məhəl qoyulmamışdır.
HÖRMƏTLİ PREZİDENT! Sizdən Azərbaycan Respublikasının vətəndaşlarının konstitusion hüquqlarının qarantı kimi mən bir ana olaraq oğlum Dadaşov Emil Rəfail oğlunun törətmədiyi cinayət əməlində təqsirli olmadığının araşdırılaraq tədbir görülməsi üçün müvafiq orqanlara göstəriş vermənizi xahiş edirəm.

Sizə ümidlərimiz sonsuzdur.

Hörmətlə, Şəhla Manaf qızı Dadaşova
“10” aprel 2017-ci il

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR