Stallone kinostudiyanı məhkəməyə verdi

Hollivud aktyoru Silvestr Stallone “Warner Brothers” kinoşirkətini məhkəməyə vermək qərarına gəlib. Aktyorun fikrincə, studiya 1993-cü ildə ekranlaşdırılan “Dağıdıcı” filminin gəlirlərini qəsdən gizlədib və onun payına düşən məbləği qədərində ödəməyib.

Qafqaznews.az “Report”a istinadən bildirir ki, bu barədə Stallonenin “Rogue Marble Productions” şirkətinin bəyanatına istinadən “Bloomberg” məlumat yayıb.

İddia mətninə əsasən, film dünya prokatında 159 milyon dollar gəlir gətirib, həmçinin VHS, DVD və digər daşıyıcılarda da yaxşı satılıb. Studiya ilə aktyor arasında bağlanan müqavilədə isə nəzərdə tutulub ki, aktyor gəlirlər 125 milyon dolları ötəcəyi təqdirdə məbləğin 15 faizinə iddialı olacaq. “The Hollywood Reporter” yazır ki, əgər “Dağıdıcı” 200 milyon dollardan çox gəlir gətirsəydi, Stallonenin payı 17,5 faizədək, 250 mln. dolları ötsəydi isə 20 faizədək yüksələcəkdi.

Eyni zamanda, hələ bu yaxınlarda “Warner Brothers” iddia edib ki, gəlir cəmi 68 mln. dollar təşkil edib. “Rogue Marble” aydınlıq gətirməsi üçün şirkətə müraciət etdikdə isə, cavabında onun hesabına əlavə izahsız 2,8 mln. dollar vəsait köçürülüb.

“Bu, beynəlxalq səviyyədə tanınmış istedada qarşı qəsdən edilmiş açıq-aşkar alçaqlıqdan xəbər verir”, – deyə “Rogue Marble” şirkətində məhkəmə iddiasını şərh ediblər.

WB-nin mətbuat katibi Cek Horner şərh verməkdən imtina edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR