Sifariş verdiyi arağı içmədiyi üçün burnunu sındırdı, sonra bıçaqlandı – “Nar” kafesindəki qanlı olay

Kafedə tanış olduğu şəxslə əvvəlcə mübahisə edib, daha sonra birlikdə spirtli içki içiblər. Amma sözləri yenidən düz gəlməyib və nəticədə kafedə qan tökülüb. Sərxoş olan hər iki şəxs indi etdikləri əməllərindən peşman olduqlarını deyirlər. Bıçaqlanan şəxs şikayətçi deyil.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Muradov Səbuhi Valeh oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O, Şəki rayon sakini Yusubov Mehmana bıçaqla ağır xəsarət yetirməkdə təqsirləndirilir.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

Sifariş verdiyi arağı içmədiyi üçün vurub

İttihama görə, Səbuhi Muradov Nəsimi rayonu ərazisində yerləşən “Nar” kafesində tanışları ilə yeyib-içib. O, sərxoş vəziyyətdə kafedə söyüş söyməyə, digər masalarda olan şəxsləri narahat etməyə başlayıb. Kafedə olan Mehman Yusubov Səbuhi Muradova sakit olmağı məsləhət bilib və bu xəbərdarlığa görə onlar mübahisə etməyə başlayıblar.

Kafedə olanların müdaxiləsindən sonra mübahisə sakitləşib və daha sonra onlar bir masa arxasında əyləşiblər. Mehman Yusubov masaya hər bir nəfər üçün 50 qram araq sifariş verib. Amma Səbuhi Muradov gətirilən arağı yerə tökərək narazılığını bildirib. M.Yusubov da Səbuhinin bu hərəkətinə qəzəblənərək onu vurub. Bu zaman S.Muradov kafenin mətbəxindən götürdüyü bıçaqla Yusubova zərbə endirib.
Hakim bildirib ki, əgər məhkəmə istintaqı zamanı S.Muradovun cinayət əməli öz təsdiqini taparsa, onu 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Bəlkə də içməyi bacarmamışıq…”

Məhkəmədə Səbuhi Muradov sərbəst ifadə verib. O, özünü təqsirli bildiyini, amma cinayət əməlini törədən zaman sərxoş olduğu üçün baş verənləri tam olaraq xatırlamadığını bildirib.

“Həmin kafenin yanındakı çörək sexində işləyən Şahin adlı şəxsdən pulumu almağa getmişdim. Onu bir az gözləməli olduğum üçün kafedə oturdum. Sonra yemək yedim. Vaxt var idi deyə xalam oğlanları Anar və Əsgərə də zəng elədim ki, gəlsinlər birlikdə çörək yeyək. Yemək yedikdən sonra xalam oğlanlarına dedim ki, gedək “Nar” kafesində pivə içək. Mənim orada münasibətdə olduğum Gülnar adlı qız işləyirdi. Birlikdə oraya gedib pivə içdik. Mən çox sərxoş idim. Kafedə olan digər müştərilərlə mübahisə etmişəm. Sonradan şahidlərdən öyrənmişəm ki, artıq hərəkətlər etdiyim üçün onlar da mənim kafedən çıxmağımı istəyiblər. Digər müştəriləri xalam oğlanları sakitləşdirib, məni oradan çıxarıblar. Məhəlləmizin yanından məni evə ötürüblər. Təəssüf ki, məni evə qədər aparmayıblar. Mən də yenidən kafeyə qayıdıb bu hərəkəti etmişəm”- deyə Səbuhi Muradov ifadəsində deyib.

S.Muradov onu da qeyd edib ki, kafeyə qayıtdıqdan sonra bıçaqladığı Mehman Yusubovla eyni masada oturublar. M.Yusubovun sifariş verdiyi arağı içmədiyindən aralarında mübahisə yenidən başlayıb və kafeyə ikinci dəfə qayıdarkən mətbəxdən götürdüyü bıçaqla ona bir zərbə vurub.
Hadisədən sonra evə gəldiyini deyən S.Muradov qorxduğu üçün polisə getmədiyini, ancaq qardaşının istəyi ilə polisə gedərək təslim olduğunu bildirib.

“Etdiyim əməlimdən çox peşimanam. Bəlkə də içməyi bacarmamışıq. Ona görə də belə iş baş verib”- deyə S.Muradov ifadəsini yekunlaşdırıb.
“Hərəyə 50 qram araq sifariş verdim”

Zərərçəkmiş Mehman Yusubov da məhkəmədə ifadə verirb. O, Səbuhi Muradovdan şikayətçi olmadığını, hadisənin içkili olduqları zaman baş verdiyini söyləyib.

O, məhkəmənin tələbi ilə hadisənin necə baş verməsini belə danışıb: “Kafedə oturub çörək yeyirdik. Sonradan adını öyrəndiyim Səbuhi də iki nəfərlə ora gəldi. Çox içmişdi. Səs-küy salırdı. Dedik ki, çıxıb getsin. Yanında olan şəxslər Səbuhini apardılar. Bir az keçəndən sonra geri qayıtdı. Təklif elədim ki, otursun söhbət edək. Bizimlə oturdu. Hərəyə 50 qram araq sifariş verdim. Amma Səbuhi içməyib yerə tökdü. Sonra da mənimlə mübahisə etməyə başladı. Cibindən bıçaq çıxarıb məni vurdu. Yanımda olanlar arxasınca getmək istəyəndə qoymadım. Dedim qoy getsin. Sonra polislər gəldi”.

Məhkəmədə təqsirləndirilən Səbuhi Muradovun xalası oğlu Anar və Əsgər Hacıyevlər də eyni məzmunlu ifadələr veriblər. Ancaq S.Muradovun qohumlarının dediklərində yeganə ziddiyyət belə olub ki, ilk mübahisədən sonra onlar Səbuhini kafedən çıxaran zaman Mehman Yusubov arxalarınca gəlib. Və onlara deyib ki, Səbuhinin kafeyə qayıdaraq onlarla bir masada əyləşməsinə icazə versinlər. Bundan sonra Səbuhi Mehmanla birlikdə kafeyə qayıdıb. Hacıyev qardaşları isə bundan sonra evə getdiklərini deyirlər.

Mehman Yusubov isə Səbuhi Muradovu ikinci dəfə kafeyə dəvət etməsi ilə bağlı deyilənləri xatırlamadığını söyləyib.

Məhkəmədə o da məlum olub ki, tərəflər arasında dava baş verərkən Səbuhi Muradovun burnu sındırılıb. Amma nə zərərçəkmiş tərəf, nə də həbs edilən Səbuhi bu haqda danışmayıb. Prokurorun sualına cavab verən Səbuhi Muradov isə burnunun kafedə baş verən dava zamanı sındırılmadığını deyir: “Onlar mənim burnumu sındırmayıb. Xatırlamıram”.

Bıçaqlanan Mehman Yusubov da dava başlayan zaman yumruq zərbəsi ilə Səbuhi Muradovun burnunu sındırması haqda ittihamda yazılanları təkzib edir.

Səbuhi Muradov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR