“Suriyada təkcə Əsədin deyil, Putinin də taleyi həll oluna bilər” – PROQNOZ…

Bu gün dünyada baş verən ən önəmli hadisə ABŞ-ın Suriya aviabazasına raket zərbəsi endirməsidir desək, yanılmarıq. Bu zərbələr hədəf sahibi Suriyadan çox Rusiyanı sarsıdıb və demək olar ki, atılan 59 “Tomaqavk” Kremlin imici və ambissiyasına dəyib. Amerikalılar rusları bir neçə saat əvvəl xəbərdar edib ki, aviabazanı tərk edin. Bu xəbərdarlıq Kremli o qədər şoka salıb ki, yalnız -” bu ABŞ tərəfindən törədilən  təcavüz aktıdır” deyə biliblər. Bəşər Əsədin ən böyük aviabazası “Al-Şayrat”- 35 dəqiqə ərzində “şumlanıb”. Kremlin  nəzərinə o da çatdırılıb ki, Qərb ölkələrinin koalisiyası istənilən an, zərurət yaranarsa bunu təkrar edə bilərlər. Sanki bununla da Kremli Yaxın Şərqdən kənara tulladılar. Suriyada təkcə Əsədin deyil, Putinin də taleyi həll oluna bilər. Krım, Donbas əməliyyatlarını həyata keçirən Rusiyanın indi Suriyaya endirilən raket zərbələrini “suveren Suriyaya müdaxilə” adlandırması ikrah hissi yaradır və Kremlin qeyri-səmimiliyinə sübutdur.
ABŞ-ın bu addımının başqa tərəfləri də var. Prezident Tramp vəzifəsinin icrasına başladığı vaxtdan ən vacib qərarını verib və bu qərar o vaxt verilib ki, Çinin dövlət başçısı Si Tszinpin Amerikada rəsmi səfərdə olduğu dövrə təsadüf edib.  Çin rəhbərilə  görüşündə Tramp açıq şəkildə deyib ki, “dostluğumuz tez baş tutdu” və əlavə edib ki, “uzun müddətli perspektivdə bizim çox, çox yaxşı əlaqələrimiz olacaq və mən bunu səbirsizliklə gözləyirəm” . ABŞ-la Çinin gərgin münasibətdə olacağını da “səbirsizliklə” gözləyən Putinin xəyalları suya düşdü demək olar.
Nəticə budur ki, Tramp Putinlə görüşməyi planlaşdırmır, hətta ABŞ-ın dövlət katibi Tillersonun və Böyük Britaniya xarici işlər naziri Consonun Moskvaya səfərlri də təxirə salınaraq “başqa uyğun vaxta” keçirilib. Putinin tezliklə beynəlxalq tədbirlərdə görünməsi sual altındadır. Bu hadisə Rusiyanın daxilindəki müxalif qüvvələri də ayaqlandıracaq. Bu yaxınlarda keçirilən “antikorrupsiya etirazları”nın başqa ad altında genişlənməsi proqnozlaşdırılır.
Suriya hadisəsindən Azərbaycan diplomatiyası nəticələr çıxarmalı, perspektiv fəaliyyətdə hansı siyasi gedişlər edilməsini ölçülü-biçili şəkildə müəyyənləşdirməlidir. Suriya ,Ukrayna problemlərinin çözülməsi yaxınlaşır, Qarabağ münaqişəsi ön plana çıxacaq, o zaman düşmənin təşəbbüsü ələ almasına imkan verilməməsi üçün indidən məqsədyönlü fəaliyyətə keçmək lazımdır.
Moderator.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR