“Tikinti sektorunda qeyri-rəsmi məşğulluqla mübarizə üçün xüsusi layihəyə ehtiyac yoxdur”

“Yaxın vaxtda tikinti sektorunda qeyri-rəsmi şəkildə məşğulluğa cəlb edilən işçilərlə əlaqədar xüsusi layihə hazırlanacaq”. Bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, bu layihə qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına səbəb olacaq: “Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə əmək münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulur.

Bununla bağlı, xüsusi komissiya yaradılıb. Komissiyanın qarşısında duran ən mühüm vəzifələrdən biri odur ki, qeyri-rəsmi məşğulluq anlayışı aradan qaldırılsın. Yəni qeyri-rəsmi məşğulluq tədricən aradan qaldırılmalıdır. Qeyri-rəsmi məşğulluğa daha çox tikinti sektorunda rast gəlinir.

Qeyri-rəsmi məşğulluq işçilər qarşısında bir sıra öhdəliklərin yerinə yetirilməməsinə səbəb olur. Bu yolla işəgötürənlər vergi, sosial və digər məcburi ödənişlərdən yayınır. Qeyri-rəsmi məşğulluq aradan qaldırıldığı təqdirdə bu problemlər aradan qalxacaq. Mən inanıram ki, tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşümüz bir nəticə verəcək, onlar bütün işçilərini rəsmi şəkildə qeydiyyatdan keçirəcək” ( APA)

Məsələ ilə bağlı Respublika Həmkarlar Komitəsi tikinti sektorunun inspektoru Mahir İbrahimov LEGİON-a bildirib ki, xüsusi layihə barəsində məlumatı yoxdur: “ Əgər bizim komitə bu layihədə iştirak etsəydi mən bilərdim. Bu gün onsuz da qeyri-rəsmi məşğulluqla bağlı tədbirlər görülür. Əmək haqlarının banklar vasitəsil verilməsi buna nümunədir. 2017-ci ilin yanvarından əmək müqavilələri avtomatik olaraq ümumi informasiya sistemində yerləşdirilir. Ona görə də xüsusi layihəyə ehtiyac yoxdur”.

İbrahimovun sözlərinə görə, son vaxtlar tikinti sektorunda tənəzzül yaşanır: “ Sosial evlərin tikintisi bu sektoru canlandıra bilər”. Məsələ ilə bağlı Baş Məşğulluq İdarəsinin rəis müavini İbrahim Heydərov LEGİON-a bildirib ki, bu gün əmək müqaviləsi bağlanan kimi məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişiyinə daxil olur. Ona görə də xüsusi layihəyə zərurət görmürəm”.

Çingiz Rüstəmoğlu

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR